Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Səfir: “Misir prezidentinin Azərbaycana səfərinə hazırlıq aparırıq” – MÜSAHİBƏ

Misir prezidenti Azərbaycana səfər edəcək.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin APA-ya müsahibəsi

– İki ölkə arasında əsrlərə söykənən münasibətlərin indiki səviyyəsi barədə nə deyə bilərsiniz?

– Azərbaycan-Misir əlaqələrinə nəzər saldığımız zaman münasibətlərimizin qədim tarixinin olduğunu görə bilirik. Hələ dini müharibələr, səlib yürüşləri zamanı islam aləmində sərkərdə kimi əfsanələşən, Qüdsü xaçlı işğalından azad edən, məharəti və alicənablığı ilə xristian aləmində belə hörmət qazanan Səlahəddin Əyyubinin bir çox ərəb-Misir tarixi mənbələrində Azərbaycanda anadan olduğu vurğulanır. Bəzi erməni tarixçiləri Səlahəddin Əyyubinin erməni mənşəli olduğunu irəli sürür. Ancaq Səlahəddin Əyyubinin orduyla Misirə gəldiyi zaman ona ən sərt müqaviməti buradakı ermənilər göstərmişdi. Bəzi mənbələrdə Səlahəddin Əyyubinin kürd mənşəli olduğu dilə gətirilir. Bu halda onun atasının uşaqlarına, yəni Səlahəddin Əyyubinin qardaşlarına Şahinşah, Turanşah, Tuğtəkin adlarının qoyduğu necə izah edilir? Ancaq mövzumuz bu deyil. Orta əsrlərdə Misirin nüfuzlu və tanınmış ailələri arasında Gəncəvi, Şirvani, Naxçıvani, Bakuvi soyadlarına rast gəlmək mümkündür. Bu soyadlı şəxslər arasında zəmanəsinin tanınmış hakimləri, qazıləri, təbibləri, tarixçiləri, memarları, din xadimləri var.

Xalqlarımız arasındakı bu dostluq əlaqələri müasir dövrümüzdə də inkişaf etməkdədir. Misirin Qallubiyyə vilayətində Misir-Azərbaycan Dostluq Parkı salınıb və orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılıb. 2016-cı ildə Qallubiyyə ilə qardaşlaşmış olan Abşeron rayonunun İcra Hakimiyyətinin dəstəyi ilə parkda yenidənqurma bərpa, abadlıq və yaşıllaşdırma işləri aparılıb. Qallubiyyə vilayətində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adını daşıyan orta məktəb fəaliyyət göstərir. 2017-ci ilin nailiyyətlərinə görə bu təhsil ocağına ilin nümunəvi məktəbi adı verilib. Abşeron rayonu ərazisində Azərbaycan-Misir Dostluq Parkı salınıb. Bütün bunlar iki ölkə arasında dostluq münasibətlərinin bariz nümunələridir.

– Misir və Azərbaycan hər zaman beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edir. Bu əlaqələr barədə nələri qeyd edə bilərsiniz?

– Azərbaycan və Misir arasında diplomatik əlaqələr yüksək səviyyədədir. Bunu həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığa şamil etmək olar.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin layihələrinə dəstək verir. Ümumiyyətlə, Misir Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü tanıyır və buna hörmətlə yanaşır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesi çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin irəli sürdüyü (istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də qaçqın və məcburi köçkünlərimiz, Xocalı soyqırımı) bütün təklif və təşəbbüsləri dəstəkləyib. Misir Ərəb Respublikası ikitərəfli əməkdaşlıq formatında da Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək arzusunda və əzmindədir. Bunu MƏR prezidenti Əbdülfəttah Əs-Sisi 2016-cı ilin noyabrında AR xarici işlər naziri Elmar Məmmədyarovu, bir neçə gün bundan əvvəl, yəni 2018-ci ilin 22 fevral tarixində iqtisadiyyat naziri Şahin Mustafayevi qəbulu zamanı xüsusi vurğulayıb. Hər iki görüşdə Misir dövlət başçısı demək olar ki, eyni fikri səsləndirib. Prezident Əbdülfəttah Əs-Sisi “Ölkəmizin çətin günlərində bizə böyük dəstək verən Azərbaycanın yardımlarını heç bir zaman unutmayacağıq. Azərbaycan hansı sahədə əməkdaşlıq etmək istərsə, biz buna hər zaman hazırıq və bunu var gücümüzlə dəstəkləyəcəyik”. Misir dövlət başçısının hər iki il demək olar ki, eyni bəyanatla çıxış etməsi onun bu məsələdə səmimi və əzmli olduğuna dəlalət edir.

– Misir və Azərbaycan arasında iqtisadi əlaqələrin hər iki ölkənin iqtisadi potensialını əks etdirən və arzuolunan səviyyəyə yüksəlmədiyi deyilir. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Misir tərəfi Azərbaycan bazarını tədqiq etməklə öz ixracatının həcmini artıra, eləcə də Azərbaycanın neft məhsulları və xam neftindən faydalana bilər. Siz bu haqda nə düşünürsünüz?

– Azərbaycan və Misir arasında iqtisadi əlaqələr mövcuddur. Əlbəttə, bu əlaqələr qənaətbəxş sayılsa da, kifayət deyil. Əvvəlki illərdə yüksək ticarət dövriyyəsinin təməlini neft və neft-kimya məhsulları təşkil edirdi. Neftin qiymətinin yüksək olması iki ölkə arasındakı ticarət dövriyyəsinin göstəricilərində də əksini tapırdı. İki ölkə arasındakı illik ticarət dövriyyəsi yarım milyard ABŞ dollarını keçirdi. Neft qiymətlərinin sürətli düşüşü və buna əlavə olaraq, Körfəz ölkələrinin və xüsusilə də Səudiyyə Ərəbistanının Misirə uzunmüddətli kreditlərlə verdiyi neft ölkələrimiz arasındakı ticarət dövriyyəsinə də təsirsiz ötüşmədi. Lakin bütün bunlara baxmayaraq, ölkələrimiz arasında hələ də güclü iqtisadi əməkdaşlıq mövcuddur. Belə ki, 2017-ci il ərzində ancaq enerji sektorundakı ticarət dövriyyəsi 130 milyon ABŞ dollarını keçib. Ölkəmiz Misirdən reaktiv mühərrik yanacağı, soba mazutu alıb, bu ölkəyə isə benzin və xam neft ixrac edib.

İki ölkə arasında ticarət dövriyyəsi ancaq enerji sektorundan ibarət deyil. Belə ki, Misirdən ölkəmizə 30-dan çox dərman preparatı daxil olur. Təxminən elə o qədər də dərman hazırda qeydiyyat mərhələsindədir. Misirdən ölkəmizə mebel dəstləri, tekstil məhsulları, parçalar aparılır. Azərbaycandan Misirə isə bəzi qida məhsulları, xalçalar və ipək məmulatları gətirilir. 2017-ci il üçün statistik məlumatlar hələ ki tam hesablanmayıb. Amma düşünürəm ki, bu rəqəm 200 milyon ABŞ dollarından yüksək olacaq. Əlbəttə ki, bu rəqəmlərə qarşılıqlı turizm sektorunun göstəriciləri də əlavə olunacaq. Statistik məlumatlara əsasən hər iki tərəfə gələn turistlərin sayında 50 faiz artım müşahidə olunur.

– Şarm Əl-Şeyxə birbaşa aviareysin yenidən açılması barədə danışıqlar aparılır. Bununla bağlı işlər nə yerdə qalıb? Ölkəmizə Misirdən turistlərin cəlb olunması üçün başqa hansı addımlar atılmalıdır?

– 2016-cı ilin iyun ayında Şarm Əl-Şeyx ilə Bakı arasında birbaşa uçuşlar həyata keçirilib. Bir ay yarım davam edən bu uçuşları Misirin “Air Cairo” hava yolu şirkəti aparırdı. Lakin uçuşlar özünü doğrultmadı. Bunun bir sıra səbəbləri var. Bunlardan birincisi Azərbaycanda müvafiq hazırlıq-reklam tədbirlərinin aparılmaması, ikincisi uçuş tarixlərinin qeyri-münasib seçilməsidir. Belə ki, 2016-cı ilin iyun ayı Şarm Əl-Şeyx üçün olduqca isti keçirdi, həm də orucluq, yəni Ramazan ayına təsadüf etmişdi. Üçüncü, bəlkə ən çox təsir edən cəhət isə ölkədəki terror aktları və bunların Rusiya və Türkiyə kütləvi informasiya vasitələrində geniş işıqlandırılması idi. Halbuki Misir turistik şirkətlərinin təqdim etdiyi turist paketləri xeyli cazibədardır. Bir turistin Bakıdan gəlib Şarm Əl-Şeyxdə beş ulduzlu mehmanxanada bir həftə qalması, burada gündə 3 dəfə açıq bufet yemək, hava limanında viza və təyyarə bileti daxil olmaqla, 750-850 ABŞ dolları təşkil edirdi. Bu, həqiqətən olduqca sərfəli qiymətlər idi. Qeyd etmək istərdim ki, Şarm Əl-Şeyxdə turistlərimiz üçün dil problemi də mövcud deyil. Buradakı turizm sektorunda xidmət edənlərin 60-70 faizi rus dilində danışır, başa düşür. Amma keçənə güzəşt deyərlər. Cari ildə biz yenidən Şarm Əl-Şeyx – Bakı reyslərinin bərpa olunması üçün çalışırıq.

– Azərbaycanla Misir arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində hansı addımlar atılır?

– Ölkələrimiz arasında münasibətlərin inkişafı və dərinləşməsi üçün intensiv iş aparılır. İlk növbədə bütün sahələrdə əməkdaşlıq üçün hüquqi baza yaradılır. Hazırda ölkələrimiz arasında əllidən çox sənəd imzalanıb, 10-a yaxın sənəd imzaya hazır, 20-yə yaxın sənəd isə hər iki tərəfdə razılaşdırma mərhələsindədir. Həm Azərbaycanda, həm Misirdə vətəndaşlar üçün əlavə iş yerinin yaradılması, alternativ keyfiyyətli məhsulların ortaya çıxması üçün müştərək şirkət, fabrik və zavodların qurulması məqsədilə nüfuzlu iş adamlarının qarşılıqlı səfərləri təşkil olunur. Səfirliyimizin əsas vəzifələrindən biri də ölkəmizin qədim tarixini, zəngin mədəni irsini, füsunkar təbiətini, əlverişli coğrafi mövqeyini, inkişafda olan iqtisadiyyat və kənd təsərrüfatını, böyük və çox sahəli turizm potensialını Misirdə tanıtmaq və təbliğ etməkdir.

– Misirdən Azərbaycana, Azərbaycandan Misirə yüksək səviyyəli səfərlər gözləmək olar?

– Keçən ilin dekabr ayında bütün Misirin müftüsü (Misirdə olduqca yüksək vəzifədir və bu vəzifədə olan şəxsin din sahəsindəki nəsihətləri bir çox başqa ölkələrdəki müsəlmanların da bu və ya digər dini və fəlsəfi məsələlər ilə əlaqədar baxış və mövqeyini formalaşdırır) Azərbaycanı ziyarət etmişdi. Bu, Misir müftüsünün Azərbaycana ilk səfəri idi. Eyni zamanda, 2017-ci ilin dekabr ayında Misir parlamentinin din məsələləri üzrə daimi komissiyasının sədri də ölkəmizə gəlmişdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizə gələn hər iki qonağı qəbul etmişdi. Keçən il ərzində Misir ali təhsil nazirinin birinci müavini, Cənub Sinay vilayətinin qubernatoru ölkəmizdə səfərdə olmuşlar. Cari ilin fevral ayında isə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətimiz Misirdə işgüzar səfərdə olub. Cari ilin aprel ayında ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir. Bu tədbir çərçivəsində MƏR xarici işlər nazirinin ölkəmizə səfəri gözlənilir. İl ərzində Misirin investisiyalar və beynəlxalq əməkdaşlıq nazirinin də ölkəmizə səfəri planlaşdırılır. Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin də ölkəmizə rəsmi səfərlə gəlmək arzusunda olduğu məlumdur. Bu səfər ətrafında da iş aparırıq.

– 2011-ci ildəki inqilabdan sonra Misirdə vəziyyət necədir? Bu ölkədə nə qədər azərbaycanlı yaşayır?

– 2011-2013-cü illər Misirdə hökm sürən inqilabi şərait ilk növbədə ölkə iqtisadiyyatına və mövcud sabitliyə çox mənfi təsir göstərmişdi. Ölkə iqtisadiyyatı böhran vəziyyətinə düşmüş, qeyri sabit ictimai vəziyyət yaranmışdı.

O qeyri-sabitlik hökm sürən illərdə bu ölkədə yaşayan, işləyən, təhsil alan yüzlərlə, hətta minlərlə Azərbaycan vətəndaşı Misiri tərk etmişdi. Hazırda daimi əsasda Misirdə yaşayan azərbaycanlıların sayı 43 nəfərdir. Bu rəqəm səfirliyimizə müraciət edən və səfirliyimizdə konsulluq qeydiyyatına alınan vətəndaşlarımızın sayıdır.

– 21-22 fevralda Qahirədə Azərbaycan-Misir hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçirildi. İclasda nələr müzakirə edildi və hansı sazişlər imzalandı?

– Azərbaycan-Misir hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın son III iclası 2007-ci ildə Bakıda keçirilmişdi. 2016-cı ildə Misir Ərəb Respublikası eyni zamanda Sudan Respublikasında səfir və Ərəb Dövlətləri Liqasında nümayəndə vəzifəsinə təyin olunduğum zaman qarşımda duran əsas işlərdən biri də bu komissiyanın mütəmadi fəaliyyətini bərpa etmək idi. Nəhayət, 2 ildən sonra müştərək komissiyanın IV iclası keçirildi. Səfir kimi bundan olduqca məmnunam. Müştərək komissiyanın iclasının protokolu imzalandı. Bu sənəddə iki ölkə arasında iqtisadi, mədəni, elmi və texniki əməkdaşlıq sahələrini əhatə edən bəndlər əksini tapdı. Olduqca geniş və əməkdaşlığın bütün sahələrini əhatə edən bir sənəddir. Bundan başqa, digər iqtisadi sənədlər də imzalandı. Ancaq imzalanan sənədlərlə yanaşı, Müştərək Komissiya çərçivəsində aparılan görüşlər də bir o qədər əhəmiyyətli və məzmunlu idi. Belə ki, Müştərək Komissiyanın həmsədri, Azərbaycan iqtisadiyyat naziri Şahin Musatafayevi qəbul edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanal güclü əməkdaşlığın tərəfdarı olduğunu və bu əməkdaşlıqda bütün təkliflərimizi dəstəkləyəcəyini bildirdi. MƏR xarici işlər naziri Sami Şükri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycan xalqının arzuladığı kimi həllinə tərəfdar olduğunu nəzərə çatdırdı. Mədəniyyət nazirinin müavini Ədalət Vəliyevin misirli həmkarı ilə 2019-cu ildə Qahirədə ölkəmizin mədəniyyət günlərinin keçirilməsi, 2020-ci ildə isə Bakıda Misir mədəniyyət günlərinin keçirilməsi planlaşdırıldı.

Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin həmkarı ilə görüşündə bu sahədə ölkəmizdə qəbul olunan dövlət proqramları və əməkdaşlıq potensialı Misir tərəfinin marağına səbəb oldu. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin misirli həmkarı və çox sayda farmokologiya şirkətlərinin rəhbərləri ilə görüşündə dərman ixracatı, qeydiyyat qaydaları, müştərək dərman istehsalı məsələləri müzakirə olundu.

ARDNŞ vitse-prezidenti Süleyman Qasımov misirli həmkarları ilə əməkdaşlıq perspektivləri barədə səmərəli fikir mübadiləsi apardı. Bütün bunlar iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün böyük və müsbət faktorlardır.

– Misirin MDB ölkələri və yeni müstəqillik qazanmış dövlətlər üzrə Texniki Əməkdaşlıq Fondu mövcud idi. Fond Azərbaycan tərəfinə müxtəlif maddi və digər yardımlar göstərmiş, Misirdə təhsil almış bəzi azərbaycanlı tələbələrin təhsil xərclərini öz üzərinə götürmüşdü. Hazırda Fondun Azərbaycana hansı yardımları gözlənilir?

– Misirin MDB ölkələri üzrə Texniki Əməkdaşlıq Fondu SSRİ-nin dağılmasından sonra yaranmış bir təşəbbüs idi. MDB məkanında geniş fəaliyyət aparırdı. Lakin Misirdəki inqilablar, qeyri-sabit ictimai vəziyyət və iqtisadi böhran bu Fonda da təsirsiz ötüşmədi. İnqilablardan sonra Azərbaycanla əlaqədar hər hansı bir layihəsi mövcud deyil. Hazırda 15 tələbəmiz Misirin Azərbaycandakı Mədəniyyət Nümayəndəliyi xətti ilə Qahirədə ərəb dili təkmilləşdirmə kurslarında tədris göstərməkdədir.

– Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri haqda nə deyə bilərsiniz?

– 6-7 il bundan əvvəl Misirdə olan qeyri-sabit siyasi-ictimai vəziyyət, burada təhsil alan tələbələrimizin ölkəni tərk etmələrinə səbəb olmuşdu. Hazırda Misirdə vəziyyət sabitdir. Asayiş bərqərar olunub. İqtisadi inkişaf nəzərə çarpır. Əlbəttə, belə vəziyyətdə gənclərimiz üçün Misirdə yenidən təhsil almaq mühiti yaranıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair yeni sənəd tərtib olunub və imza üçün hər iki tərəfdən razılaşdırılıb. Yaxın zamanda bu sənədin imzalanması ilə təhsil və tələbə mübadiləsi sahəsində yeni mərhələnin başlayacağına ümidvarıq.

– Azərbaycanın Misirdəki səfiri kimi qarşınıza hansı məqsədləri qoymusunuz?

– Misirə səfir təyin olunmağımdan iki il keçib. Bu zaman ərzində siyasi-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlığımızda mövcud olan müsbət dinamika davam etdirilir, əməkdaşlığımız inkişaf etdirilir. Qarşılıqlı siyasi dəstək sürür, iqtisadi əlaqələr şaxələndirilir. Əvvəllər MƏR prezidenti və baş naziri iki ölkə arasındakı münasibətləri “dostluq” deyə adlandırırdısa, hazırda münasibətləri “dostluq və qardaşlıq” kimi qiymətləndirirlər. Qeyd etmək istərdim ki, bu “qardaşlıq” kəlməsi ərəb dövlətlərinin ancaq bir-birinə müraciət edildiyi zaman işlədilir. Azərbaycan ilə Misir diplomatik münasibətlərin ən yüksək həddi olan strateji əməkdaşlığa addım-addım yaxınlaşmaqdadır. Məndən əvvəl bu vəzifədə çalışanlar kimi, mən də bu istiqamətdə öz töhfəmi verməyə çalışıram. Hər bir səfir üçün ən böyük nailiyyət isə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin, Xarici İşlər Nazirliyinin qarşımızda qoyduğu vəzifə və tapşırıqları uğurla həll etməkdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...