Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Ruhani diplomatiyası” – Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

“Ruhani diplomasiyası” Qarabağ münaqişəsində ümidləri doğrulda bilirmi?

Bu il Azərbaycanın ən ağrılı münaqişəsi olan Qarabağ probleminin 30 yaşı tamam olur. 1988-ci ildə başlayan və sürətlə SSRİ-də ən böyük etnik münaqişəyə çevrilən Qarabağ bu 30 ildə özünün ən ağır mirasını qoyub. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, ətorpaqlarımızın 20 faizinin itirilməsinə gətirib çıxarıb, 1 milyondan çox insan öz evindən və doğma yurdundan didərgin düşməyə məcbur olub.

Münaqişə SSRİ dağıldıqdan sonra bu günə qədər müstəqil Azərbaycanın həlli üçün bütün hərbi, siyasi gücünü və kapitalını qoyduğu problem kimi qalmaqdadır. Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan danışıqlar prosesi ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənir. Bugünkü danışıqlar formatı nəticə verməsə də, münaqişənin həllində Bakı üçün əlverişi imkanların axtarışı baxımından mühümdür.

Azərbaycan eyni zamanda problemin düyün nöqtəsinin açılmasına yönəlik ictimai təşəbbüsləri də alqışlayır və bunu üçün lazımi platformaları yaradır.

Hazırkı dünyada qeyri-hökumət təşkilatlarının, ictimai qurumların, nufuzlu dini şəxslərin münaqişələrin sülh yolu ilə həllində, zorakılığın qarşısının alınmasında vacib faktor olması barədə tezis populyardır.

Bəs bu tezisə söykənən “ruhani diplomasiyası” Qarabağ münaqişəsində ümidləri doğrulda bilirmi?

Qarabağ münaqişəsi dini mahiyyət daşımasa da, zaman-zaman onu “müqəddəs müharibə”yə çevirməyə çalışıblar. “Binəsib xristian ermənilərinin qətli”, “İsa Məsih qullarına əzab verilməsi” kimi cəfəng iddialar siyasi dəllalara bölgədə öz çirkin niyyətlərinin həyata keçirilməsi üçün yaxşı fürsət hesab olunub. Lakin onların bu məqsədi baş tutmayıb. Burada ruhani missiyanın məsuliyyəti və hadisələrə yanaşmada emosional, millətçi sloqanlara deyil, Allahın buyurduğu bəşəri mesajlara sadiq olmaları böyük rol oynayıb. Məhz ruhani liderlərin mövqeyi bu münaqişəyə dini don geyindirilməsinin qarşısını almaqda mühüm rol oynayaraq, problemin dinc yolla həllində vacib rıçaqa çevrilə bilib.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və onun sədri Allahşükür Paşazadənin ötən illərdə apardığı iş münaqişəyə dini rəng verməyə cəhd edənlərin planları üçün əngəl olub.

Qarabağ probleminin ilk illərindən başlayaraq QMİ xalqlar arasında nifaqın, millətlərarası nifrətin dərinləşməməsi üçün bütün imkanlarını səfərbər edib. Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadə atdığı bütün addmlarında ardıcıl olub.

Onun erməni kilsəsinin rəhbəri ilə təmasları 30 il bundan əvvələ – münaqişənin başlandığı vaxtlara təsadüf edir. 1988-ci ilin fevral ayında SSRİ DTK-sının təxribatı və sovet rəhbərliyinin korəfəhimliyi üzündən Sumqayıtda baş vermiş faciəli hadisələrə QMİ tərəfindən reaksiya verilib.

Bunu tarixi münaqişənin sülh yolu ilə həlli üçün ilk başlanğıc saymaq olar. Bundan sonra Ermənistan katalikosu Vazgen ilə QMİ sədri Allahşükür Paşazadənin 4 may 1988-ci ildə görüşü baş tutub. Rostovda keçirilən bu görüşdə Şimali və Cənubi Qafqazın dini liderləri toplaşmışdı. Xrisitan və müsəlman liderləri görüşdə qəbul etdikləri birgə müraciətlərində münaqişə tərəflərini dostluğa və sülhə çağırırdılar.

SSRİ-nin son illərində aktiv hərbi qarşıdurmalar fazasına daxil olan Qarabağ davası artıq dünyanın ruhani liderlərinin ciddi narahatlığı ilə qarşılanırdı. Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşü 1993-cü ildə – SSRİ dağıldıqdan sonra baş tutub.

Görüşün təşəbbüskarları Ümumdünya Kilsələr İttifaqı və Avropa Kilsələr Konfransı (AAK) idi. Danışıqlar üzrə məsuliyyəti Ümumdünya Kilsələr Şurasının katibi Konrad Rayzer və AKK-ın katibi Jan Fişer üzərinə götürmüşdü. 1993-cü ilin fevralında İsveçrənin Montre şəhərində QMİ sədri Allahşükür Paşazadə və katalikos 1-ci Vazgen görüşüblər. Cəbhədə ağır döyüşlərin getdiyi o dönəmdə hər iki dini lider imzaladıqları birgə müraciətdə bir daha bəyan edirdilər ki, Qarabağ münaqişəsi dini motiv daşımır.

Bundan sonra vasitəçilik missiyasını Rus Pravoslav Kilsəsi öz üzərinə götürdü. 1994-cü ildə 1-ci Vazgen və Şeyxüilsam Allahşükür Paşazadə münaqişə tərəflərinə müraciət edərək, qan axıdılmasını dərhal dayandırmağa çağırdılar.

Allahşükür Paşazadənin katalikosla növbəti görüşü 1995-ci ilin yayında baş tutdu. Rusiya Patriarxı II Alekseyin təşəbbüsü ilə QMİ sədri 1-ci Qareginlə görüşdü. Bu üçtərəfli görüşdə Azərbaycan, Rusiya və Ermənistanın ruhani liderləri bəyanat qəbul edərək, bir daha Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını bildirdilər.

1995-ci ildə keçirilimiş görüş isə yeni təkliflər diqqət çəkir: Dini liderlər sülh konfransının çağırılması barədə təşəbbüslə çıxış edirlər. Həmçinin atəşkəsin imzalandığı o dövrdə qaçqınlar, girovlar və əsirlərlə bağlı problemin həll olunmasının mühümlüyünü bəyan edirlər. Onlar bunu sülh əldə edilməsinin vacib şərti saydıqlarını deyərək, münaqişə tərəflərinə əllərində olduğu bütün əsirləri azad etməyə çağırırlar.

“Ruhani diplomatiyası” 2000-ci illərdə də aparılıb. Bütün bu görüşlərdə hansısa razlıaşmalar əldə edilib və tarixi bəyanatlar səsləndirilib.

26 aprel 2010-cu ildə isə münaqişənin tarixində görünməmiş hadisə yaşandı: İlk dəfə olaraq erməni katalikosunun rəhbərlik etdiyi nümayəndə heyəti Yerevandan Bakıya gəldi. Şeyxülislam Allahşükür Paşazadə tərəfindən Azərbaycana dəvət edilən katalikos Qaregin Bakıda keçirlən dini liderlərin Ümumdünya sammitində iştirak etdi.

O zaman QMİ sədrinin münaqişənin həlli ilə bağlı ardıcıl mövqeyinin xrisitan və islam liderləri arasında böyük dəstək alması katalikos Qaregini Bakıya gəlməyə məcbur etmişdi.

Sammitdə çıxış edən 2-ci Qaregin etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə altına saldığını etiraf etdi. Katalikos dinlərarası dialoqun bəşər mədəniyyətinin xilasına xidmət etdiyini vurğuladı, azad və dinc həyata doğru getməyin vacib olduğunu bəyan etdi. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səylərin davam etdiriləcəyini bildirirdi.

Sammit çərçivəsində katalikos Qaregin, şeyxülislam Allahşükür Paşazadə və Rusiya Patriarxı Kirill arasında üçtərəfli görüş keçirildi. Sonda yekun bəyanat qəbul olundu. Dini liderlər sənəddə problemin sülh yolu ilə həllinin vacibliyini qeyd edir və bu istiqamətdə öz səylərini davam etdirəcəklərini açıqlayırdılar.

Bakıda olan Qaregin Prezident İlham Əliyevlə də görüşdü. Dövlət başçısı din xadimlərinin sülh təşəbbüslərini alqışlayır və bu işdə din xadimlərinin rolunu yüksək qiymətləndirirdi.

Daha sonra 28 noyabr 2011-ci ildə katalikos 2-ci Qareginin dəvəti ilə şeyxülislam Allahşükür Paşazadə MDB ölkələrinin Dinlərarası Şurasının iclasında iştirak etmək üçün Yerevana getdi.

İclasdan sonra Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin ənənəvi üçtərəfli görüşü baş tutdu. Burada qəbul olunmuş birgə bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması alqışlanırdı: “Biz münaqişə tərəflərini regionda sülhə, sabitliyə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırırq”-deyə birgə bəyənnamədə vurğulanırdı.

Yerevan görüşündə daha bir razılıq əldə olundu: Növbəti görüşü erməni-azərbaycanlı sərhəddində keçirmək!

2014-cü ilin avqustunda katalikos 2-ci Qaregin Şeyxülislama məktub göndərərək, sərhədboyu atəşkəsin pozulmasından narahatlığını ifadə edir və bunu “sülhə ciddi təhlükə” adlandırırdı. Qaregin yazırdı ki, “Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur”.

Qareginə cavab məktubunda A.Paşazadə hərbi qulluqçuların həlak olması və sərhədyanı yaşayış məntəqələrində insanların dinc həyat şəraitinin pozulması ilə bağlı narahatlığa şərik olduğunu yazır və əlavə edirdi ki, “Sizin bəhs etdiyiniz bu atəşlər və təxribatçı hərəkətlər Azərbaycan torpaqlarında baş verir”.

“Buna görə də təkcə bu cür təhrikçilik hərəkətlərinə deyil, ümumiyyətlə, çoxdan davam edən müharibəyə və bütövlükdə ərazi münaqişəsinə tezliklə son qoymaq lazımdır. Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmalı, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qalxacaq, daimi sakitlik və çoxdan gözlənilən sülh bərqərar olacaq. Təəssüf ki, Ermənistan Azərbaycan dövlətinin və Azərbaycan ictimaiyyətinin sülhsevər çağırışlarını indiyə qədər eşitmir”.

2016-cı ilin aprel döyüşləri zamanı Rusiya Patriarxı dini liderlərə görüşmək və cəbhə xəttindəki hadisələrin müzakirəsini təklif etdi. QMİ sədri katalikosa görüşmək üçün müraciət etsə də, Qaregin bundan imtina etdi.

Dini liderlərin son görüşü 2017-ci ilin sentyabrında Moskvada baş tutub. Şeyxülislam Allahşükür Paşazadə Danil monastırında Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill və bütün ermənilərin katalikosu 2-ci Qareginlə görüşüb.
Görüşdən əvvəl patriarx Kirillin mətbuat xidmətinin yaydığı bəyanatda vurğulanırdı ki, “bu görüş planlaşdırılmış xarakter daşıyır və son bir neçə ilin mövzusudur. Görüş Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəlib”.

Görüşdə əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi olacağı əvvəlcədən məlum idi. Bundan əlavə, görüşdə erməni əsirliyində olan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin də məsələsi müzakirəyə çıxarıldı.
QMİ sədri Allahşükür Paşazadə çıxışı zamanı görüşün “bütün Qafqaz xalqları üçün bəhrə verəcəyinə” ümid etdiyini deyirdi: “Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cür yanaşsaq, çətin ki, həll yoluna gələk”.

“Biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- deyə Şeyxülislam Qareginlə görüşündə ona demişdi.

A.Paşazadə bildirirdi ki, sadəcə, görüşmək xatirinə görüşməməlidirlər.

Qarabağ münaqişəsinin həllində ruhani rəhbərlərin görüş tarixi belədir. Bu təmaslar problemin dünyaya təqdim olunmasında kömək etsə də, daha çox ictimai diplomatiyanın bir aləti kimi çıxış edib.

Bəs belə görüşlərin yekununu necə qiymətləndirmək olar?

Müasir dünyada baş verən münaqişələrdə din faktoru əsas rol oynayır. Dini inanclara görə, təqib olunanlar, etiqadı silaha çevrirərək cəmiyyəti parçalamağa can atanlar günümüzün reallığına çevrilib.

İlk olaraq qeyd etmək lazımdr ki, dini liderlərin belə təmasları Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya platformasına təqdimda ciddi rol oynayır.

Burada əsas olaraq dini liderlərin rolunu və tarixi bəyanatlarını qiymətləndirmək lazımdır: Bütün deklorativliyinə baxmayaraq, ruhani xadimlər tərəfləri sülhə, dialoqa və dinc danışıqlara dəvət ediblər. Bu müddət ərzində dini liderlər əsirlərin azad olunmasında, həlak olanların nəşinin dəyişdirlməsində və digər məsələlərdə uğura nail ola biliblər. Bu isə müharibənin ağrılarını az da olsa yüngülləşdirməyə kömək edib.

Əlbəttə, dini liderlərin səylərinin belə bir mürəkkəb münaqişəyə son qoyacağına ümid etmək həddən artıq sadəlöhvlük olardı. Amma uzun əsrlər boyu dini faktorun insan həyatının müxtəlif fəaliyyətlərindəki təsirini nəzərə alsaq, ruhani liderlərin problemin həlli üçün səyləri vacib və həyati əhəmiyyət daşıyır.

Bu görüşlər Qarabağa ədaləti sülhün gəlməsi üçün aparılan dövlət siyasətində vacib detaldır və xalqların gələcək tarixində öz müsbət izini qoyur.  / Modern.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...