Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qadın mollalar və ağı biznesi – YENİ TƏKLİFLƏR – Araşdırma

Məgər peyğəmbər özü və ya səhabələri din xadimi idi?

Azərbaycanda yas mərasimlərində idarəçiliyi öz üzərilərinə alan din xadimləri əksəriyyət tərəfindən narazılıqla qarşılanır. Qadın məclislərini idarə edən ağıçı və qadın mollalar isə daha çox etirazlara səbəb olurlar. Müşahidəçilərin qeydinə görə, həddən artıq cahil təsiri bağışlayan bu ağıçılar məclisdə iştirak edən savadlı və dünyagörüşlü xanımları daha çox qıcıqlandırırlar. Yas mərasimində mərsiyə deyən mollanın yeri gəldi-gəlmədi qadınların üzərinə çığırması, hətta danlaması çoxlarına bəllidir. Ölkədə təhsilli, dünyagörüşlü qadın din xadimlərinin olmasına həqiqətən də ehtiyac hiss olunur.

Elə bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da mediaya açıqlamasında eyni fikirləri bildirib: “Qadınların dini xarakterli məclislərdə iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır”.

O bildirib ki, məscidlərdə çalışan din xadimlərinə, dini icmalarda fəallıq göstərən, bu və ya digər dini icma üzvü, yaxud rəhbəri olan qadınlara da maddi dəstək verilir:
“Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə müəyyən layihələr həyata keçirilir ki, bu layihələrdə dini icmalar yaxından iştirak edirlər. Azərbaycanda din sahəsində çalışan və icma rəhbəri olan xanımlar da var. Bunu nəzərə alaraq İlahiyyat İnstitutunda da kadrların hazırlığı aparılır”.

Komitə sədri qeyd edib ki, gələcəkdə məscidlərdə xanımların dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır və bu, təcrübədə hələlik tətbiq olunmur:

“Xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak edə bilərlər. Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müzakirə olunur”.

Din.az-ın xəbərinə əsasən, mövzu ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq İlahiyyat İnstitutun mətbuat xidmətindən bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutu da, ümumilikdə, 109 tələbə təhsil alır:

“Onlardan 41%-ni qızlar, 59%-ni oğlanlar təşkil edir. Bu, isə o deməkdir ki, ümumi tələbələrin, təxminən, yarısının xanımlardı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da bildirdiyi kimi, Azərbaycanda qadın din xadimlərinə ehtiyac duyulur. Vurğulayaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin müavinlərindən biri qadındır. Məscidlərdə fəaliyyət göstərən dini icma sədri olan xanımlarımız da var. Həmin xanımlar arasında bu ildən etibarən maddi dəstək alan şəxslər mövcuddur. Eyni zamanda, bu və ya digər dini xarakterli məclislərdə iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır.

Azərbaycan İlahiyyat İnstitutu bu sahədə kadr hazırlığı həyata keçirməklə ölkəmizdə savadlı, zəngin dünyagörüşü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçılar yetişdirməyi qarşısına məqsəd qoyub. Ali təhsil müəssisəsində xanımlar arasında kifayət qədər din xadimi kimi işləmək istəyən tələbələrimiz var”.

Məlumatda həmçinin qeyd edilib ki, tələbələr arasında ixtisası təsadüfən seçənlər olsa da, onlarda öz sahələrinə maraq yaradıla bilib:

“İnstitutda iki ixtisas mövcuddur – dinşünaslıq və islamşünaslıq. Bu ixtisaslar üzrə ali təhsil müəssisəsində Heydər Əliyev və Şeyxülislam təqaüdləri var ki, il ərzində ən yaxşı göstəricilərə malik tələbələrə verilir. Bu il islamşünaslıq ixtisası üzrə Şeyxülislam təqaüdünü də xanım tələbəmiz alır.

Əsl islamşünas yetişdirə biləcəyimiz gənclər kifayət qədərdir. Onlar din xadimi kimi fəaliyyət göstərəcəklər. Bu səbəbdən, tələbələrimizin din xadimi olmaqda marağı bizim üçün əhəmiyyətlidir. Eyni zamanda, ixtisasa maraq onlarda dərslərinə qarşı məsuliyyətli olmağa gətirir.

Ümumiyyətlə, institutda hər bir tələbəyə xüsusi diqqət yetirilir. Onlar ilə fərdi qaydada söhbətlər aparılır. Hər hansı ehtiyacları olarsa, bu, institut tərəfindən qarşılanır.

İlkin olaraq təhsil prosesini iki hissəyə bölmüşük ki, birincisi, tədris prosesidir. Bundan başqa, institutda əlavə kurslar təşkil olunur. Bu kurslar tamamilə ödənişsizdir. Kurslarda ərəb və ingilis dilləri öyrədilir.

Həmçinin institutda davamlı olaraq müxtəlif seminarlar, görüşlər, “dəyirmi masa”lar, tədbirlər keçirilir. Seminarlar müxtəlif elmi mövzularda təşkil olunur. Görüşlərdə Azərbaycan yazıçıları, millət vəkilləri, ziyalılar tələbələrlə səmimi ünsiyyət qurur, qarşılıqlı fikir mübadiləsi aparılır.

Tələbələrin hazırlanması üçün vacib olan bütün işləri həyata keçiririk. Eyni zamanda, onların milli-mənəvi dəyərlərə sadiq, sağlam ruhda böyümələri üçün lazımi tədbirləri görürük. Tələbələrimizin Cocuq Mərcanlıya, Qəbələnin Nic kəndinə, Şamaxı və Quba rayonlarına ekskursiyalarını təşkil etdik. Məqsədimiz gəncləri ölkəmizdə mövcud olan dini abidələrlə yaxından tanış etməkdir”.

İlahiyyatçı Elşad Miri isə bildirib ki, islam dinində Allahla insan arasında heç bir vasitə olmamalıdır:


“Əslində yas mərasimlərində din xadimlərinin olmasının əleyhinəyəm. Bu günləri din xadimi olan qadınlar tələb olunursa, bunların adını yalnız mən din biznesmenləri qoya bilərəm. Çünki onlar dindən sui-istifadə edən, dini satan insanlardır. Bu xidmət müqabilində pul alınırsa, yas biznesi qurmaqdı. Bunlar doğru yanaşma deyil və bununla heç bir şəkildə razılaşa bilmərəm, onların bu davranışlarını da qəbul etmirəm.

Məgər peyğəmbər özü və ya səhabələri din xadimi idi? Və yaxud da onlar din xadimliyi edərək pul qazanırdılar?”.

İlahiyyatçı əlavə edib ki, Quranda Yasin surəsinin 21-ci ayəsində deyir ki, sizdən heç bir muzd, mənfəət gözləməyən adamlara tabe olun:
“Vəssalam, əsas budur. Həm də yas mərasimlərində onsuz da uzaqdan və yaxından gələnlər görüşüb, söhbət edirlər, heç orada olan din xadiminə qulaq da asmırlar. Ona görə də bu məsələlərin artıq yeni bir ənənəyə fərqli şəkildə çevrilməsinin tərəfdarıyam. Məsələn, Türkiyədə məclislərdə gələn şəxslər baş sağlığı verib, gedirlər. Yoxsa gəlib orda üç¸ yeddi, cümə axşamı, qırx kimi adlandırdığımız yas mərasimlərini vermirlər. Bunlar dini standartlara heç bor dəxili olmayan məsələlərdir”.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov isə deyib ki, Azərbaycan dünyəvi ölkədir və din dövlətdən ayrıdır:


“Bununla belə, ölkə mürəkkəb coğrafiyada yerləşdiyi üçün və müəyyən risklər nəzərə alınaraq dövlət eyni zamanda din məsələsinə nəzarət də edir. Bildiyiniz kimi, təxminən 3 min nəfərə yaxın azərbaycanlı xaricdə dini təhsil alıb. Eyni zamanda indiyədək Bakı İslam Universitetində təxminən 3850, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 819 nəfər dini təhsil alıb.

Dünyanın əksər ölkəsində dini təhsil mövcuddur, Azərbaycanda da ilahiyyat təhsili verən Bakı İslam Universiteti və İlahiyyat İnstitutu kimi ali təhsil ocaqları var. Amma bu ali təhsil müəssisələrinə qəbul imtahanlarında az bal toplayan şəxslər qəbul olduğu üçün bu sahədə müəyyən problem var.

Etiraf edək ki, son 25 ildə yüzlərlə şəxsin Səudiyyə Ərəbistanında, minlərlə gəncin İranda, bundan əlavə çoxlu sayda vətəndaşımızın Suriya, Misir, Liviya, Pakistan, Malayziya, Rusiya (Dağıstan) və Türkiyədə dini təhsil alması diqqətdən yayına bilməz. Xaricdə təhsil alanların ölkədə təhsil alanların sayından xeyli çox olması dini təhsil sahəsində mövcud və potensial problemlərin miqyasından xəbər verir. Vətəndaşlarımızın qeyd edilən müsəlman ölkələrində dini təhsil almalarını Azərbaycanda oturuşmuş din təhsilinin olmaması ilə əlaqələndirmək də olar. Üstəgəl, vaxtı ilə Azərbaycanda xarizmatik din xadimlərinin olmaması, dini bilgi verən institutların qıtlığı da buna təsir edir. Xaricdən gələn təhlükələrin qarşısını almaq üçün İlahiyyat İnstitutunda dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə dövlətin maraqlara uyğun məlumatlar da aşılanır”.

Təhsil eksperti hesab edir ki, ölkədə fəaliyyət göstərən dini ali və orta ixtisas təhsili müəssisələrində məqsəd məzunların əxlaqı, mənəviyyatı təbliğ edən din xadimi kimi yetişməsini təmin etməkdir və buna müəyyən qədər nail olunub:

“Amma bu müddət ərzində daha çox kişi ali və orta ixtisas təhsilli kadrlar yetişdirilib. Qadınlar arasında da savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsinə ehtiyac var. Bu gün İlahiyyat İnstitutunda dini biliklərlə yanaşı dünyəvi elmlər də tədris olunur ki, bu da olduqca müsbət tendensiyadır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...