Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Rusiyada müsəlman prezident olacaqmı?

Burada müsəlmanlar öz Barak Obamasını gözləyir.

Rusiyada müsəlmanların sayı çoxalır. Bəzi ekspertlər ölkənin tədricən dəyişləcəyini xəbər verirlər. Kilsələr cari əsrin sonuna doğru məscidlərlə ayaqlaşmayacaq, rusiyalıların çoxu isə Məkkəyə sarı ibadət edəcək. Pravoslav dövlətini ölüm gözləyirmi və yaşıl bayraq Rusiya üçrənglisini əvəzləyəcəkmi? Rusiyanın özündə buna özgə sayaq yanaşırlar…

Rusiya ötən illər ərzində mənfi demoqrafik tendensiyalara üstün gəlməyə nail olub. Doğum artır, ölüm azalır. Rusiya prezidenti Vladimir Putin bunu martın başlanğıcında ölkədə işlərin durumu haqda çıxışla Federal Məclisin hər iki palatasına müraciət edərək bildirib. Sovet İttifaqının dağıldığı andan davam edən demoqrafik böhranın aradan qaldırılması Putinin əsil və əsas qələbələrindən biri olub.

Rusiya əhalisi səkkiz il qabaq 143 milyondan aza yetirdisə, indi 149 milyona yaxınlaşır. Rusiya statistika qurumunun məlumatına görə, əhalinin sayı ildən-ilə çoxalır.

Amma Rusiya prezidenti üçün çox gözəl yeniliyin bir əmması var. Slavyan mənşəli rusiyalıların sayı artmır – ənənəvi olaraq Şimali Qafqazın Dağıstan və yaxud Çeçenistan kimi müsəlman bölgələrinin əhali sayı çoxalır. Bundan başqa, rəsmi məlumatlara görə, Rusiya vətəndaşlarının sayı “təbii” deyilən üsulla deyil (doğuş əvvəlkitək azalır), miqrasiya sayəsində çoxalır.

Rusiya əhalisi ötən il 262 min nəfər mühacirin hesabına artıb. Bunların çoxu keçmiş sovet respublikalarının, əsasən Orta Asiya vətəndaşlarıdır.

Rusiyada islam inqilabı təhlükəsi varmı?

Rusiyanın “Komsomolskaya pravda” bulvar nəşrində bu yaxınlarda yazıblar ki, ola bilsin, Rusiyanı islam inqilabı təhdid edir. Məqalə müəllifi, cərrah German Petrov Rusiyanın islamlaşmasından xəbər verən amilləri sadalayıb. O, sözügedən demoqrafiya və ənənə üzrə müsəlman Orta Asiyasından mühacirətdən savayı Rusiya slavyanlarını məhv edən alkoqolizm epidemiyası və narkotik düşkünlüyünü, habelə Rusiyanın orta sinfinin Qərbə mühacirətini yada salıb. Öz növbəsində Rusiyada yaşayan müsəlmanlar islamçı təbliğat üçün əlverişli hədəfdir, bu isə, Petrovun hesab etdiyi kimi, onların radikallaşmasına gətirə bilər. Rusiyada özünü müsəlman sayan 15 milyona yaxın adam yaşayır. Rusiyaya mühacirlərin kütləvi şəkildə gəldikləri Orta Asiyada 53 milyon adam yaşayır (böyük çoxluğun hamısı müsəlmandır). Bu, ölkənin islamlaşması üçün çıxış nöqtəsidirmi? Guya ancaq ilk baxışdan. Politoloq Aleksandr Afanasovun sözlərinə görə, hər şey durumu necə dəyərləndirməkdən asılıdır. Rusiya eksperti “Tiscali.cz” portalına müsahibədə bildirib: “Bəli, müəyyən bucaq altında baxılsa, doğrudan da, görünə bilər ki, Rusiyada müsəlmanların sayı artır, ruslar və başqa xalqlar və ənənəvi dinlərin təmsilçiləri azdır və ya sayları dəyişilmir. Rusiyanın bəzi bölgələrində durum, həqiqətən, belə görünə bilər”.

Amma, onun vurğuladığı kimi, müxtəlif bölgələrdə demoqrafik vəziyyət başqa-başqadır. O, Moskvada, məsələn, Uzaq Şərq və ya Şimali Qafqazdakı durumdan seçilir.

Rusiya elmlər akademiyası Şərqşünaslıq institutunun elmi əməkdaşı, Qafqaz xalqlarının Rusiya konqresi İcra komitəsinin sədri Ruslan Qurbanov Afanasovla razılaşmır. Qurbanovun fikrincə, Rusiyada müsəlmanların sayı artır və hökumət bunu gizlədir.

Ruslan Qurbanov “Tiscali.cz”-yə müsahibədə bildirib: “Dərc edilən rəsmi statistika Sovet İttifaqı dağılmazdan qabaqkı 90-cı illərin durumuna uyğundur və buna əsasən, Rusiyada müsəlmanlar 20%-dən 25%-ə qədərdir. İyirmi il boyunca statistika dəyişmir. Niyə? Çünki bu, son dərəcə prinsipial siyasi məsələdir. Əlçatar ictimai statistika üzrə müsəlmanların sayı ildən-ilə artsaydı, bu, Rusiya cəmiyyətinin müəyyən qismində qorxu və narazılıq doğurardı. Bu, hər şeydən qabaq, islama son dərəcə mənfi yanaşanlara aiddir”.

Ksenofob cəmiyyət

Rusiyanın müstəqil “Левада Центр” sosioloji mərkəzi Rusiya cəmiyyətində ksenofob əhvalıi-ruhiyyənin öyrənildiyi sorğunun nəticələrini dərc edib. Nəricələr təsdiq eidir ki, rusiyalılar “yad” xalqlara qarşı artıq o qədər də ədavətli köklənməyiblər və bununla belə, Şimali Qafqaz və Mərkəzi Asiyadan çıxanlara qarşı qorxu və düşmənlik yetərincə böyükdür.

Sorğulananların 54%-i beş il qabaq Rusiyanın Şimali Qafqazından çıxanların ölkə üzrə yerdəyişməsini məhdudlaşdırmağı istəyirdisə, indi bu baxış nöqtəsinə rusiyalıların cəmi 23%-i tərəfdardır. Şübhəsiz, bu, həm də onunla izah olunur ki, Şimali Qafqazda hökumət güclərilə islamçı terrorçular (Çex, yəni slavyan müəllif Çeçenistanın müstəqilliyi uğurunda vuruşmuş çeçen mücahidlərini terrorçu adlandırması təsadüfi deyil-red.) arasındakı münaqişə dayanıb. Orta Asiyadan çıxanlara münasibətdə də ədavətin azalması hiss olunur. 2013-də sorğulananların 45%-i onları Rusiyada görmək istəmirdi, indi isə belələri 20% azdır. Qurbanov deyib: “Müsəlmanların sayının çoxalması Rusiya cəmiyyətinin bir bölümünü, hər şeydən qabaq, islamxoflu və millətçi köklənmiş hissəsini rahatsız edir. Çeçen savaşlarından sonra Qafqazdan və islamdan açıqca qorxan Rusiya elitasının müəyyən qismi də narahatdır. Çeçenistan əməliyyatına qatılmış və müsəlmanlara çox mənfi yanaşan təhlükəsilzik qurumlarının çoxsaylı əməkdaşları da istisna deyil”.

Ekspert vurğulayıb ki, Rusiyada qafqazlıların dövlət hakimiyyətində və təhlükəsizlik xidmətlərində yüksək post tutması imkanını məhdudlaşdıran yazılmamış qayda var.

Aleksandr Afanasov razılaşır ki, müsəlman bölgələrindən çıxanlara münasibət düşməncəsinədir, amma bu onların inancıyla bağlı deyil. Politoloq izah edib: “Rusiyanın böyük şəhərlərində müəyyən gərginlik var, amma bu, istisnasız olaraq mühacirlərin sayının artmasilə, ya da islama düşmənliklə bağlı deyil. Məsələn, Moskvada Orta Asiyadan çıxanların etdiyi cinayətlərin sayı artır. Lakin bu cinayətlər dinlə heç cür bağlı deyil: bunun ictimai altqatı var. Bunu işini itirmiş mühacirlər edirlər”.

Onun fikrincə, Rusiyada ksenofobiyanın kəskin sıçrayışı Sovet İttifaqı dağıldıqdan sonra baş verib. Mühacirətin yeni növü meydana çıxıb: adamlar keçmiş sovet imperiyasının ucqarlarından mərkəzinə gəliblər. Rusiyanın özündə də milli münaqişələr qızışıb. Afanasov qeyd edib: “Qəzetlər o zaman neonasistlərin başqa xalqların təmsilçilərinə hücumundan müntəzəm yazıb. İndi bu cür hücumlar praktik olaraq baş vermir”.

Mədəni ekspansiya

Ola bilsin, Rusiya şəhərləri, o cümlədən başqa mədəniyyətlərin təsiri alında dəyişilir. Çayxana adlanan Orta Asiya mətbəxli restoranlar Moskvada getdikcə böyük populyarlıq qazanır. Onlar ənənə üzrə populyar gürcü və Azərbaycan mətbəxiylə rəqabət aparır. Moskvalılar alçaq divancıqlarda əyləşir və qəlyandan həzz alırlar, elə bil, haradasa Yaxın Şərqdədirlər.

“Komsomolskaya pravda” nəşri bir neçə həftə qabaq Orta Asiya mühacirlərinin Rusiya paytaxtında istisnasız olaraq mühacirət diasporası üçün özəl paralel dünyanı necə yaratdıqları haqda böyük reportaj dərc edib. Orta Asiya miqrantlarının Rusiyada leqal şəkildə olmağını təmin edən, hüquqi məsələləri həll edən və işə düzəlməyə yardım göstərən nəsə öz orqanları kimi bir şey var. Dəlləkxanadann başlayaraq doğma vətəndən baratın çatdırılması üzrə xidmətə qədər müxtəlif xidmətlər bazarı istisnasız olaraq mühacirlər üçün işləyir.

Orta Asiya hadisələrini işıqlandıran “Fergana.ru” serveri mühacirlərin Rusiya cəmiyyətinə özünəməxsus təsirindən yazıb. Artıq Orta Asiya fahişələri cinsi xidmət bazarına təsir edirlər. Rusiya fahişələri gileylənirlər ki, asiyalı rəqibləri “iş” deyilən şeyə görə qiymətləri öldürürlər.

Ancaq Aleksandr Afanasov əmindir ki, Rusiya Orta Asiya və yaxud müsəlman elementləri tərəfindən mədəni assimilyasiyaya məruz qalmır. Onun fikrincə, Orta Asiya restoranlarının populyarlığı yad qastronomik ənənələrin ənənəvidən üstün çıxdığından xəbər verməyən ötəri bir hadisədir.

“Moskvada hansısa bir anda susi (düyü və ədviyyatla hazırlanan yapon xörəyi-red.) populyarlıq qazanmışdı, addımbaşı da satırdılar. Amma məgər bu, sintoizmin və ya Yaponiya mədəniyətinin ekspansiyasını bildirirdi? Sizdə Praqada kabablı xeyli qəlyanaltı var, amma bu, heç nədən xəbər vermir. Sadəcə, yeni dəb trendi meydana çıxıb. Çayxanadan sonra molekulyar mətbəx dəbə minə bilər. Bu, şəhərin tamamilə normal inkişafıdır”.

Müsəlman prezidentin intizarında

Rusiyanın əndişlənməsinə dəyərmi ki, hökumətin gizlətdiyi və müsəlmanların hissolunmaz sayartımı ölkənin siyasətinə təsir edər? Ruslan Qurbanovun fikrincə, çətin ki, Rusiyada, məsələn, Misirdəki “Müsəlman qardaşlar” nümunəsində partiya meydana çıxsın. Rusiyada dini yönlü partiyalar qurmaq yasaqlanıb.

Kreml islam amilindən daha çox öz xeyrinə faydalanır. Rusiya müşahidəçi ölkə kimi İslam əməkdaşlıq təşkilatına qoşulub. Habelə Çeçenistan prezidenti Ramzan Kadırov islam dünyasında güclü mövqe tutur.

Qafqaz xalqları Rusiya konqresinin İcra komitəsinin sədri izah edib: “Müsəlmanların Rusiya siyasətinə təsirinin güclənməsi uzaq perspektivdir, çünki Rusiya müsəlmanlarının təhsilinin ümimi vəziyyəti və siyasi şüuru qeyri-qənaətbəxşdir”.

Və Qurbanov yenə də əmindir ki, Rusiya öz Barak Obamasını gözləyir. Madam ABŞ-da ilk dəfə Afrika amerikalısı prezident meydana çıxa bilir, Qurbanovun sözlərinə görə, onda Rusiyada da istisna deyil ki, gələcəkdə Rusiya dövlətinin başçısı müsəlman olacaq.

“İslamın yaşıl bayrağı Rusiyanın üzərində hələ yellənmir. İddia etmək olmaz ki, Rusiya xristian sivilizasiyasıyla müsəlmanlar arasında döyüş meydanıdır. Bu, gerçəkliyə uyğun gəlmir, – Aqleksandr Afanasov deyib. – Bizim vəziyyətimiz Fransa, yaxud Böyük Britaniyanınkından seçilir”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...