Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Qısa İslam Ensiklopediyası” ictimaiyyətə təqdim edildi

“Qısa İslam Ensiklopediyası” kitabı İslam dini barədə ümumi və obyektiv təsəvvür formalaşdıracaq.

Ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” ilə bağlı Prezident Administrasiyası rəhbərinin Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdi. Həmin Tədbirlər Planında əksini tapmış vacib məsələlərdən biri də Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün “Qısa İslam ensiklopediyası”nın hazırlanması və nəşri idi. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva və digər mütəxəssislərdən ibarət redaksiya heyəti yaradılmış və “Qısa İslam ensiklopediyası” hazırlanaraq çap olunmuşdur.

Din.az bildirir ki, böyük zəhmətin və həssas yanaşmanın nəticəsi olan ensiklopediya hazırlanarkən ona daxil edilən hər bir termin və anlayışın məzmunu dəfələrlə müzakirə olunub, ekspertiza edilərək bir daha aydınlaşdırılıb, məqalələr müvafiq qurumlara göndərilərək baxılıb, redaksiya heyətinin üzvlərinin, eyni zamanda bu sahənin ekspertlərinin tövsiyə və təklifləri nəzərə alınıb. Xüsusi diqqət yetirilən məsələlərdən biri məqalələr hazırlanarkən hər hansı formada məzhəb təəssübkeşliyinə yol verilməməsi olub.

Ensiklopediya əsasən uşaq və yeniyetmələr üçün nəzərdə tutulsa da, əslində geniş oxucu kütləsinə xitab edir. Yaradıcı heyətin gərgin əməyi sayəsində izahı bir neçə sətirlik terminlərdən tutmuş irihəcmli məqalələrədək hər bir yazı maraqla oxunur. Özünün rəvan dili, yaradıcı üslubu ilə oxucunu zəruri informasiya ilə təmin edən, 750-ə yaxın məqalədən ibarət ensiklopediyanın hazırlanmasında bütün yaş kateqoriyaları nəzərə alındığından məqalələr mümkün qədər sadə, anlaşıqlı və axıcı dildə yazılıb. Üzərində Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər məscidinin təsvir olunduğu nəfis mavi-göy cilddə tərtib olunmuş ensiklopediyanı vərəqləyərkən, oxucu İslam dini, məzhəb və təriqətlər, tarixi şəxsiyyətlər, dilimizdə çox işlədilən dini terminlər və s. haqqında bilgilərlə tanış ola bilər. Din kimi həssas bir sahədən bəhs edən ensiklopediyanın peşəkar səviyyədə hazırlanması üçün bir çox ölkənin təcrübəsi araşdırılıb, məqalələr yazılarkən lakoniklik, konkretlik və obyektivlik prinsiplərinə əməl olunub. Bu zaman müxtəlif dillərdə çap olunmuş elmi, dini ədəbiyyata, internet resurslarına, xüsusən də ölkəmizdə işıq üzü görmüş nəşrlərə müraciət edilib.

Tədbirlər Planında belə bir ensiklopediyanın nəzərdə tutulması Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin, xüsusilə də dinimizin təbliği və dini maarifləndirmə istiqamətində atdığı addımlardan biri kimi dəyərləndirilməlidir. Əsas məqsəd milli-mənəvi dəyərlərimizin, əsrlərdir ölkəmizdə formalaşan və xalqın həyat tərzinə çevrilən tolerant və multikultural mühitin qorunması, dini radikalizmin, ekstremizmin, ayrı-seçkiliyin qarşısının alınması, gənclərdə əxlaqi-mənəvi keyfiyyətlərin yüksəldilməsidir. Çünki araşdırmalar göstərir ki, dini məlumatı zəif olan insanlar dini radikalların təsir dairəsinə daha tez düşürlər, düzgün öyrənilməyən dini bilgilərin yerini isə səhv, radikal fikirlər, mövhumat və xurafat tutur. Odur ki, vətəndaşlarımız, xüsusilə uşaqlar və yeniyetmələr arasında maarifləndirmə daha çox aparılmalıdır.

Dinlə bağlı müxtəlif məzmunlu kitabların çox olduğu bir dövrdə ensiklopediyanın hazırlanmasına xüsusi diqqət yetirilməsi isə zərurətdən yaranıb. Belə ki, müasir insan müxtəlif sahələrə aid konkret bilikləri tez bir zamanda əldə etməyə meyil göstərir. Bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən ensiklopediyalar bu baxımdan olduqca dəyərlidir. “Qısa İslam ensiklopediyası” da hazırlanarkən bu prinsipə əməl edilib, sözlər əlifba sırası ilə tərtib olunub, oxucuda daha dolğun təsəvvür yaratmaq məqsədilə müxtəlif dini abidələrin, görkəmli şəxsiyyətlərin rəsmlərinin, İslam-Şərq miniatürlərinin və s. müşayiəti ilə verilib. Ensiklopediyanın fərqli xüsusiyyətlərindən bir də ondan ibarətdir ki, bu sanballı nəşr düşünülmüş, biçimli bir sxem əsasında qurulub. Məsələn, ensiklopediyada görkəmli şəxsiyyətlərdən, elm, din xadimlərindən bəhs edən məqalə başlıqlarında onların bəzilərinin ad və soyadları, bəzilərinin isə künyə, yaxud nisbəsi verilib. Bu da onların daha çox həmin təxəllüs, künyə və ya nisbə ilə tanınmasından irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, haqqında bəhs olunan şəxsiyyətlər təkcə din alimləri deyil, digər sahələrdə də məşhurlaşmış müsəlman, Şərq alimləri, yazıçı və şairləridir.

Ümid edirik ki, nəşr oxucular tərəfindən maraqla qarşılanacaq, İslam dini barədə ümumi və obyektiv təsəvvür formalaşdıracaq, gələcəkdə bu sahədə daha irihəcmli ensiklopediyaların yaranmasına güclü təkan verəcəkdir.  / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...