Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfrans keçirilib

Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhu yad edilib.

Bu gün Bakıda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfrans keçirilib.

Din.az Trend-ə istinadən bildirir ki, tədbirdə türkiyəli qonaqlar, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirə Türkiyədən olan qonaqlar da böyük heyətlə qatılıblar. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər.

Tədbiri giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını tarixi faktlarla təhlil edib.

Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunan ATXƏM sədri qeyd edib ki, iki ölkə arasındakı münasibətlər hər zaman dünyaya örnək olub. İctimai Birlik sədri bildirib ki, “XXI əsr türk əsridir” deyənlər zamanında bunun konturlarını müəyyən ediblər və bu gün biz mərhələ-mərhələ ona doğru irəliləyirik.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da 15 sentaybr tarixinin əhəmiyyətindən danışıb və bu günü bayram kimi xarakterizə edib. Ə.Amaşov Azərbaycan və Türkiyənin çətin günlərdə bir-birinə yardım etdiyini deyib və qarşılıqlı münasibətlərin, əlaqələrin hər ötən gün daha da inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki, Nuru Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur:

“Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Qafqaz İslam ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə ölkəmizə qarşı soyqırımı dayandırdılar, Bakını erməni-bolşeviklərin işğalından xilas etdilər. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir. 15 sentyabr göstərdi ki, güc birlikdədir, dost çox ola bilər, ancaq qardaşlıq başqadır və Azərbaycan ilə Türkiyə qardaşlığın əsl nümunəsini göstərdi”.

Tədbirdə çıxış edən İSTAD sədri Səfər Karakoyunlu bildirib ki, 1918-ci ildə Azərbaycan böyük çətinliklər yaşayıb:

“O zaman Türk Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəldi. Əgər bu gün biz Bakının azad olunmasını qeyd ediriksə, bunu o zamankı türk və Azərbaycan əsgərlərinə borcluyuq. Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı davam edir. Azərbaycanda bir hadisə olan zaman Türkiyə ayağa qalxır, Türkiyədə bir hadisə olan zaman Azəərbaycan ayağa qalxır. Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. Azərbaycan-Türkiyə qardaşlığı tarixdə qızıl hərflərlə yazıldığı kimi bundan sonra da belə olacaq. Türkiyə Azərbaycan qardaşlığı ətlə dırnaq kimi bir birinə bağlıdır”.

Daha sonra çıxış edən natiqlər – MQF sədri Rauf Zeyni, türkiyəli qonaq Bahaddin Miral və digər ziyalılar da 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs ediblər.

Qeyd edək ki, tədbir daha sonra Rəşid Behbudov adına Mahnı Teatrında “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu -100” adlı ədəbi-bədii hissə ilə davam edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...