"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Əsas hədəf yeniyetmələrdir…

Share Button

“Gənclərimiz sosial media vasitəsilə dinsizliyə sürüklənir”

Elşad Miri: “Bəzi qüvvələr ölkədə təxribat törətməkdə maraqlıdır”

“Din.az” “cebhe.info”ya istinadən xəbər verir ki, son günlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəzi regionlarda radikal dini qrupların boy göstərdiyi ilə bağlı davamlı açıqlamalar verir. Bu dəfə isə komitə sədri bildirib ki, radikal qruplaşmalar Azərbaycanda baza yaratmağa cəhd edir. Onun sözlərinə görə, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar.

Ekspertlər hesab edir ki, Azərbaycanda bəzi regionlarda radikal dini qruplar fəallaşıb. Mətbuatın verdiyi məlumata görə, Azərbaycanın 100-ə yaxın gənci İŞİD-in tərkibində olub. İŞİD-in tərkibində olmaq o deməkdir ki, o terror hərəkatının təhlükəli məqamları Azərbaycana yansıyır. Bu qrupların qarşısının alınması üçün maarifləndirmə işləri aparılmasına baxmayaraq, Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə bağlı mütəmadi xəbərlər yayılır. Artıq ailəvi gedənlər barədə xəbərlər dolaşır. İŞİD-ə qarşı Suriyada əməliyyatlar aparan Rusiya rəsmiləri də keçmiş Sovet ölkələrindən döyüşməyə gedənlərin sayının çox olduğuna diqqət çəkirlər…

Dini ekspert Elşad Miri “cebhe.info”ya açıqlamasında deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tutarlı informasiyaları açıqlaya bilər:

“Çünki mənim bu barədə konkret informasiyam yoxdu. Amma aparılan müşahidələrə görə, Azərbaycanda radikallıq məsələsi gündəmdə olub. Hətta bundan istifadə etməyə çalışılıb və indi də çalışırlar. Bəzi kənar qüvvələr Azərbaycanın bölünməsində, ölkədə təxribatlar törətməkdə maraqlıdırlar. Bu proseslərin həyata keçməsi üçün kənardan müdaxilələr və maliyyələşmələrin köməyi ilə ideoloji cəhətdən mümkündür. Azərbaycanın özündə dostları olduğu kimi düşmənləri də mövcuddur. Belə hadisələrin baş verməməsi və radikallığın qarşısının alınması üçün hansı variantlardan istifadə etməliyik? Əsas bu məsələ üzərində dayanmalıyıq. Hansı proqramlarımız və layihələrimiz varsa, onlarla həmin qrupların qarşısına çıxıb başqa bir formada almaq lazımdır”.

Ekspert hesab edir ki, ilk növbədə dinin dövlətlə əlaqəsi olmadığı anlamını onlara izah etmək lazımdır:

“Bu gün müqəddəs Ramazan ayını yaşayırıq. Ramazanla bağlı televiziya kanallarımızda nə veriliş, nə də proqram var. Bu isə insanlarda həmin o boşluğun başqa yerlərdən doldurulmasını təmin edir. Bundan əlavə orta məktəblərdə hər nə qədər “Həyat bilgisi” fənnində müəyyən informasiyalar verilsə də bununla bağlı konkret fənlərin olması da vacibdir. Yəni bu sahə üzrə kadrların yetişdirilməsi daha məqsədəuyğundur. Bununla bağlı daha sonra regionların inkişaf proqramı kimi plan hazırlayıb yerlərə yaymaq daha məqbul olar. Ən başlıca amil maarifləndirmə məsələsinə təkan verməkdir. Hesab edirəm ki, bu addımlardan sonra radikallığın və müəyyən bazaların hazırlanmasının qarşısını almaq mümkün olacaq”.

Elşad Miri deyib ki, proseslərə nəzər salanda edilən təxribatlar, müəyyən terror hadisələri və qarşıdurmalar ən çox yeniyetmələrin üzərində formalaşır:

“Yeniyetmələri daha çox təlqin etmək, onları daha tez razı salmaq, öz ideyalarına uyğunlaşdırmaq mümkün olduğuna görə belə addımlar atılır. Bunun qarşısının alınması üçün gənclərlə bağlı müəyyən proqramlar həyata keçirilməlidir. Hətta bu yöndə işlər də aparıldı. Bu məsələdə təkcə maddi deyil, eyni zamanda mənəvi məsələlər də olmalıdır ki, qarşısı alınsın. Bu gün gənclərlə bağlı çox ciddi mənəvi boşluq mövcuddur. Gənclərimiz sosial media vasitəsilə çox ciddi şəkildə dinsizliyə sürüklənir. Onlar öz dini inanclarına görə bilgi ala bilmirlər və öyrənə bilmirlər”.

Alçina Amilqızı

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir