Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Quranda 6666, yoxsa 6236 ayə var?

Bəzi alimlər Quranda tək ayə olaraq qeyd edilmiş bəzi ayələri 2 və ya 3 ayə kimi qəbul edirlər.

 SUAL: Bizə belə öyrədilib ki, Quranda ümumilikdə 6666 ayə var. Lakin mən oturub özüm saydım: 6236 ayə çıxdı! Quranda həqiqətdə neçə ayə var? Bu 6666 rəqəminin mənbəyi nədir?


 

Cavab: Quran ayələrinin ümumi sayə barədə alimlərin müxtəlif rəyi var. Bu fərqin də müəyyən səbəbləri var. Bu səbəbldənri aşağıdakı kimi qruplaşdırmaq olar:

– bəzi alimlərin Quranda ayənin axırı (son) kimi qəbul etdikləri yerləri digər alimlər qəbul etmirlər.

– alimlərin arasında surələrin əvvəlindəki “Bismillahir-Rəhmanir-Rəhim” ifadəsini, eləcə də, Ya-Sin, Ha-Mim, Əlif-Ram-Ra kimi hürufi-müqəttəəni müstəqil ayə hesab edən və etməyənlər var.

– bəzi alimlər Quranda tək ayə olaraq qeyd edilmiş bəzi ayələri 2 və ya 3 ayə kimi qəbul edirlər.

Bəsrə, Kufə, Məkkə və Mədinə məktəbinə mənsub alimlər ayələrin sayı ilə əlaqədar fərqli fikirlər qeyd ediblər:

1-ci nəsil mədinəlilərdən İmam Nafinin fikrinə əsasən, Quranda 6217, sonrakı nəsil Mədinə alimlərindən Şeybə İbn Nisaha əsasən 6214, Əbu Cəfərə əsasən də 6210 ayə var.

Məkkəlilərin fikrincə isə Quranda ayələrin ümumi sayı 6219 və ya 6220-dir.

Şamlı alimlər də bu rəqəmin 6220 olduğunu düşünürlər.

Bəsrəlilər 6205 ayə, kufəlilər isə 6236 ayə olduğunu bildiriblər.

Təfsirçi Zəməxşəri isə 6666 ayə olduğunu qeyd edib və bəzi insanlar bunun belə olduğuna daha çox inanır.

Lakin İslam aləmində ən məşhur olan və indi əlimizdəki müshəflər Kufə üsuluna əsasəndir. O da hər kəsin asanlıqla hesablaya biləcəyi kimi, 6236 ayədən ibarətdir. Xüləfayi-Raşidindən Əli ibn Əbu Talibin də bu fikirdə olduğu rəvayət olunub.[1]

Ayələrin sayındakı fərqin səbəbi yuxarıda qeyd edilib. Halbuki kufəlilərin əlindəki Quranla məkkəli, mədinəli və ya bəsrəlilərin əlindəki Quran arasında mətn və tərtibat baxımından heç bir fərq yoxdur. Hamısı eyni Quranı, amma fərqli şəkildə şərh edib. Bu səbəbdən də Quran ayələrinin sayı ilə bağlı məzhəblər arasındakı fərqə baxaraq əlimizdə olan nüsxələrdə hansısa natamamlıq və ya artıqlıq olduğunu deyə bilmərik.

Mənbə: Yahya Şenol, Fetvalar, “Kitap ve Hikmet” dergisi (jurnal), Yanvar-Mart 2015-ci il, say 8, s. 54.

[1] – Ətraflı məlumat üçün baxın: Hasan Keskin, “Ayetlerin sayısı hakkında ihtilaf nedenleri” (türk dilində), Cumhuriyet Üniversitesi, İlahiyat fakültesi dergisi (jurnal), 2009-cu il, 13-cü cild, say 2, s. 49-67

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir