Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qadın mollalarla bağlı təklif həyata keçiriləcək

“Dünyanın bir çox müsəlman ölkələrində ilahiyyatçı qadınlar var”.

Xəbər verdiyimiz kimi məscidlərə qadın mollalar da təyin ediləcək.

Din.az bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rəhimə Dadaşova “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Maraqlıdır, qadın mollalar hansı kriteriyalara əsasən məscidlərə götürüləcək?

Qadın mollaların ali təhsil alması həyata keçiriləcəkmi?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.

“Qadın mollaların hansı kriteriyalara əsasən fəaliyyət göstərəcəyi barədə dəqiq bir söz deyə bilmərəm. Sadəcə olaraq qadın din xadimlərinin yetişdirilməsi təklif olunur. Bu təklifə müsbət yanaşıram. Qafqaz Müsəlmanları İdarəsində də bu məsələ mütəmadi olaraq müzakirə olunur. Azərbaycanda dini təhsilin keyfiyyətinin artırılması istiqamətində ciddi addımlar atılır. Yaxın vaxtlarda açılan Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İslam Universitetinin fəaliyyət göstərməsi buna dəlildir. Çünki bu təhsil ocaqlarında mütəxəssislər yetişdirilir. Bu sahədə mütəxəssislərin olması çox vacibdir. Bu, müəyyən təsirlərdən sığortalanmağa xidmət edir. Qadın ilahiyyatçıların olması çox zəruridir. İslam ali təhsil ocaqlarında yaxın zamanlarda qızların təhsil alması barədə addım atılacaq”.

Həmsöhbətimiz deyir ki, dünyanın bir çox müsəlman ölkələrində ilahiyyatçı qadınlar var.

“Məsələn, qonşu Türkiyədə yüksək peşəkar ilahiyyatçı xanımlar daha çoxdur. Həmin xanım ilahiyyatçılar qadın məclislərində iştirak edirlər. Azərbaycanda da bu zəruri addımdır. Ümid edirəm ki, yaxın vaxtlarda qadın mollalarla bağlı təklif həyata keçiriləcək. Savadsızlıq olan yerdə xurafat həmişə ayaq açır. İndi qadınların da dinə marağı var və onlar arasında molla olmaq istəyənlər də çoxdur. Bu ehtiyacın ödənilməsi zəruri addımlardan biridir”.

QMİ nümayəndəsi bildirib ki, təklif həyata keçirilən zaman qadın mollalar da kişi mollalar kimi məscidlərdə, mərasimlərdə iştirak edəcək.

“Ümumilikdə din xadimləri ilə bağlı bir çox işlər görülür. QMİ də din xadimlərinin təkmilləşdirilməsinə səy göstərilir. Hətta QMİ tərəfindən müəyyən vəsiqələr təqdim olunur ki, yalnız bundan sonra dini ayinləri icra etmək hüququ qazanırlar. Eyni proses qadınlar arasında da həyata keçiriləcək. Bu məsələ bir ya da iki günə həll edilməsə də güman ki, olacaq. Sadəcə olaraq İlahiyyat İnstitutu, Bakı İslam Universitetində təhsil almaq üçün qadınların maraq göstərməsinə çalışmaq lazımdır. Bu sahədə onların sayını çoxaltmaq gərəkdir”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...