Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şahların və xəlifələrin layihəsi: Süveyş kanalının tarixi…

Dünyada insan əli ilə yaradılan ən böyük layihələrdən biri …

Avqustun 6-da Misirdə yeni Süveyş kanalının açılış mərasimi keçirildi. Dünya mətbuatı və biznes dairələr bu bəyanatı böyük maraqla qarşılayıblar. Səbəbi Süveyş kanalının dünya ticarətində tutduğu mühüm yerdir. Bu kanal təkcə dəniz nəqliyyatına deyil, faktiki olaraq dünyanın iqtisadi və siyasi xəritəsinə də təsir edib. Kanalın tikintisi prosesi isə çoxsaylı avantüralar və siyasi qurşıdurmalarla müşayiət olunub. Qeyd etmək lazımdır ki, Süveyş kanalının tikintisində şəxsi münasibətlər həlledici rol oynayıb.

Din.az Moderator.az-a istinadən Süveyş kanalının tarixini təqdim edir.

Süveyş kanalı dünyada insan əli ilə yaradılan ən böyük qurğulardan biridir. Misir ərazisində çəkilmiş kanal Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirir. Onun sayəsində Avropa ölkələri Hind okeanına ən qısa yolla çıxmaq imkanı əldə ediblər. Bu kanal çəkilənədək, Hindistana gedən gəmilər 15 min kilometr üzərək bütün Afrikanı dolanmalı idilər, cəmi 168 kilometr uzunluğu olan Süveyş kanalı isə bu məsafəni dəfələrlə qısaldıb. Kanalın eni səthdə 350 metrə, dibdə isə 45-60 metrə çatır, dərinliyi isə 20 metrdir.

Fironların, şahların və xəlifələrin layihəsi
Bu ərazidə kanal çəkilməsi hələ eramızdan 2 min əvvəl Misir fironlarını düşündürüb. Firon Senusert ticarətin canlanması üçün Nil çayını Qırmızı dənizlə birləşdirən kanalın çəkilməsini istəyirdi. Sonradan bu işlə Msirin qüdrətli fironları II Ramzes və II Nexo məşğul oldular. Herodot yazırdı ki, II Nexo kanalın tikintisinə başlasa da, onu sona çatıra bilməyib. Sonradan İran şahı Dara bu kanalı işə sala bildi. Ptolomeyin və İmperator Trayanın dövründə isə kanalın gəmiçilik imkanları artırıldı. Amma 776-cı ildə Xəlifə Mənsur kanalın torpaqlanmasını əmr etdi ki, əsas ticarət yolları xilafətin mərkəzindən uzaqlaşmasın.

Süveyş kanalının əhəmiyyəti bir də təqribən 1000 il sonra üzə çıxdı. 1569-cu ildə Osmanlı İmperiyasının böyük vəziri Mehmet Sokollunun əmri ilə kanalın bərpası planı hazırlandı amma həyata keçirilmədi.

Napoleonun çəkindiyi ideya
19-cu əsrdə dünya müstəmləkələrin bölüşdürülməsi dövrünü yaşayırdı. Avropaya ən yaxın materik olan Afrika isə bütün müstəmləkə dövlətlərinin – Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın diqqətini cəlb edirdi. Misir uğrunda mübarizə Britaniya və Fransa arasında gedirdi.

1798-ci ildə Fransa imperatoru Napaleon Bonapart Misirdə olanda Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən kanalın tikintisi ilə maraqlandı və bu məsələni araşdırmaq üçün mühəndis Leperin rəhbərliyii ilə komissiya da yaratdı. Amma komissiya səhvən belə bir nəticəyə gəldi ki, Qırmızı dənizdə suyun səviyyəsi Aralıq dənizinə nisbətən təqribən 10 metr yüksəkdir və buna görə də, kanalda hökmən şlyuz olmalıdır. Üstəlik fransız mühəndisləri hesab edirdilər ki, bu kanalla iri gəmilərin üzməsi mümkün olmayacaq. Həm bu nəticələr, həm də Avropadakı siasi vəziyyət kanalın tikintisini təxirə saldı. Həmin vaxt Napaleon Misiri zəbt etmək fikrindən daşındı və bütün gücünü Avropanı işğal etməyə yönəltdi. 1800-ci ildə Napoeon Leperə bildirdi ki, bu böyük layihəni həyata keçirirməyə imkanı yoxdur, “bəlkə nə vaxtsa Türkiyə imperiyası bu kanalı çəkib özünə şöhrət qazanar”.

“Yeni Bosfor”un tikintisi
1841-ci ildə britaniyalı zabitlər suyun səviyyəsi ilə bağlı Leperin ölçmələrinin səhv olduğunu sübut etdilər. 1846-cı ildə fransız və ingilisi mühəndislər kanalın çəkilməsi ilə bağlı layihə hazırladılar. Amma bu layihə təqribən 9 il diqqətdən kənarda qaldı. 1855-ci ildə kanal ideyası fransız diplomat Ferdinand de Lessepsin diqqətini cəlb etdi. Layihənin əhəmiyyətini dərhal qiymətləndirən Lesseps “yeni Bosfor”un tikintisi üçün Misirin vitse-kralı Səid Paşadan icazə aldı. Lesseps Səid Paşa ilə 1830-cu illərdən tanış idi, ona görə də icazə almaq çətin olmadı. Elə həmin il Lesseps kanalın tikintisi ilə bağlı Türkiyə sultanının da fərmanını aldı. 1859-cu ildə Süveyş kanalının tikintisi ilə bağlı şirkət yaradıldı.

Kanalın səhmləri açıq satışda
İlkin hesablamalara görə, Süveyş kanalının tikintisi 200 milyon franka başa gələcəkdi. İndi bu pulu tapmaq lazım idi. Ferdinand Lesseps bu məqsədlə əvvəlcə Britaniyaya müraciət edir. Amma Londonda buna həvəsiz yanaşdılar. Həmin vaxt Britaniya onsuz da dünyada ən güclü donanmaya malik idi və Hindistana gedən dəniz yolları ingilislərin nəzarətində idi, kanalın açılması isə bu üstünlüyü heçə endirirdi. Ona görə də Londonda alternativ yolun yaradılmasını istəmir, üstəlik, buna hər vəhclə mane olmağa çalışırdılar. Amma Lessepsin yaxşı əlaqələri, eləcə də layihəyə Fransa hökmdarı III Napoleon Səid paşanın himayədarlıq etməsi ingilislərə mane oldu. Avropanın digər ölkələri və ABŞ da fransızların bu ideyasını dəstəkləmədilər və kanala vəsait ayırmadılar.

Vəziyyəti belə görən Ferdinand Lesseps riskli addıma əl atır – “Süveyş kanalı” şirkətinin səhmləri hər biri 500 frankdan açıq satışa çıxarılır. Avropada bununla bağlı geniş reklam kampaniyası da başlayır, amma iri maliyyə investorları bu kağızlara inamsızlıqla yanaşırlar. İngiltərə, Prussiya və Avstriyada isə bu səhmlərin satışı ümumiyyətlə qadağan edilir. Amma heç kimin gözləmədiyi halda bu layihəyə Fransanın orta sinfi – vəkillər, məmurlar, müəllimlər, zabitlər, tacirlər və sələmçilər maraq göstərirlər. Nəticədə səhmlər sürətlə satılmağa başlanır. Ümumilikdə “Süveyş kanalı ümumi şirkəti”nin 400 min səhmi satıldı. Bunların 52%-i Fransada satıldı, 44%-ni Misir hökuməti tərəfindən Səid paşa, 4%-ni isə digər dövlətlərin şirkətləri aldı. Nəticədə şirkətin nizamnamə kapitalı 200 milyon frank və ya indiki məzənnə ilə 3 milyard dollar oldu.

Müqavilənin şərtlərinə görə, kanaldan əldə olunan gəlirin 75%-i səhmdarlara, 15%-i Misirə, 10%-i isə şirkətin yaradıcılarına çatmalı idi. Bundan başqa, kanal istifadəyə veriləndən 99 il sonra o Misirin mülkiyyətinə keçməli idi.

Adambaşına 2 kubmetr torpaq norması
Kanal demək olar ki, bütünlüklə əl əməyi ilə tikilib. Çünki Səid paşa kanalın tikintisinə razılıq verməklə yanaşı, onu ucuz işçi qüvvəsi ilə təmin etməyi də öhdəsinə götürmüşdü. Normaya görə, hər işçi gün ərzində kanalın məcrasından 2 kubmetr torpaq çıxarmalı idi. Kanalın tikintisində Avropadan gələn yeganə texnoloji yenilik ekskavatorun ilk versiyası idi.

Kanalın tikintisi ilə bağlı böyük texniki çətiniklər vardı. Fəhlələr susuz səhrada, gün altında işləyirdilər. Hər gün təkcə suya tələbatı ödəmək üçün 1600 dəvə ilə su daşınırdı, sonradan tikintiyə şirin su xətti çəkildi. Amma işçilər arasında ölüm halları böyük idi. Ümumilikdə tikintiyə 20-40 min nəfər çalışırdı. Kanalın xərcləri gözləniləndən artıq oldu. 200 milyon frank tezliklə xərcəndi, sonradan yeni istiqrazların buraxılması ilə bu məbləğ əvvəlcə 476 milyona, sonra isə 576 milyon franka çatdı. İndiki məzənnə ilə bu 8,5 milyard dollar deməkdir. Tikintinin müddəti də uzandı və 6 il əvəzinə 11 il davam etdi.

Azadlıq abidəsi, “”Aida” operası və Süveyş kanalı
Nəhayət, 1869-cu ildə Süveyş kanalının təntənəli açılışı oldu. Misir rəhbərliyi ilə yanaşı burada Fransanın imperatriçası Yevgeniya, Avstriya-Macarıstanın imperatoru Frans İosif, Hollandiya şahzadələri, Prussiya şahzadəsi iştirak edirdi. İndiyədək Misirdə bu qədər yüksək qonaqlar toplaşmamışdı. Kanalın açılışının bayram şənlikləri 7 gün davam etdi və Misir hökumətinə 28 milyon franka başa gəldi. Yeri gəlmişkən, kanalın işə düşməsi münasibətilə italyan bəstəkar Cüzeppe Verdi “Aida” operası hazırlayırdı, amma şənliklərə qədər onu başa çatdırmaq mümkün olmadı. Bu operanın premyerası 1871-ci ildə Qahirə operasında baş tutdu.

Yeri gəlmişkən, hazırda Nyu-Yorkun simvolu olan Azadlıq Abidəsini əvvəlcə “Asiya işığı” adı ilə Port-Səiddə ucaltmaq planlaşdırılırdı. Amma Misir rəhbərliyi hesab etdi ki, bu konstruksiyanın Fransadan gətirilib quraşdırılması dövlətə çox baha başa gələcək, ona görə də bu ideyadan imtina edildi.

Misir hökumətinə baha başa gələn layihə
Gözlənildiyi kimi, Süveyş kanalı dünya ticarətinə dərhal təsirini gstərdi. Qeyd edək ki, bundan cəmi 6 ay əvvəl ABŞ-da ilk transkontinental dəmiryolu istifadəyə verildi. Nəticədə indi bütün dünyanı rekord dərəcədə qısa müddətdə səyahət etmək mümkün idi. Kanalın işə düşməsi Afrikanın müstəmləkələşməsini də sürətləndirdi.

Amma Misir hökuməti Süveyş kanalından gözlədiyi faydanı götürə bilmədi. Kanalın tikintisinə sərf edilən böyük xərclər Msirin iqtisadi vəziyyətini pisləşdirmişdi, ölkə xarici borclarını ödəyə bilmirdi. Bundan istifadə edən 1875-ci ildə Böyük Britaniyanın baş naziri Dizraeli 4 milyon funt sterlinq ödəyərək Misir rəhbərliyindən İsmayıl Paşadan kanalın səhmlərinin 176 602-sini aldı. Nəticədə Britaniya kanalın səhmlərinin 44%-nə sahib oldu.

Müqaviləyə görə, səhmdarların qazancından başqa, kanaldan gəlirin 15%-i Misirə çatmalıydı. Amma 1880-ci ildə Misir hökuməti bu payı da satmalı oldu. Nəticədə rəsmi Qahirə kanalın idarəçiliyindən və buradan götürülən gəlirin bölüşdürülməsindən kənarlaşdırıldı, onun faktiki sahibi İngiltərə oldu.

1882-ci ildə isə bütün Misir İngiltərə tərəfindən işal olundu. Doğrudur 1888-ci ildə İstanbulda Süveyş kanalından bütün ölkələrin sərbəst istifadəsi ilə bağlı beynəlxalq konvensiya imzalandı. Amma bütün bu dövrlərdə, o cümlədən 1-ci və 2-ci dünya müharibələrində Süveyş kanalı ilə daşımaları İngiltərə tənzimləyirdi.

Süveyş kanalı öz sahibinə qayıdır
1952-ci ildə Misirdə baş verən inqilab nəticəsində yeni hökuət quruldu və Süveyş kanalı milliləşdirildi. Cavabında Britaniya, Fransa və İsrail ordusu Misirə hücum etdi. 1 həftə davam edən müharibə nəticəsində kanala böyük zərər dəydi, burada hərəkət dayandı. Yalnız BMT bu ərazini neytral zona elan etdikdən və kanal təmizləndikdən sonra burada daşımalar yenidən 1957-ci ildə bərpa edildi. 1967-ci və 1975-ci illərdəki qarşıdurmalar zamanı da Süveyş kanalı işini müvəqqəti dayandırmalı olurdu. Amma bundan sonra kanalın işində problem yaranmadı və indiyədək bu kanal dünya ticarətində mühüm yer tutur.

Dünya ticarətinin 10%-nin keçdiyi yol
Hazırda Süveyş kanalı dünyanın ən təhlükəsiz və ucuz nəqliyyat marşrutlarından biridir. Dünyadakı dəniz daşımalarının təqribən 10%-i Süveyş kanalından keçir. Kanalın əhəmiyyəti o qədər böyükdür ki, onun işindəki prorblemlər və ya fasilələr dünya bazarında neftin qiymətinə təsir edir. Buradan hər gün 48 gəmi, il ərzində isə 17-18 min gəmi keçir. Hazırda Süveyş kanalı, neft və turizmlə yanaşı, Misir büdcəsinin əsas gəir mənbələrindən biridir. Hər il buradan büdcəyə 5 milyard dollara gəlir daxil olur.

Qaydalara görə, Süveyş kanalından bütün ölkələrin gəmiləri keçə bilər, bir şərtlə ki, onlar Misirlə müharibə vəziyyətində olmasın. Bundan başqa, kanaldan atom mühərriki ilə işləyən gəmilər də keçə bilməz.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...