Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Quranın qanunları ilə yaşayan ölkə

Ən mühüm əxlaqi dəyərlərin formalaşmasına xidmət edən ayələri seçdilər.

Bizim ölkəmiz də daxil, əhalisinin böyük əksəriyyəti müsəlman olan bir çox ölkədə müqəddəs Ramazan bayramı qeyd edildi.

Sözü çox uzatmadan deyim ki, çox qəribə bir məsələ var. Məsələ o ki, dünyada Allahın müqəddəs kitabı Qurani-Kərim əxlaqına tabe olan, islam mədəniyyətinə uyğun yaşayan ölkələrin ən birincisi İrlandiyadır. Yox, əsla təəccüblənməyin əsla, indi İrlandiyanın nömrə bir olmasının səbəbini yazım, siz də ona görə heyrətlənməyə davam edin…

2016-cı ildə Corc Vaşinqton Universitetində bir müsəlman professor iki köməkçisi ilə birlikdə araşdırma aparıb. Onlar araşdırma zamanı Qurani-Kərimdən ən mühüm əxlaqi dəyərlərin formalaşmasına xidmət edən ayələri seçib, dünya millətlərini bu ən vacib dəyərlərə görə müqayisə ediblər.

Həmin dəyərlər bunlardır:

1. Ədalət
2. Sədaqət
3. İftira atmamaq
4. Yalan danışmamaq
5. Vədindən dönməmək
6. Vicdanlı və məsuliyyətli olmaq
7. Haqsızlıq etməmək.

Bütün əxlaqi dəyərləri nəzərə alaraq, dünya millətlərini rəsmi və qeyri-rəsmi statistikaya görə qiymətləndiriblər. Araşdırmanın nəticələrinə görə, Allahın ən mühüm insani əxlaq hesab etdiyi dəyərlərlə yaşayan bir nömrəli islam ölkəsi İrlandiyadır. İkinci sırada Yeni Zellandiya, üçüncü sırada Finlandiya, ardınca İsveç, Norveç, Danimarka, Kanada və s. gəlir.

Maraqlısı budur ki, bu sıralamada yer alan ilk islam ölkəsi 39-cu sırada yerləşən Malaziyadır.

Təsəvvür edirsinizmi, ilk sırada Ərəbistan deyil, Türkiyə deyil, şəriət ölkəsi İran deyil, məhz İrlandiya. Çox qəribə haldır…

Əslində, bu, məni o qədər də heyrətləndirmədi. Niyəsini deyim: ən azı ona görə ki, mənim Allahı sevməyimin ilk səbəbi ateist iş yoldaşım olmuşdu. Ondan soruşsan, Allah anlayışını qəbul etmir, amma mən elə məhz onun əxlaqında tapmışdım Allahı.

O adamın yalan danışdığını, kiməsə şər atdığını görməmişəm. Onun bütün insani keyfiyyətləri məni heyrətləndirirdi…

Bəzən onu ilk dəfə görənlər elə bilirdilər, namaz əhlidir. Sual verəndə ki, niyə belə düşünürsünüz, deyirdilər, üzündə nur var. Bəli, üzü o qədər nurlu idi ki…

O, əslində, inkar etməsi ilə Allahın varlığını həm də təsdiq etmiş olurdu. Necə ki, Hz.Məhəmmədə peyğəmbərlik verildikdən sonra “Lə İlahə İllallah” dedi. Bu söz bütün allahları inkar etmək və gərçək Allaha üz tutmaq deməkdir: “Yoxdur allah, Allahdan başqa”.

Və sonda, Quranın Nisa surəsinin 136-cı ayəsindəki bu müraciəti xatırlatmaq yerinə düşəcək: “Ey iman edənlər, iman edin!” / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...