Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazan bərəkət ayıdır…

Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub.

Elşad MİRİ
www.elshadmiri.com

“Oruc” sözünün mənası

“Oruc”” sözü lüğətdə nədənsə uzaqlaşmaq, nədənsə özünü qorumaq mənalarına gəlir. Ərəb dilində “səum”” kəlməsilə ifadə edilir. Oruc – oruc tutması vacib olan insanların dan yeri söküləndən günəşin batmasına qədər orucu pozan işlərdən uzaq durmalarına deyilir. Oruc ibadəti İslamdan əvvəlki dinlərdə də mövcud olub. Lakin o, ən mükəmməl səviyyəsini İslamda tapıb.

Beş əsasdan biri

Ramazan orucu hicrətin ikinci ilinin şaban ayında, qiblənin Kəbə istiqamətinə çevrilməsindən 1,5 il sonra müsəlmanlara əmr edildi. Peyğəmbərimiz (s) və müsəlmanlar əvvəllərlər də oruc tuturdular. Allahın əmri bu ayələrlə gəldi və müsəlmanlara bir ay müddətində oruc tutmaq fərz qılındı: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız” (“Bəqərə” surəsi, 2/183); “Sizlərdən Ramazan ayını görən o gün oruc tutsun!” (“Bəqərə” surəsi, 2/185).

Peyğəmbərimiz də Ramazan orucu ilə bağlı belə buyurub: “İslam beş əsas üzərinə qurulub: 1.Allahdan başqa tanrı olmadığına və Muhəmmədin Allahın qulu və elçisi olduğuna şahidlik gətirmək; 2.Namaz qılmaq; 3.Zəkat vermək; 4.Ramazan orucunu tutmaq; 5.Həccə getmək“.

Toxun acdan xəbəri olsun!

Bu mübarək ayda oruc tutan müsəlmanlar nizamlı ordunu xatırladır. Oruc tutan hər bir şəxs axşam yeməyi olan iftarın vaxtı çatmamış əlini yeməyə uzatmır. Orucu açmaq vaxtı tamam olanda isə şükr edərək, oruc ibadətini bitirmiş olur.

Nemətlər şükür istəyir. Qurani-Kərimin bir çox ayəsində insanların az şükür etdiyi bildirilir. Əsasən də “Rəhman” surəsində “Rəbbinizin hansı nemətini yalan sayıb inkar edirsiniz?” ayəsi 31 dəfə təkrar edilərək bu məsələyə diqqətlə yanaşmağımız tövsiyə edilir. Ramazan ayındakı oruc isə həqiqi, səmimi şükrün açarıdır. Çünki başqa vaxtlarda məcburiyyət altında olmayan insanların əksəriyyəti həqiqi aclıq hiss etmədikləri üçün nemətlərin qiymətini, bir tikə quru çörəyin dəyərini dərk edə bilməzlər. Halbuki iftar vaxtı quru çörəyin çox qiymətli ilahi nemət olduğuna oruclu insan şahiddir. Ən üst təbəqədən ən aşağı təbəqəyə qədər hər kəs orucluqda Allahın nemətinin qiymətini çox gözəl anlayır.

Oruc tutan adam özünü yemək yeməkdən saxlamaq üçün “Bu nemətlər mənim mülküm deyil. İstədiyim kimi, istədiyim vaxt bunları yeyə bilmərəm. Bunlar Allahın bizə bəxş etdiyi ehsandır. Onun əmrini gözləməliyəm”, – deyər. Oruc bu yönü ilə də insanın əsl vəzifəsi olan şükrün açarıdır.

İctimai həyata nəzər salsaq, insanların maddi yöndən fərqli olduqlarını görərik. Uca Allah buna görə varlıları kasıblara kömək etməyə dəvət edir. Sözlə başa salmağın mümkün olmadığına görə, toxun acın halını bilməsi üçün ancaq ac qalaraq, həmin vəziyyəti özünün dərk etməsi məqsədə uyğundur. Aclığın ən uyğun forması isə orucdur.

Oruc tutmaq sağlamlıqdır

Müasir tibb orucu xəstəliklərə qarşı qoruyucu dərman hesab edir. Bəzi xroniki xəstəliklər orucla müalicə edilir. Həkimlər reseptlə birlikdə xəstənin nə yeyib-içəcəyini, nə vaxt və nə qədər qidalanacağını bildirirlər; demək ki, müasir tibb xəstəliklərin qidalanmaqla əlaqəli olduğunu qəbul edir. Peyğəmbərimizin “Oruc tutun, sağlam olun”” hədisini tibb elmi “oruc tutun, rahat olun”” şəklində ifadə edir. Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur.

Saçımızı kəsdirərək sağlam saçın çıxmasına, qan aldıraraq yeni qanın gəlməsinə vasitəçi olduğumuz kimi, oruc tutaraq da sağlam və gümrah bir vücuda sahib oluruq. Çünki oruc tutanda hüceyrələrimizin böyrək, mədə, qaraciyər, şəkər və ürək xəstəliklərinə qarşı müqaviməti artır. Vacib olan Ramazan orucundan başqa nafilə, yəni məcburi olmayan oruclar insanın iş, idman kimi fiziki fəaliyyətlərində istifadə olunmayan enerjisini nizamlayaraq, dəliqanlılıq dövründə olan cavanları doğru istiqamətə yönəldir, ruhun azadlığını, inkişafını təmin edir. Amma bilmək lazımdır ki, hər kim sağlamlıq üçün oruc tutarsa, orucu məqbul olmaz. Oruc Allahın əmri olduğu üçün tutulmalıdır. Sağlamlığı verən isə Allahdır.

Oruc tutub kökələnlər də olur

Peyğəmbərimiz savaşa gedənlərə oruc tutmağı tövsiyə edərdi. Ancaq bəzi vücudu zəif olanlar oruca tab gətirə bilmirdilər. Bunları nəzərə alan rəhmət peyğəmbəri döyüşdə oruca dözə bilməyənlərə orucu pozmalarını əmr edirdi. Oruc ayı olan Ramazanda vücud zəifləyir. Amma bütün günü yüngül bir vücudla fəaliyyət göstərən insan gecə rahat istirahət edir. İyirmi dörd saat içində biri səhər, biri də axşam olmaq üzrə iki dəfə qidalanmaq bədənin fəaliyyətinə kifayət edir. Oruc tutan bəzi şəxslərdə görülən zəiflik orucdan yox, onların yuxusuzluğundan və istirahət saatlarının azalmasından meydana gəlir. Bəzilərisə oruclu olmalarından asılı olmayaraq, bu ayda kökəlməyə başlayırlar. Buna səbəb də həzm sistemlərinin rahat və sakit olaraq işləməsi, iştahın daha da çoxalmasıdır.

Pəhriz oruc tutmaq deyil

Orucun şərtlərindən biri də niyyətdir. Orucluqda niyyət etmək isə “bu işim düzəlsin, oruc tutaram” demək deyil. Əksinə, Allahın mərhəmətini qazanmaq məqsədilə “Allah rizası üçün oruc tutmağa niyyət etdim” deməkdir. Niyyət bir işin nə vaxt, nə məqsədlə ediləcəyini əvvəlcədən bilib, planlaşdırmaq, yəni şüşurlu olaraq, yerinə yetirməkdir. Buna görə də, təsadüfən pəhriz üçün ac qalmaq oruc sayılmır. Oruc insan iradəsinin tərbiyəsilə əlaqədar bir ibadətdir. Nəfsimizin ipini əlimizə verib onu itaətkar hala gətirən bənzərsiz tərbiyə üsulu orucdur. Ətrafımız iştahamızı açan, hisslərimizi qabardan müxtəlif nemətlərlə doludur. Oruc tutmaqla Allah rizası üçün onlara əl uzatmamağa söz verir, yeməyimizi, içməyimizi və başqa arzularımızı müəyyən vaxt ərzində saxlayaraq, bədən üzvlərimizi sanki bir aylıq “məzuniyyətə” göndəririk. Belə hərəkətlə heyvani iştahamıza qalib gəlib, sanki mələk olmağa, hətta mələkləri keçməyə tərəf ilk addım atmış olur və bunları bilərək, istəyərək, niyyət edərək, həyata keçirməyə çalışır, iradəmizi qüvvətləndirir, Allahın xoşladığı hal və hərəkətlərlə ruhumuzu nurlandırırıq. Oruc böyük əxlaq məktəbidir. Müsəlman bu məktəbdə hər tərəfli tərbiyə alır.

Oruc beyni gücləndirir

İnsanı ən çox heyrətə salan bədən üzvü beyindir. Beyin hüceyrələri vücudun ən həssas və ən təşkilatlı məxluqlarıdır. Cənabi Haqq onlara başqa hüceyrələrdən daha çox fəaliyyət gücü verib, çünki onlar başqalarından bir neçə dəfə artıq fəaliyyət göstərdiklərinə görə, qana daha çox ehtiyac hiss edirlər.

Beynin həcmi və çəkisi kiçik olsa da, qana daha çox ehtiyacı var. Beyin bədəndəki qanın dörddə birini qəbul edir. O, çox yorulanda ağır iş görmüş kimi yoruluruq. İnsan beynində fikirləşməyə səbəb olan hüceyrələrin sayı dünyadakı insanların ümumi sayından çoxdur. Beyinə gedən qan nə qədər çox olarsa, düşünmə qabiliyyəti də bir o qədər artar. Əksinə olanda isə tənbəllik və yorğunluq başlayır. Beynin nizamlı işləməsində, qanın lazım olan miqdarda sərf edilməsində orucun müstəsna rolu var. Minlərlə mənbə kitablarının əksəriyyəti Ramazan ayında və ya müəlliflərin oruc tutduqları günlərdə yazılıb.

Oruclu adam cəsarətli olur

İmtahana girən tələbələr üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, orucun həyəcanlara, qorxulara, unutqanlıqlara qarşı da müsbət yönləri var. Hamının bildiyi həqiqətdir ki, yarışlar, məhkəmələr, imtahanlar, müharibə anındakı qəfil hücumlar və s. nəticəsində meydana gələn həyəcanlar və qorxular ruhi dəyişikliklərə, şoklara gətirib çıxarır. Gözə qanın sızması, titrəmələrin meydana gəlməsi, dil tutulmalarının səbəbi də qəfil meydana gələn olaylardır. Hətta belə hadisələr şəkər xəstəliyinə də yol açır. Bu kimi xəstələrə düçar olmamaq, mənfi psixi vəziyyətlərə düşməmək üçün psixoloqların məsləhəti də “ac qarına”, yəni oruclu olmaqdır. Çünki tədqiqatlar orucun cəsarət hissini artırdığını, ruhu sakitləşdirdiyini təsbit edib. İslam ordularının özlərindən dəfələrlə güclü rəqiblərinə qalib gəlməsinin, ən yüksək zirvə olan şahidliyə çatmaq arzusunun başlıca səbəbi həm də oruclu olmaları idi.

“Evlənə bilməyən oruc tutsun”

Oruc mənfi hisslərin qarşısını almaqda da bənzərsizdir. Çox yemək qandakı cinsi hormonların səviyyəsini çoxaldır. Oruc isə bu hissləri azaldaraq insanın yüksəlmə şüurunu artırır. Orucun həddindən artıq cinsi hisslərə təsirini Allahın elçisi belə buyurur: “Evlənməyə imkanı olan cavanlar tez evlənsinlər. Evlənə bilməyənlər də oruc tutsun! Çünki oruc qoruyucu qalxandır”. Sağlamlığını, namusunu, qeyrətini, şərəfini qorumaq, cinsi istəklərini cilovlamaq üçün Peyğəmbərin cavanlara bu tövsiyəsinin nə qədər əhəmiyyətli və yerində olduğunu müasir elm də təsdiq edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...