Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rahib həyatı… Monastırda bir gün

Buddizmi sözün tam mənasında din adlandırmaq qeyri-mümkündür.

Təqribən 2000 il bundan əvvəl indiki Hindistanla Nepalın sərhədində bir krallıq mövcud idi. Ölkə kral tərəfindən idarə olunurdu. Bir dəfə kralın arvadı yuxuda görür ki, onun böyrünə ağ fil girir. Yuxunu bir müdrikə danışırlar. O, yuxunu belə yozur ki, tezliklə kralın oğlu dünyaya gələcək, o, ya böyük hökmdar, ya da müqəddəs şəxs olacaq. Və beləliklə, bütün dünyada Budda kimi tanınan şahzadə Siddhartha Gautamanın həyat hekayəsi başlayır.

Siddharthanın atası sözsüz, istəyirdi ki, oğlu hökmdar olsun. Çünki həmin dövrdə müqəddəs şəxslər ciblərində bir qəpik belə olmayan avaralar idi. Buna görə də kral oğlunu cah-calal və qayğı içərisində böyüdərək, krallıqdan kənara çıxmasına icazə vermir. Ancaq şahzadənin 18 yaşı olduqda o, ilk dəfə saraydan kənara addım atır. Dəbdəbə və rifahın hökm sürdüyü saraydan kənara çıxan gənc şahzadə ilk dəfə xəstəlik, yoxsulluq və ölümün şahidi olur. Gördükləri onu o qədər sarsıdır ki, şahzadə Gautama öz rahatlığından və ailəsindən imtina edərək, bütün əzabların səbəblərini öyrənmək istəyi ilə həqiqətin axtarışına doğru yola çıxır…

O vaxtdan 2500-dən ildən artıq müddət ötsə də, bu gün də bir çox insan bütün dünyəvi nemətlərdən əl çəkərək ruhanilik yoluna qədəm qoyurlar.

Buddizmi sözün tam mənasında din adlandırmaq qeyri-mümkündür. Buddistlər Buddaya, o cümlədən bir çox başqa tanrılara və bodhisattvalara (bütün varlıqların rifahı naminə budda olmağa qərar vermiş insan) pərəstiş edirlər. Ancaq bunu edərkən onlara qüdrətli hökmdar kimi deyil, müəllim kimi yanaşırlar. Onların fikrincə, dünyadakı bütün əzabların əsas qaynağı cahillikdir. Məhz dünya haqqında təhrif edilmiş təsəvvürlərə sahib olduğu üçün insan dönə-dönə yenidən doğulma çarxında fırlanır. Hər canlının mövcudiyyət məqsədi aydınlanma yolu ilə bu dünyanın həqiqi təbiətini dərk etmək və ölüb-dirilmə çarxından xilas olmaqdır.

Əlbəttə, bu həyatda hər kəs belə dəyişikliklərə qadir deyil və bu, normal haldır. Yolun hamısını qət etmədən məqsədə çatmaq mümkün deyil. Yalnız buna hazır olan kəs rahib olur. 

Hansı yolla buddist rahibi olmaq olar?

Hər monastırın öz ənənəsi var. Budda təliminin ümumi qaydaları hər yerdə eynidir, ancaq günlük nizam-intizam qaydaları, monastıra qəbul kimi detallar yerdən yerə fərqlilik göstərə bilir.

“Dzen” ənənəsi

Səyahətçi paltarını – bambukdan şlyapa, çiynindən asılmış yol çantası və ağacdan səndəl – geyinmiş və kilometrlərlə yol qət etmiş şəxs monastırın darvazasına yaxınlaşır. Monastırın rəsmi nümayəndəsi olan rahiblərdən biri təzə gəlmiş şəxsi qarşılamaq üçün çölə çıxır. Həmin şəxs özünü təqdim edir və onu ruhani vəzifəsinə keçirən ustadının tövsiyə məktubunu göstərir. Rəsmi nümayəndə ədəblə, ancaq qəti şəkildə yeni gələnin rahiblik qardaşlığına qəbulundan imtina edir. Səbəblər müxtəlif ola bilər: monastır doludur, yaxud yeni gələnləri saxlamağa imkan yoxdur və s. Əgər yeni gələn şəxs heç bir danışıqsız bu izahla razılaşıb, başqa monastıra yollanarsa, o, heç vaxt monastıra qəbul olunmayacaqdır. Çünki hər yerdə eyni şeylə qarşılaşacaqdır. Rahib olmaq istəyən şəxs darvazanın ağzında əyləşməli, başını avadanlıqlarının üzərinə qoymalı və səbirlə gözləməlidir. Bununla “dzen” dərsi başlamış olur: həqiqət yolunda çoxlu maneələr var, yalnız öz niyyətində qəti olan kəs başqalarının dediklərinə fikir vermədən sonacan gedəcəkdir.

 Tibet buddizmi

Əvvəllər hər tibetli ailə ən azı bir uşağını rahibliyə verirdi; bu, təhsil almaq üçün yeganə imkan idi. 8-10 yaşları olduqda uşaqları monastıra göndərirdilər. Burada onlara müxtəlif fənlər keçilirdi; şagirdlər dini təlimlərlə yanaşı, sürətli oxumağı, tibet və ingilis dili, riyaziyyat, təbiətşünaslıq kimi ümumi təhsil fənlərini də öyrənirdilər. Rahibliyə hazırlanan şəxs 20 yaşına qədəm qoyduqda bundan sonrakı həyatına necə davam edəcəyinə qərar verməli idi. Kimisə monastırda qalıb, rahib olurdu, digərləri isə ailələrinin yanına dönərək dünyəvi həyatlarına davam edirdilər.

 Monastırdakı bir gün

Burada günə saat 5-də başlayırlar. Hər kəs oyandıqdan sonra yuyunur və dişlərini təmizləyir. 05:30-da başlayan dərslər səhər yeməyinə qədər davam edir. Müxtəlif yaşlarda olan rahiblər öz yaş hədlərinə uyğun fənləri öyrənirlər. Ənənəvi olaraq səhər saatlarında oxumaq öyrədilir. Uşaqlar əlifbanı, böyüklər isə sürətli oxumağı öyrənirlər.

Buddist monastırlarında sürətli oxumaq bacarığı olduqca əhəmiyyətlidir. Birincisi, ona görə ki, Buddanın təlimlərini bütünlüklə mənimsəmək üçün çoxlu oxumaq lazımdır. İkincisi isə bəzi sutralar (qədim hind ədəbiyyatında qısa, yığcam deyimlər, aforizmlər) mərasim və ayinlərdə o qədər sürətlə oxunur ki, əgər hər gün məşq edilməzsə, onları düzgün tələffüz etmək mümkün olmayacaqdır. Rahiblər çox sürətli şəkildə gün ərzində 800 səhifəlik mətni oxuya bilərlər.

Rahiblər yeməyə yarım saatdan çox vaxt ayırmırlar. Yeməkləri olduqca sadədir – düyü, mərci şorbası, tərəvəzlər, süd, yağ, həftədə bir neçə dəfə yumurta. Fərqli monastırlarda qidalanma qaydaları da fərqlidir; kimisə vegetarian pəhrizinə əməl edir, kimisə yox. Başlanğıcda buddistlərin hamısı vegetarian idilər və mümkün olan hər yerdə bu vərdişlərini qorumağa çalışırdılar. Ancaq buddizm Tibetə gəlib çıxdıqdan sonra rahiblər ət yemək məcburiyyətində qaldılar. Çünki sərt iqlim şəraiti olan bu bölgədə tərəvəz yetişdirmək mümkün deyil və əhalinin əsas qida rasionuna arpa unu və yak əti daxildir.

Monastırın ərazisinə rahiblər özləri nəzarət edirlər. Səhər saat 8-də və axşam saat 4-də gündəlik “puca”lar – ayin duaları zamanı azyaşlı rahiblər təcrübəsiz olduqlarına görə “puca”nı yerinə yetirmədə çətinlik çəkirlər. Buna görə də onlara monastırın ərazisini təmizləmək tapşırılır.

8-10 yaşlarında monastıra qəbul edilən uşaqlar rahib cübbəsi geyinmələrinə və başlarını qırxmalarına baxmayaraq, hələ rahib sayılmırlar. Yalnız 20 yaşına qədəm qoyduqdan sonra gənc rahib olub-olmamağa özü qərar verir. Yeri gəlmişkən, oğlanlarla yanaşı, qızlar da rahib ola bilirlər. Həm geyim tərzi, həm də qanunlar ikisi üçün də eynidir. Bir istisna var ki, qızlar istəsələr, saçlarını bir neçə sm uzun saxlaya bilərlər.

Rahib tələbələr iki nəfərlik otaqlarda qalırlar. Onlardan biri monastıra yeni gələn azyaşlı, digəri isə ona nəzarət edən və qayda-qanunu öyrədən böyük rahib olur.

20 yaşına qədəm qoymuş tələbə rahib olmaq qərarına gəlirsə, qarşıda onu üç illik “retrit”, yəni tənhalıq, meditasiyaya həsr olunmuş, hər şeydən uzaq həyat gözləyir. “Retrit” qanunları olduqca sərtdir. Rahiblər “retrit” ərazisindən kənara çıxa bilməzlər; onlar vaxtlarını bütövlükdə təcrübəyə həsr edir, hətta meditasiya zalında oturduqları yerdə yatırlar.

Rahib həyatını istiqamətlərdən birinə həsr edə bilər: ya buddist fəlsəfəsini tədqiq edə, ya da ayinlər keçirə, mərasimlərin düzgün yerinə yetirilməsinə nəzarət edə bilər. Başqa sözlə desək, nəzəriyyə, yaxud təcrübə yolunda addımlaya bilər.

Təcrübə yolunu seçmiş bəzi rahiblər dağlara çəkilərək tənhalıqda meditasiya ilə məşğul olurlar. Onlar nə yemək, nə də soyuq barədə düşünürlər. Bu çətin yolla aydınlanma yolunu seçən rahiblərə böyük ehtiram göstərilir, ətraf kəndlərdən insanlar hədiyyə olaraq onlara yemək gətirirlər. Rahiblər “tumo” adlanan xüsusi tənəffüs texnikasının köməyi ilə soyuqdan qorunurlar.

Meditasiya vasitəsilə ağlın və ruhun bacarıqlarını inkişaf etdirən rahiblər çox vaxt başqalarına möcüzə kimi gələn bəzi bədən bacarıqlarını da inkişaf etdirirlər. Rahiblərin uça bildikləri, bir yerdə itib başqa yerdə üzə çıxdıqları barədə çoxlu əfsanələr dolaşır. Ancaq XIV dalay lamanın da dediyi kimi, əsl möcüzə öz düşməninə qəzəblənməməkdir, sənə nifrət edənlərə eyni hisslərlə qarşılıq verməməkdir, şəxsi mənfəətlərinə, dini şöhrətpərəstliyə və özünə qalib gəlməyə görə deyil, bütün canlı varlıqların rifahı naminə ürəkdən aydınlanmağa çalışmaqdır.

 

Mənbə: www.moya-planeta.ru

Hazırladı: Güney NAMAZOVA

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...