Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Peyğəmbərimiz Muhəmməd (s) bu gün aramıza gəlsə…

Muhəmmədi (s) başa düşmək…

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Həqiqətən bir şeyi başa düşmədən xatırlamaq, nə üçün edildiyi bilinməyən, lakin yerinə yetirilməsi zəruri olan vəzifə kimi qəbul edilir.

Belə olduqda, bir gün, bir həftə, yaxud ən çox bir illə məhdudlaşdırılan xatırlama tədbirləri həyata keçirilir. Tarixdə iz qoyan və ya tarixə istiqamət verən şəxslər xatırlanmağa deyil, başa düşülməyə layiqdirlər. Xüsusən, bu şəxs peyğəmbərdirsə… Son ilahi ismarışı gətirən, möminlər üçün lazım olan bütün gözəl xüsusiyyətləri həyata gətirən Muhəmməd (s) kimi bir peyğəmbəri həqiqi mənada başa düşməmək, onun gətirdiyi ilahi ismarışı tarixin müəyyən dövründə qoymaq deməkdir. Peyğəmbərimiz Muhəmmədin (s) vəfatından dövrümüzə qədər keçən müddətdə daha çox xatırlandığı, lakin daha az aydın olduğunu demək səhv olmaz. Peyğəmbərimizi başa düşmək tədbirlər həyata keçirib oturduğumuz yerdən salavat gətirməklə də olmur. Bu gün İslam dünyasına nəzər yetirdikdə, insanların Qurandan uzaqlaşdıqlarını, peyğəmbər və Quranın xatırlanmasına baxmayaraq, onların demək olar ki, insanlar tərəfindən başa düşülmədiyini görürük.

Əziz peyğəmbərimiz Muhəmməd (s) bu gün yenidən dünyaya gəlsə, həm müsəlmanların, həm də bəşəriyyətin bu ağır vəziyyətdə olduğunu görsə, həyatını həsr etdiyi ilahi bəyan olan Qurandan əsər-əlamət qalmadığını, müsəlmanların Allah və hesab günü yoxmuşcasına yaşadıqlarını, Allahın uzaq olmağı buyurduğu hər şeyi etdiklərini, İslamın şərəfinin ayaqlar altına atıldığını görər, məyus olaraq dərin kədər hissi keçirərdi.

Peyğəmbərimiz Muhəmməd (s) bu gün gəlsə, özündən sonra onun adından uydurulan və diniləşdirilən bu qədər şeyi görüb heyrətlənəcək, özündən sonra yeni din ortaya atıldığına şahid olacaq, beləliklə, “Müsəlmanlar haradadır?” deyəcək.

Peyğəmbərimiz Muhəmməd (s) bu gün gəlib insanlara Allahın dinini yenidən təbliğ etsə, insanların əksəriyyəti tərəfindən təzyiq görəcək, eynilə Məkkə müşriklərinin ona qarşı etdikləri kimi azğınlıq və dəliliklə ittiham olunacaq.

Peyğəmbərimiz Muhəmməd (s) bu gün gəlsə, bu gün yer üzündə qarşıdurmalar nəticəsində ölən hər yüz müsəlmandan doxsanının elə müsəlmanlar tərəfindən öldürüldüyü, qadınların zülm və insanlıqdan kənar davranışlara məruz qaldığı, cahilliyin hökm sürdüyü, məzhəb mübarizələrinin olduğu Yaxın Şərqi görəcək.

Peyğəmbərimiz Muhəmməd (s) bu gün gəlsə, dünyanın ən geri cəmiyyətlərindən biri olan ərəblərin dünyanın ən inkişaf etmiş topluluğu olmasından əsər-əlamət qalmadığını, əlli yeddi müsəlman ölkəsinin istehsalının bir Almaniya qədər etmədiyini, eləcə də elm və texnologiyadakı gerilikləri görəcək, bəlkə də “Geriliyinizin səbəbi İslam deyil sizsiniz!” deyəcək.

Peyğəmbərimiz Muhəmməd (s) bu gün gəlsə, ədalətsiz gəlir bölüşdürülməsi, bir yanda zövqü-səfa içində yaşayanlar, digər tərəfdə çətinliklə yaşayan izdihamı görəcək, böyük ədalətsizliklərin şahidi olacaq.

Peyğəmbərimiz Muhəmməd (s) bu gün gəlsə, sülh və əmin-amanlıq dini olan İslamın qorxu dininə çevrildiyini, inanılacaq şəxslər olan müsəlmanlardan uzaqlaşıldığını, əksər müsəlmanların azğın düşüncəli insanlar tərəfindən çaşdırıldığını görəcək.

Peyğəmbərimiz Muhəmməd (s) bu gün gəlsə, qardaşlıqdan, sevgidən, hörmətdən, ədalətdən, elmdən, anlayışdan, yalnız Allahın bəndəsi olub bu məsuliyyətlə yaşayanlardan əsər-əlamət qalmadığını görəcək, “Mən sizə belə bir din təbliğ etmədim” deyərək yəqin ki, hesab günü axirətdəki şikayətini burada da ifadə edəcəkdi: “Ey Rəbbim! Şübhəsiz ki, topluluğum bu Quranı tərk edilən bir kitaba çevirdilər”. (“Furqan” surəsi, 30)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...