Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ramazan hüzuru / Cəlil Cavanşirdən…

Oğluma orucun, ibadətin, duanın mahiyyətindən danışdım və yenidən o illərə – hüzurlu uşaqlığıma qayıtdım

Cəlil CAVANŞİR

Doğulduğum bölgə dininə, adət-ənənəsinə bağlı bölgələrimizdəndir. Sovet istilasına qədər kəndimizdə ondan çox məscid olub, kəndimizin din xadimləri, alimləri təkcə ölkəmizdə yox, qonşu Dağıstanda, Osmanlı torpaqlarında da tanınıb, sayğı, hörmət görüb. Bü gün də kəndimizdə üç məscid fəaliyyət göstərir, kəndimizdə kifayət qədər savadlı, dünyagörüşlü, elmi din xadimləri var. Müstəqillik qazandıqdan sonra insanların dini ayinləri yerinə yetirməyi asanlaşsa da, sovet dövründə dini ayinlər, ibadətlər gizli həyata keçirilib. Atamın əmisi oğlu Hüseyn baba sovetlər zamanında namaz-niyazında olan azsaylı kişilərdən biri idi. Onun şirin avazla “Quran” oxumağı, ağsaqqalları yığıb Mövlud oxutdurmağı hələ də yadımdadır.

Onun necə namaz qıldığını 3-4 yaşımda görmüşəm. Hətta evimizdə onu yamsılamağım yadımdadır. Namaz, din haqında ilk təsəvvürlərim də belə yaranıb. Elə bu təsirlə 10 yaşında namazı qılmağı və “Quran” oxumağı öyrənmişdim. İslam dini iə maraqlanmağıma ən çox sevinən nənəm oldu. Elə ilk dəfə oruc tutanda da, nənəm məni imsaka qaldırır, həvəslə qulluq edirdi. Nənəmin dəstəyini hiss etdiyim üçün, “Quran” oxumaq, namaz öyrənmək, dualar əzbərləmək mənə çox asan gəlirdi və nənəmə xoş görünmək üçün, hər gün öz yaddaşımla onu təəccübləndirirdim.

…İlk dəfə Ramazan ayının, orucun həyəcanını 12 yaşımda hiss elədim. Türkiyə Diyanət İşləri Başkanlığının xətti ilə kəndimizdə “Quran” və din dərsləri keçən Mustafa hoca (Mustafa Nebi Kalkanlı) mənə Gəncliyə Yardım Fondunun Şəki üçün çap etdiyi dini təqvim bağışladı. Hər gün bir vərəqini qoparır, arxasındakı hədisi və ya maraqlı əhvalatı öyrənirdim. Öyrəndiklərimi qardaşlarıma, nənəmə danışırdım. Sonra da o vərəqləri səliqə ilə bir kitabın arasına yığırdım. Bu iş çox xoşuma gəlirdi. Bütün kənd Mustafa hocanı, 22 yaşlı Türkiyəli müəllimə hörmət edir, sevirdi. Kəndin hörmətli kişiləri onun başına pərvanə kimi dolanırdı. Xüsusən yaşlılar Mustafa hocaya məclislər qurur, ona Atatürkdən, Türkiyədən, “boz qurd”lardan suallar verirdilər.

İlk oruc tutduğum günlər heç yadımdan çıxmaz. Dərsdən gələndən sonra bütün günü yataqdan çıxmırdım və Mustafa hocanın verdiyi kitabları oxuyub anlamağa çalışırdım. Hərdən başım gicəllənir, gözlərim qaralırdı. İftar vaxtını təqvimə görə bilirdim. Çünki o vaxt kəndimizdə nə müəzzin vardı, nə də ramazan topçusu…

O il ilk dəfə, bütün ayı qəzasız oruc tutdum. Validyinlərim əvvəlcə narazılıq eləsələr də sonradan bunu xoş qarşıladılar. Bayramdan bir gün öncə Mustafa hoca dedi ki, sabah saat 6-da məsciddə olun, bayram namazına hazırlaşaq. Kəndimizin ağsaqqalları, yenicə namaza başlayan gənclər bayram namazına gələcək. O gün bayram namazına gələn kənd sakinlərinin qarşısında “Yasin” oxuyacaqdım.

…Mədrəsə yoldaşım məni çağıranda qaranlıqdan göz-gözü görmürdü. Dəstəmaz alıb itlərdən gizlənə-gizlənə, qəbirstanlıqların yanından keçəndə qorxmamaq üçün ilahi oxuya-oxuya kəndin aşağı məhəlləsindəki məscidə yollandıq. Mustafa hoca yaxınlıqda qaldığı üçün, bizdən tez gəlmişdi. Salamlaşdıq. Hocamızın gözləri xoşbəxtlikdən parıldayırdı. Sevinə-sevinə bizə bayram namazını izah elədi. 15-20 tələbə onun başına yığışıb dayanmadan suallar yağdırırdıq. O da sevə-sevə bizim sualları cavablandırır, səbrlə izahat verirdi.

Səhər açıldıqca kənd ağsaqqalları yavaş-yavaş toplanmağa başladı. Əksəriyyəti hətta sovet vaxtında belə namazından, orucundan ayrılmayan insanlar idi.

Ağsaqqalların qarşısında bir az çəkinə-çəkinə, bir az da izaholunmaz qürurla “Yasin” surəsini oxuduq. Bayram namazının vaxtı yaxınlaşdıqca, həyəcanlanırdıq. Həyatımızda ilk dəfə bayram namazı qılacaqdıq. Bayram azanını sonralar gözəl avazı ilə dünyada məhşurlaşan Azər oxudu, namaz qılındı və bayramlaşma mərhələsi başladı. Bayramlaşdıqdan sonra kənd camaatının daşıyıb gətirdiyi şirniyyatlardan böyük süfrə açıldı. Yeyib içib evə dağılışdıq. Evə çatanda gördüm ki, qapımızın ağzında 3-4 nəfər toplaşıb. “Quran” oxuduğumu bildikləri üçün məni qəbirstanlığa, dünyasını dəyişmiş yaxın qohumlarına, valideyinlərinə “Yasin” surəsi oxutdurmaq üçün aparmağa gəlmişdilər. Atamdan icazə alıb, qəbiristanlığa getdim. O gündən kəndin ən gənc mollası olaraq, təxminən dörd-beş il yaxın qohumlar, qonşular, atamın tanışları məni məclislərə, qəbirstanlığa “Quran” oxumağa çağırırdı. Anamın ocaqda qızdırdığı suyla qüsullanır, ütülədiyi paltarları geyinir, saçımı darayıb məclisə gedirdim. Məclislərə getdiyim üçün yaşıdlarımın arasında nümunəvi davranmağa çalışırdım.

İkinci il qardaşlarımla birlikdə oruc tutduq. İkisi də mənə baxıb, həvəslənmişdi. Ortancıl qardaşım aclığa dözsə də, 9 yaşlı balaca qardaşım dözə bilmirdi. Dərsdən gələn kimi xəlvətcə anam onu yedizdirir, bizə isə onun yemək yediyini demirdi. Biz iftara əyləşən kimi özünü yetirirdi. Sonradan başa düşdüm ki, balaca qardaşım iftarda bizimlə oturmaq üçün, sahurda bizimlə yemək üçün oruc tutur. Bizə qoşulanda özünü yaşından böyük hiss edirmiş.

Ailəmiz kasıb olsa da, Ramazan ayında anam bizim üçün həmişə xüsusi yemək bişirirdi.

…Mədrəsə illərində orucluq tamam başqa idi. 100-150 nəfər tələbədən 5-6 nəfər səhhətinə görə oruc tutmurdu. Müəllimli, tələbəli hamının üzündə qəribə halsızlıq olurdu həmişə. Axşamlar təravih namazı qılınır, ilahilər, “Quran”dan surələr oxunurdu…

Universitet illərində də, oruc tuturdum. Birinci il kimya-bialogiya fakültəsində oxuyan, uşaqlıq dostum və otaq yoldaşım Fuadla birlikdə oruc tutduq. Fuadın vasitəsi ilə, onunla eyni fakültədə oxuyan “nurçu”, “hizmətçi” tələbələrlə tanış oldum. Universitetdə oruc tutan az olduğu üçün, iftar süfrəsi açmaq dəb düşmüşdü. Kasıbyana iftar süfrələri açır, bir-birimizi dəvət edirdik. Tez-tez bir-birimizin kirayə evinə qonaq gedirdik. O vaxt “nurçu”larla birlikdə qalmaq üçün, çox adam oruca, namaza başlamışdı. (Hizmət evlərində qalmağın şərtləri ağır olsa da, pulsuz və səliqəli ev tələbələri cəlb edirdi).

İkinci kursda oxuyanda dostum Mənsurla birlikdə oruc tuturduq. Hər gün dərsdən sonra 4-5 saat yatır, oyanıb birlikdə iftara hazırlaşırdıq. İkimizin də yaxşı yemək bişirmək qabiliyyəti vardı. Bir-birimizi tərifləyə-tərifləyə iftar edir, namaz qılır sonra da Murat Kekilli havasına girir, Mənsurun o vaxtlar nadir tapılan telefonunda oyun oynayır, kitab oxuyurduq.

Qədr gecələrinin birində birlikdə dini şeir də yazmışdıq…

… Sonuncu dəfə Gəncədə yaşayanda oruc tutmuşdum. Hər səhər sahura qalxmasam da, iftara növbənöv yeməklər sifariş verirdim və ramazan ayı ərzində evimizdə bayram əhval-ruhiyysi yaşanırdı. Tez-tez yerli dindarlarının təşkil etdiyi iftar məclislərinə, sahur dəvətlərinə gedirdim. Bəzən qədr gecələrinə yüzlərlə dindar toplaşır, hamı birlikdə ibadət edir, sahuru birlikdə yeyib evə dağılışırdıq.

…Uzun illər Ramazan sevincindən uzaq düşmüşdüm. Bu barədə danışmaq, boşuna keçirdiyim illəri bir daha xatırlamaq istəmirəm. Bu il dostum Elməddinin sayəsində yenidən o coşqunu, o sevinci yaşamaq nəsibim oldu. Fürsətdən istifadə edib mənə hərtərəfi dəstək olan, mənə ağlasığmaz dərəcədə yaxşılıqlar edən sevilən aktyorumuz, əziz dostum Elməddin Cəfərova dərin təşəkkürlərimi çatdırıram. Onun sayəsində bütün həyatıma, yaşadıqlarıma, münasibətlərimə yenidən baxdım. Onun sayəsində yenidən ruhu müvazinətimi bərpa etdim.

Həm fiziki, həm də mənəvi olaraq yeniləndim, təmizləndim, rahatlandım. İlk dəfə anamla iftar süfrəsi arxasında oturub birlikdə iftar açdıq, oğluma orucun, ibadətin, duanın mahiyyətindən danışdım və yenidən o illərə – hüzurlu uşaqlığıma qayıtdım.

Acılı-şirinli xatirələri, sevinci və coşqusu, bərəkəti və ilahi hüzuru ilə daha bir Ramazan ayı arxada qaldı.

Xalqımıza ruzi-bərəkətli, ilahi hüzurlu xoşbəxt ramazanlar diləyirəm!

Bütün dostlarımı, yaxınlarımı, mömin və inanclı insanları Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm!

MÜZAKİRƏ

1 şərh Ramazan hüzuru / Cəlil Cavanşirdən… üçün

  1. Vasif dedi:

    İnanın çox hevesle oxudum ve sizin yerinizde olmaq isdedim. Çox maraql ve deyerli keçmişiniz olub. Allah ömür versin

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...