Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

RUS ƏSGƏRLƏRİN TƏZİM ETDİYİ, MÜSƏLMANLARIN YAN GƏZDİYİ İKİ CÜMHURİYYƏT GENERALI

1918-ci il 28 may – Şanlı Azərbaycan tarixi…

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Din.az bildirir ki, Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “Azərbaycan Xalq Cümhuriyyəti100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.

Bu dəfə təqdim etdiyimiz yazıda Azərbaycan Xalq Cümhuriyyətinin iki generalı haqqında danışacağıq.
Əvvəlcə onu deyək ki, 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul edib.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıblar.
1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şixlinski onun müavini, general-leytenant Məhəmməd bəy Sulkeviç (bəzi mənbələrdə Süleyman Sulkeviç-red.) isə baş qərargah rəisi təyin olunub.
Bundan əlavə, çar ordusunda xidmət etmiş başqa 19 general da vacib kadr kimi AXC-nin ordu quruculuğunun tərib hissəsi oldular.

Onların ikisi barəsində qısaca da olsa, söhbət açacağıq:

Mirkazım bəy Talışxanov nəslin üçüncü generalıdır. Onun ulu babası Qara xan Lənkəran xanlığının əsasını qoyub. Xanlığın siyasi və iqtisadi qüdrətini möhkəmlədən Qara xan İran təhlükəsindən qorunmaq üçün nizami qoşun təşkil edib. Müstəqil Talış xanlığı yaradıb. 1786-cı ildə Qara xan vəfat etdikdən sonra yerinə oğlu Mir Mustafa xan keçib.
Mirkazım bəyin hərbi fəaliyyəti, keçdiyi yol barəsində danışmaqdansa, onun portretini özündə tam əks etdirən bir sənədə diqqət etsək, daha yaxşı olar. Çünki bir hərbçinin keçdiyi yol, qət etdiyi pillənin səbəbi hamıya aydındır- ordudakı fəaliyyəti, döyüşlərdə hərbi rəşadəti və strateji bacarığı….
Məhz bunlar Mirkazımı Çar ordusunun general-mayoru etmişdi.
Bizə isə general özünün maraqlı yönləri ilə daha vacibdir. Mirkazım bəyin qızı Züleyxa xanım yazır: “Atam Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olub. Minskdə, Mogilyovda, Qroznı və başqa yerlərdə. Birinci Dünya Müharibəsi başlananda Nikolsk-Ussuriysk şəhərində yerləşən üçüncü Sibir atıcı polkunun komandiri idi. Yaşının çox olmasına baxmayaraq, yenə də sevdiyi hərbi işdən ayrılmaq istəmirdi. Yadımdadır, o vaxtlar inqilabi iş üstündə “Potyomkin” zirehli gəmisinin heyəti Sibirə sürgün olunmuşdu. Onlar bizim qonşuluqdakı qəsəbədə yerləşdirilmişdilər. Komandirlər xırda bir səhvə görə əsgərlərə ağır və dözülməz cəza verəndə atam onlara havadar dururdu. Hətta, bir neçəsini ölüm cəzasından belə, xilas etmişdi. Ucaboy, enlikürək matroslar atamla çox hörmət-izzətlə görüşərdilər. Onlar küçədə atama rast gələndə qurşağa qədər əyilər, “Əlahəzrət, səxavətiniz həmişə var olsun. Kölgəniz bizim əzabkeşlərin üstündən əskik olmasın” deyib yolun qırağına çəkilər, lal-dinməz dayanardılar. Atam isə gülümsünüb onlara yanaşar, əl tutar və “bu qədər təzim nəyə gərəkdir”, – deyib kədərlə köks ötürərdi.

1914-cü ildə Birinci Dünya Müharibəsi başlananda atam bizi Tiflisə göndərib, özü isə üçüncü Sibir atıcı polku ilə müharibəyə getdi. Atam qırx beş ilə yaxın xidmət dövründə çoxlu orden və medallarla təltif olunmuşdu. Onlardan yadımda qalanları üçüncü dərəcəli müqəddəs Anna, ikinci və ücüncü dərəcəli Müqəddəs Stanislav ordenləri, III Aleksandrın hakimiyyəti dövrünə aid xatirə və 1877-78-ci illər müharibəsində aldığı tünd bürünc medallardır. Atam 1916-cı ildə general-mayor rütbəsində istefaya çıxdı. Topoqrafiya general-mayoru İbrahim ağa Vəkilovla yaxın dost olan atam Tiflisdəki Qafqaz müsəlman xeyriyyə cəmiyyətində onunla birgə fəaliyyət göstərirdi. Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə atam Mirzəkazımbəy Talışxanov idi. Az sonra bu səmimi dostluq qohumluğa çevrildi. İbrahim ağa Vəkilovun böyük oğlu Faris bacım Liyabəyimlə ailə həyatı qurdu. General-mayor Mirzəkazım bəy Talışxanov 1938-ci ildə səksən dörd yaşında Bakıda vəfat edib”.

Bir az da yuxarıda adı çəkilən İbrahim ağa Vəkilovdan danışaq. O, yaşadığı dövrün ən güclü topoqrafiya mütəxəssisi olub. Azərbaycanın Döyüş Bayrağının, AXC hökumətinin döyüş xəritələrinin əsas müəllifidir. İbrahim ağa Vəkilovun adına həm də Həmidə xanımMəmmədquluzadənin xatirələrində rast gəlirik. Çünkiİbrahim ağa Vəkilov böyük dramaturq Cəlil Məmmədquluzadə ilə yaxın dost idi. Bu fakta Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim” kitabında da rast gəlmək olur.

 

Həmidə xanım yazır ki, 1907-ci ildə Qarabağda çəyirtkə və aclıq gözlənilirdi…

“Tiflis Xeyriyyə Cəmiyyəti (cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi Mirzə Cəlil idi) bizim rayonun məruz qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda, zərərdidələrə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərmişdi. Bizdə Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq edən daha bir etibarlı sənəd var. O da 1909-cu il martın iyirmi ikisində çap olunan “Molla Nəsrəddin” jurnalının on ikinci nömrəsidir. Həmin nömrədə İbrahim ağa haqqında iki dostluq şarjı verilib. Birinci şarjda küçədə İbrahim ağaya rast gələn ziyalı müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər. Hamı onun Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyəti açmaq təşəbbüsünü bəyənir, ətrafına toplaşıb şirin-şirin söhbət edirlər. Ona deyirlər ki, sən Xeyriyyə cəmiyyətini təşkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik. İzof Rotterin məharətlə çəkdiyi bu şarjın altında belə yazılıb: “İbrahim ağa Vəkilov. Müsəlman, Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl”. Həmin səhifədə verilmiş ikinci şarjda isə İbrahim ağa küçənin ortasında tək dayanıb. Ondan baş götürüb qaçan musəlmanlara baxıb acı-acı gülümsünərək, – bunlara nə oldu, – deyir. Xeyriyyə cəmiyyətinə yardım etmək istəməyən “bu ziyalı müsəlmanların indi kimisi qaçır, kimisi də gizlincə tindən, dalandan qorxa-qorxa İbrahim ayağa baxır. İbrahim ağanın əlləri təəccüblə açıq qalıb Şarjın altında: oxuyuruq: “Xeyyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra”.

İbrahim ağa Vəkilov haqqında daha bir maraqlı fakt isə onun və ailəsinin nəhəng yazıçı Lev Tolstoyla dostluq əlaqələridir. Hətta bir dəfə Ibrahim ağanın rus xanımı Yelena bir məsələ ilə bağlı Tolstoya məktub yollayıb ondan məsləhət istəyir:

“Bizim dərin istəkli müəllimimiz Lev Nikolayeviç!
Məktubumla sizi narahat etdiyimə görə sizin qarşınızda üzrxahlıq üçün söz tapa bilmirəm. Bilirəm, sizdən mənim kimi məsləhət almaq istəyənlər çoxdur, bütün bunlara baxmayaraq, mən də sizə müraciət edirəm. Çünki həyat: mənim qarşımda gücümün yetmədiyi bir məsələ qoymuşdur. Çalışacağam ki, istədiyimi qısaca izah edim. Mənim əlli yaşım var, üç uşaq anasıyam. Ərim müsəlmandır. Ancaq kəbinimiz qanunidir. Uşaqlarımız pravoslav (xristian) dininə etiqad edirlər. Qızım on üç yaşındadır. Oğlanlarımdan birinin iyirmi üç yaşı var. O, Peterburq Texnologiya İnstitutunun tələbəsidir. O birinin iyirmi iki yaşı var. Moskvadakı Alekseyev hərbi məktəbinin yunkeridir. Bax, bu oğullarım atalarının dini etiqadına – daha doğrusu, müsəlmanlığa keçmək üçün məndən icazə istəyirlər. Mən nə etməliyəm? Mən bilirəm ki, indi bu mümkündür və həmçinin onu da bilirəm ki, bizdə yaşayan yadellilərə pis münasibət var. Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər deyil: nə maddi təminat, nə də mənsəbpərdstlik onları bu işə təhrik edir. Ancaq qaranlıqda qalan Azərbaycan xalqına kömək etmək məqsədini güdürlər. Din onlara xalqa qovuşmağa, xalqa yanaşmağa mane olur. Amma mən qorxuram ki, bu dar düşüncəli məsləhətimlə də onları pis məqsədə təhrik edəm. Mən öz dərdlərimlə tənhayam. Ah, əgər mən öz əzablarımı və mübarizəmi yaza bilsəydim… Mən öz övladlarını dəlicəsinə sevən bir ananın göz yaşları ilə yazıram. Budur, əzabdan ağlımı itirmiş halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız siz, öz ağlınızla həyatımızın hazırkı şəraitində bunun nə ilə nəticələnəcəyini duya bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu mənə dəhşətli əzablar verir. Lev Nikolayeviç, siz bizə, biz balaca adamlara heç vaxt ürəkdən gələn dəyərli məsləhətlərinizi əsirgəməmisiniz. Bunu bildiyim üçün cəsarət edib sizi öz xahişimlə narahat etdim. Dönə-dönə üzr istəyirəm ki, sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa məni məcbur edən dəlicəsinə analıq sevgisidir.
Bütün qəlbilə sizə sadiq olan Yelena Yefimovna Vəkilova”.

1909-cu il martın 15-də Yasnaya Polyanadan göndərdiyi cavab məktubunda dahi yazıçı yazırdı:

“Yelena Yefimovna, Sizin oğullarınızın tatar xalqının maariflənəmsinə kömək etmək arzusunu təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmməd dinini qəbul etməyin nə dərəcədə lazım olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, Sizə demliyəm ki, hökuməti etiraf etmədən, adamın hansı dinə mənsub olması barədə kiməsə məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın Məhəmməd dinini pravoslavdan üstün tutaraq qəbul etmələri – yəni bir dindən başqa dinə keçmələri barədə kiməsə məlumat vermələri gərək deyil. Bəlkə bu, zəruridir, lakin bu haqda bir şey deyə bilmərəm, ona görə də Sizin övladlarınız bu haqda lazımi hökumət orqanlarına xəbər verib – verməmələri barədə özləri qərar qəbul etməlidirlər”.

İbrahim ağa Vəkilov 1934-cü ildə vəfat edib. Amma ölümündən sonra uzun müddət onun əsərləri topoqrafiya sahəsində əsas dərslik vəsaiti olub. / Moderator.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...