Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ sədri Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin iclasında iştirak edib

“Ölkəmizdə dinlər və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı təbliği prioritet olacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə səfərdə olduğu Avstriyanın paytaxtı Vyanada KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 20-ci sessiyasında iştirak edib.

Din.az-ın məlumatına əsasən, QMİ-dən “Report”a bildirilib ki, A.Paşazadə bir il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunan “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) təşkilatçılığı ilə 2018-ci il ərzində Avropada keçirdiyi 2 irimiqyaslı beynəlxalq konfrans barədə Şura üzvlərinə məlumat verib.

Bu tədbirlərdə KAICIID rəhbərliyi – Baş katib Feysal bin Muammara, Baş direktor Fahad Abulnasra, Baş katibin müavini səfir Alvaro Albasete və Direktorlar şurasının üzvü Məhəmməd Sammaka fəal iştiraklarına görə xüsusi minnətdarlığını bildirən QMİ sədri yaxın dövr ərzində BCIC-in yeni mühüm addımlar atmağa hazırlaşdığını diqqətə çatdırıb: “Azərbaycanda elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illərinin ardınca Prezident İlham Əliyevin 2019-cu ili böyük İslam mütəfəkkiri, Azərbaycanlı alim və şair İmaməddin Nəsimi ili elan edib. BCIC xəttilə cari il ərzində müxtəlif lokal və beynəlxalq tədbirlər keçiriləcək və həmin tədbirlərdə dinlər və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı təbliği prioritet olacaq”.

A.Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAİCİİD Dialoq Mərkəzi ilə müştərək 19-20 iyun tarixlərində Vyanada keçirilməsi nəzərdə tutulan “Dinlərarası və Sivilizasiyalararası əməkdaşlıqdan ümumbəşər həmrəyliyə doğru” mövzusunda Beynəlxalq Konfrans barədə Şura üzvlərini məlumatlandırıb. KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri Vyana Beynəlxalq Konfransının keçirilməsi kimi mühüm təşəbbüsü yekdilliklə bəyənərək, bu mötəbər forumda həmtəşkilatçı qurum olaraq çıxış edəcəkləri barədə qərar qəbul ediblər.

Sessiyanın ikinci bölməsində Azərbaycan və Avstriya hökümətlərinin müvafiq dövlət qurumlarının həmtəşkilatçılığı ilə baş tutacaq adıçəkilən Vyana Beynəlxalq Konfransının təqdimatı keçirilib.

Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının iki gün davam edən sessiyasında Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr, habelə bu regionlarda baş verən mühüm hadisələrə dair müzakirələrdə iştirak edən QMİ sədri məsələlərə dair öz fikirlərini bölüşüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...