Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qəddafinin qorxusundan “penalti” vurmaq istəməyən futbolçular – Azərbaycanlı tərcüməçinin xatirələri

Liviyada tərcüməçi işləyən azərbaycanlının maraqlı xatirələri…

Hazırda bütün dünyanın diqqəti bir əsas olaya- Rusiyada keçirilən futbol üzrə dünya çempionatına yönəlib. Sosial şəbəkələrdə, çayxanalarda, iş yerlərində, bir sözlə, hər yerdə əsas müzakirə obyekti elə dördilliyin bu ən böyük futbol hadisəsidir.

Din.az Moderator.az-a istinadən bildirir ki, təqdim olunan bir xatirədə söhbət futboldan gedəcək. Amma bu tamam başqa futboldur. Fərqi nədir? Xatirəni oxuduqca görəcəksiniz.

Qurani-Kərimin tərcüməçilərindən biri, tanınmış şərqşünas Nəriman Qasımoğlu bir zamanlar son illərdin dünya gündəmi olan – məlum səbəblərdən- Liviyada tərcüməçi işləyib. Liviya Afrika kubokunun finalında Qana millisi ilkə oynayarkən, həmin dramatik maçın canlı şahidi olub.


Gəlin, biz yox, elə Nəriman müəllimin özü danışsın. Biz isə indiki dünya futbolundan çox uzaq olan bir oyun haqqında maraqlı məqamları oxuyaq:

1982-ci ilin 19 martı idi, Liviyada mütərcim işləyirdim. Həmin gün Tripolidə Afrika çempionatının həlledici matçı keçirilirdi. Matçı canlı izləmək üçün stadiona getmək istəyirdik. Sovet rəhbərliyi bizi qapalı mühitdə çalışdırdığından belə tədbirlərdə iştiraka icazə verməzdi. Bakıdan olan dostlarımla DTK nəzarətçisini inandıra bilirik ki, Liviya və Qana yığmalarının üz-üzə gəldiyi bu oyunu liviyalılar udarsa, növbəti rəsmi danışıqlarda ölkənin çempion olması münasibəti ilə ərəb həmkarlarımızı təbrik edərkən deyərik sizə azarkeşliyi canlı olaraq stadionda etmişik…

Deməli, gəlirik stadiona, yerlərimizi axtarıb tapırıq, əyləşmək istəyirik, amma baxırıq ətrafdakıların hamısı biletlə nəzərdə tutulan yerlərində ayaq üstədirlər, oturmurlar, elə beləcə həyəcan içində oyunun başlamasını gözləyirlər.

Oyun başlayır, biz də məcburuq yerimizdən qalxıb matçı ayaq üstə izləyək. Yanımızdakılar liviyalı azarkeşlərdir, hələ ortada ciddi bir şey baş verməyib, bunlar ilk saniyələrdən bağıra-bağıra komandalarını ruhlandırırlar. Laqeyd qalmaq mümkün deyil, biz də bir-birimizin üzünə gülümsəyə-gülümsəyə onlara qoşulub Liviya komandasını ruhlandırmaqla məşğuluq. Zalım azarkeşlər də oturmaq bilmirlər ki, bilmirlər… Boğazlarının damarları bağırmaqdan şişib. Əcnəbi olduğumuzu bilirlər, onların komandasına azarkeşlik etdimizdən məmnundurlar, ara bir özləri ilə gətirdikləri termoslardan bizə çay süzürlər. Biz də bu ləzzətli çaydan xeyli məmnun.

Xülasə, oyunun gərgin bir dəmində Qana bir topu Liviyanın qapısından keçirir.
Bir haşiyə çıxıb deyim ki, biz azərbaycanlılar “Neftçi”nin qapısından top keçəndə ona öyrəncəli idik ki, stadionda ya qapıçını, ya da oyunçularımızı ağır sözlərə qərq edək, fitə basaq və s. Doğrudur, bizdə vəziyyət o zamanlar başqa idi, yazıçılarımız futbol məğlubiyyətlərimizi sadəlövhlüklə komandamızın beynəlmiləl tərkibi ilə əlaqələndirməyə meylli idilər.

İndi bizə təəccüblü gəlirdi ki, liviyalılar qapılarından keçmiş bu qoldan sonra daha böyük ehtirasla komandalarına dəstək verir, bağıraraq onları ruhlandırırlar. Onların bu hərəkəti xoşumuza gəlir. Liviya komandasının kapitanı İsəvi adlanan biridir. Bir də eşidirik stadion xorla şüar səsləndirir: “Quul, li-Muammar eş binaquul, yə İsəvi, ruddu-l-quul”. Şeir misrası kimi səslənən bu ifadənin məzmunu belədir ki, yəni bizə qol vurulub, Miammara (yəni Liviya lideri Qəzzafiyə) nə deyəcəyik, üzünə necə baxacağıq, ey İsəvi, qaytar bu qolu rəqibin qapısına. Biz də bu ifadəni qışqırır və yenə ayaq üstə çay qonaqlığına layiq görülürük.

Liviyalı oyunçular xeyli ruhlanıblar, matçın ikinci yarısını az qala tam heyətdə Qananın qapısı qarşısında keçirirlər. Vəziyyət çox dramatikdir, bilmirik oyuna baxaq, yoxsa ehtiraslanan azarkeş kütləsinin hərəkətlərinə. Azarkeşlər o qədər həyəcanlıdırlar ki, diz çöküb əllərini göyə qaldıraraq Allahdan yardım istəyən kim, dəlicəsinə bağıran kim. Liviyalıların cəhdləri nəticəsiz qalmır. 70-ci dəqiqədə Qananın qapısından bir top keçirib hesabı bərabərləşdirirlər. Və elə bu an ehtiraslarını cilovlaya bilməyən azarkeşlər yerlərini tərk edib axışırlar futbol meydançasına ki, oyunçularını öpsünlər, qucaqlasınlar, başları üstünə qaldırsınlar və s. Polis müdaxilə edib aranı sakitləşdirir, adamları məcbur edir meydançadan çıxsınlar. Biz azərbaycanlılar isə yerimizdəyik, təbii…
Oyun 1-1 hesabı ilə bitdiyinə görə əlavə edilən 30 dəqiqəlik vaxtda da hesab dəyişmir. Penaltilər işə düşür. Azarkeşlər nəfəslərini içlərinə alıb həyəcan içindədirlər. Liviyalı oyunçulardan isə heç biri penaltiyə yaxın düşmək istəmir, məşqçinin təyin etdikləri etiraz edirlər ki, qoy bu zərbələri başqaları vursun. Nə isə…

11 metrlik zərbələrin vurulması başlayır. Rəqiblər bir-birinin qapısından ardıcıl beş topu keçirirlər. Liviyalıların vurduğu hər uğurlu zərbədən sonra azarkeşlərin nəfəslərini dərməsi stadionda bir uğultu dalğası yaradır. 6-cı penaltini Qananın qapıçısı tutur, ardınca da Liviyanın qapıçısı. 7-ci penaltiyə yaxınlaşan liviyalı hücumçunun halı özündə deyil. Məşqçidən bir də xahiş edir onu bu məsuliyyət azad etsin. Məşqçi dirənir. Vurduğu topu Qanalı qapıçı yenə tutur. Qanalı hüçumçunun vurduğu penalti isə çempionatın taleyini həll edir. Stadion yas içindədir. Sakitcə için-için ağlayanlar da var.
Biz azərbaycanlılar isə liviyalıları pəjmürdə ovqatda qoyub evimizə gedirik Novruz bayramını qeyd edək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...