Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramazanda televiziyalarımızda gündəlik dini verilişlərə ehtiyac var?

Ramazan ayında televiziyalarda yayımlanan proqramlara ekspetlərin münasibəti.

Artıq 5 gündür ki, həm bütün müsəlman dünyasında, həm da Azərbaycanda Ramazan ayı yaşanır. Ramazan ayı əksər müsəlman ölkələrində xüsusi qeyd edildiyi üçün həmin ölkələrin televiziya kanallarında da bunun şahidi oluruq. Artıq orucluq ayı başlar-başlamaz dini məzmunlu, maarifləndirici verilişlər yayımlanmağa, insanları imsak və iftar vaxtlarında salamlamağa başlayırlar. Müsəlman kəsimin təşkil etdiyi Azərbaycanda da oruc tutanların olduğunu nəzərə alsaq, bəs, görəsən bizim də Ramazan ayında gündəlik dini məzmunlu verilişlər hazırlamağa ehtiyacımız varmı?

Axı Azərbaycan tamaşaçısı, hansı ki, bu cür verilişlərin televiziya kanallarımızda analogiyasını tapa bilmədiyi üçün qonşu ölkələrin dini verilişlərinə yönəlir.

Bunun isə nə dərəcədə uyğun olduğu, zərərli olub – olmaması bəlli deyil.

Media eksperti Zeynal Məmmədli mövzu ətrafında fikirlərini paylaşarkən bildirir ki, bu verilişlər daha çox dini deyil, humanizmi təbliğ etməli, ehtiyacı olanlara yardım göstərilməlidir:

“Din cəmiyyətin ayrılmaz bir hissəsidir. Kim bunu qabardırsa, nədən o verilişlər olmasın?! Sözsüz ki, olmalıdır. Bu mövzuda düşünülmüş bir proqram, konsepsiya olmalıdır. Həmin konsepsiya əsasında proqramlar gerçəkləşdirilməlidir. İlk növbədə bu məsələyə dövlət televiziyası olan İctimai televiziya diqqət göstərməlidir. Çünki onlar dövlətdən maliyyələşirlər, reklam gəlmir və auditoriyanın bu tipli verilişlərə maraq göstərməməsini bəhanə edə bilməzlər. Lakin burda söhbət dini təbliğatdan getmir, xəbər eləməkdən gedir. Sadəcə cəmiyyətə mesaj vermək lazımdır ki, bizim aramızda yardıma ehtiyacı olanlar var və onlar yetərincə çoxdur. Və onları unutmamaq lazımdır. İldə bir neçə dəfə, ən azından dini bayramlarda onları yad eləmək üçün düşünülmüş belə verilişlər olmalıdır. Lakin dinin təbliğatı kimi yox, humanizmin təbliğatı kimi… Bütövlükdə dinin humanizmlikdəki rolu açıqlanmalı, təbliğ olunmalıdır. Bu mütləq olmalıdır. Təəssüf ki, bu bizdə yoxdur.

Sadəcə o verilişlərə dini konteks daxilində baxmaq lazım deyil. Buna bütövlükdə dini humanist niyyətlər ki var, bax o niyyətdə bunları çatdırmaq lazımdır ki, cəmiyyətin təkcə dindar olan təbəqəsi yox, dindar olmayan təbəqəsi maariflənsin.Yəni biz müxtəlifik, çünki biz post sovet cəmiyyətində yaşadığımız üçün bizi Türkiyə ilə müqayisə eləmək olmaz. Dini verilişlərə ehtiyac var, amma eyni zamanda biz bunlara hazırıqmı? Hansı kadrlarla bunu eliyəcəyik? Eyni zamanda hansı ruhani kadrlarla bunları həyata keçirəcəyik? Bax bunlara çox diqqət yetirmək lazımdır ki, həmin ruhani kadrlar öz dəyərlərini bunu sırf dini nöqteyi nəzərdən yaymasınlar. Verilişləri humanist dəyərlərdən yayınan, ayrı-ayrı cərəyanların təbliğinə çevirməsinlər”.

Media tənqidçisi Elçin Əlibəyli isə Ramazan ayında ayrıca dini bir veriliş açmağa ehtiyacın olmadığını belə izah etdi:

“Ümumiyyətlə, dini verilişlərə həmişə ehtiyac var. Çünki bu çox ciddi bir məsələdir və televiziyaların bununla bağlı öz sosial funksiyası var, maariflənmə həmişə lazımdır. Din elə bir şeydir ki, gərək maarifləndirmə olsun ki, insanlar müəyyən dini sektaların təsirinə düşməsin. Söhbət ən çox təbii ki, gənclər və yeniyetmələrdən gedir. Dini olduğu kimi, yəni qaydalarına əməl eləmək üçün belə verilişlərin olması vacibdir və var. Azərbaycan Dövlət Televiziyasında da, İctimai Televiziyada da biz vaxtaşırı buna oxşar proqramlar görmüşük. Eyni zamanda, özəl telekanallarda da inancla, inamla bağlı müxtəlif tipli verilişlərə… Bilirsiniz ki, bizdə, əsasən islam dəyərləri üstünlük təşkil elədiyi üçün islamla bağlı verilişlər verilir. Digər dinlər azlıq təşkil elədiyi üçün onunla bağlı verilişlərin verilməsi yəni o qədər də vacib sayılmır.

İTV-də yayımlanan “Din və Cəmiyyət” verilişi

Ramazan məsələsinə gəldikdə isə bu verilişlərin Ramazanda qabardılması təbiidir. Amma xüsusi bunun üçün veriliş açmağın mənası yoxdur. Elə mövcud olan verilişlərin məzmununu o cür qurmaq olar və hətta lazımdı da. Burada qidalanmadan, insanlar arasındakı rəftardan, özünü aparmaqdan tutmuş bir çox şeylər aşılanmalıdır. Axı əslində belə deyək də, Ramazan pəhriz ayı deyil, mənəvi bir dəyərləri olan aydır. Bu mənəvi dəyərlərin aşılanmasının kim əleyhinə ola bilər ki? Təbii hamımız istəyərik ki, bu mənəvi dəyərlər daim aşılansın, o cümlədən mövcüd verilişlərdə də göstərilsin. Amma necə, hansı formada? Bu artıq televiziya yaradıcılarının, redaktorlarının, rejissorların fantaziyasına qalır. Lakin onların da çox vaxt fantaziyası elə ümumi sözlərə çatır.

İranda Ramazan ayı…

“Həmin verilişlərin yayımlanması üçün kifayət qədər savadlı dini kadrlarımız varmı?” sualının izahını Elçin Əlibəyli misal çəkərək verdi:

“Yaxşı sual verdiniz! Bir neçə gün bundan qabaq zəng edib məni dini bir verilişə dəvət elədilər. Onlara söylədim ki, axı mən din üzrə mütəxəssis deyiləm. Və ümumiyyətlə, din araşdırmaçısı da deyiləm. Yəni mənim fəaliyyət göstərdiyim sahə ilə əlaqədar bu mövzuda danışmağım çox pis görünər. Onlar da mənə dedilər ki, bu sahə üzrə mütəxəssis tapa bilmirik. Əksər mütəxəssislər müxtəlif dini təriqətlərə qulluq eləyirlər və biz özümüz də çaş-baş qalırıq ki, bu hansı təriqətdir, düzmü danışacaq, səhmi danışacaq?! Bu məsələdə, hesab edirəm ki, dini komitə işə qarışmalıdır. Və dini komitə telekanallara müvafiq namizədlər, həqiqətən təhsil almış, bu sahədə danışa bilən, kifayət qədər təcrübəsi olan insanları namizəd kimi göstərməlidir. Mən hesab eləyirəm ki, komitə bu işdə fəal olmalıdır”.

Firuzə Alimova

Din.az  “A24.az”a istinad edir. 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...