Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Selektiv abortlara qarşı yeni layihəyə start verildi – FOTOLAR

Selektiv abort probleminin həlli mövcuddur?

Bu gün Azərbaycan Avropa Hərəkatı tərəfindən Avropa Komissiyasının maliyyə dəstəyi ilə “Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə üçün ana və qız uşaqlarının hekayələrinin paylaşılması” layihəsinin açılış mərasimi keçirildi.

Din.az Publika.az-a istinadən xəbər verir ki, tədbirdə Hollandiya səfiri Özge Tufan, Belçika səfiri Bert Şxufs, Ruminiya səfiri Kristian Korom, Avstriya səfiri Azel Vex, Ukrayna səfiri Valentin Volkova, Latviya səfiri Yuris Maklokovs, Rusiya səfiri Vladimir Doroktinlə yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, millət vəkili Fazil Mustafa, professor Qulu Məhərrəmli, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, layihə ekspertləri Pərvanə Məmmədova, Rövşən Bağırov, “Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova, yazıçı-publisist Aysel Əlizadə və bir sıra ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri açıq elan edən A.Əlizadə qadının cəmiyyətlərdəki yerindən, selektiv abortlardan və cinsi ayrı-seçkilikdən danışdı:

“Selektiv” sözü latın dilində “seçmək” anlamı verir. Psixologiyada da belə bir məqam mövcuddur. İnsanlar müxtəlif seçim hüquqlarına sahibdirlər və davranışlarını seçirlər. Lakin təəssüf olsun ki, qadının hələ ana bətnində olarkən taleyi həll olunur. Selektiv abort probleminin həlli tam şəkildə mövcud deyil. Lakin, hələ ki qadınlara – təzyiq olunmursa – bu haqq tanınır. Bu problemlə mübarizədə bizimlə qız övladından məmnun olan atalar da iştirak edəcək”.

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı çıxışı zamanı Beynəlxalq Avropa Hərəkətının ümumi fəaliyyətindən danışdı. O bildirdi ki, ABŞ, Almaniya səfirlikləri, “Marşal” Fondu və digər qurumlarla əməkdaşlıq çərçivəsində gender probleminə həsr olunmuş çoxsaylı layihələr həyata keçiriblər:

“Hazırda Azərbaycanda erkən nikahlar, qadın zorakılığı və selektiv abortlar bir çox mövzunun təməlində dayanır. Biz bu layihə ilə bağlı 2014-cü ildə rəsmi olaraq təsdiq almışdıq. Lakin müəyyən səbəblərdən layihənin təbliği gecikmişdi. Nəhayət bu gün biz bunu gerçəkləşdirdik”.

Ombudsman E.Süleymanova tədbirdə qadın zorakılığına dair konstitusiyada qəbul olunan qətnaməyə diqqət çəkdi:

“Hər il BMT-nin İnsan hüquqları günü, yəni 10 dekabrda bütün dünyaya bir ismarış, çağırış göndərilir. Bu ilin şüarı isə “İnsan hüquqlarının mübarizəsinə bu gündən qalx” olub. Mən çox şadam ki, bu gün gənc nəsil bu aktual mövzu üzərində işlər aparır və problemin həllinə yönəlmiş layihələr gerçəkləşdirir. Son 10 ildə qadın zorakılığı mövzusunda bir çox təbliğat xarakterli işlər görülüb. Əsas məqsədimiz azyaşlı qızların hüquqlarının pozulmasının qarşısını almaqdır. Abort məsələsinin bu qədər gündəmə gətirilməsinin səbəbi odur ki, hələ ana bətnində cinsiyyətinə görə qızların hüquqları tapdanır. Daha sonra təhsil sahəsində qızların hüquqları pozulur. Şərqdə Hacı Zeynalabdin Tağıyev tərəfindən qızlar üçün ilk məktəbin açılması da keçən əsrin əvvəllərindən Azərbaycanda bu mövzuda mübarizənin başladığının sübutudur. Bu gün cinsi zorakılığın, insan alverinin qurbanı olan qadınlara, qızlara sığınacaqlar verilməli, onların reablitasiyası üçün təbliğatlar aparılmalıdır. Buna görə də, biz çalışırıq ki, paytaxtdan kənarda, ucqar bölgələrimizdə baş verən bu kimi problemlərin həlli üçün insanları maarifləndirək”.

“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, bu gün savadsız, ali təhsildən məhrum edilən qadınlarla yanaşı, ali təhsilli, ziyalı qadınlarımıza qarşı da müxtəlif məişət zorakılıqları baş verir. Bunun əsas səbəbi isə ailə daxilində mental streotiplərin aşılmamasıdır:

“Bizim sığınacağa bir qadın gəlib. 31 yaşında evdə işləyən usta tərəfindən təcavüzə uğrayır. Bu hadisədən sonra başına gələnləri heç kimə danışa bilmir. Qısa vaxt sonra bir kişi ilə ailə qurur. Həmin kişi onu bütün gerçəkliklərlə qəbul edir, lakin uşaq vaxtından tez dünyaya gəldiyi üçün qadının ailəsi, anası, atası, qardaşları xüsusilə bacısı onun üzərinə düşərək izahat tələb edir. Qardaşları dərhal boşanmasını istəyir. Körpəni əlindən alaraq uşaq evinə verirlər. Qardaşları ona dərman verərək intihar etməsini tələb edirlər. Bu qadın nə edəcəyini bilmir və bizim sığınacağa müraciət edir. Hazırda biz onun hüquqlarının bərpası istiqamətində lazımı tədbirlər görürük. Məhz bu problemlərin həlli üçün qadınların iqtisadi mövqelərini artırmaq, kişilərdən asılılığını mümkün mərtəbə azaltmaq lazımdır. İnsani duyğuların, sevginin təbliğinə güclü ehtiyac var”.

Millət vəkili Fazil Mustafa isə bildirdi ki, bu zorakılıqların qarşısını almaq üçün əvvəlcə qadınlara qadınlar tərəfindən yönəldirlən zorakılığın qarşısı alınmalıdır:

“Azərbaycanı dünyaya daşımaq üçün, kənar müdaxilələr olmadan, real ölkə görünüşünü aşılamaq lazımdır. Bunun üçün isə mütləq şəkildə ölkədə qadınların mövqeyini möhkəmləndirmək istiqamətində təbliğat aparılmalıdır. Xüsusilə ölkədə müəyyən streotiplərin qırılması lazımdır ki, hüquqi addımlar atıla bilsin. Ümumiyyətlə, hər hansı cinayət əməlində belə ilk baxılan nüans niyyətdir. Mənə elə gəlir ki, abort məsələlərində valideynlərin üzərinə düşən məsuliyyət artırılmalıdır. Cinsiyyətə görə uşağın ana bətnində tələf edilməsi özü də cinayətdir.”

F.Mustafa qeyd etdi ki, bu gün əyalətlərdəki məktəblərdə oğlan və qızlar arasında fərq bunu göstərir:

“Bölgələrdə xanım kolleci modeli təbliğ edilməlidir. Çünki rayonlarda qızlar 8-ci sinifdən yuxarı təhsil ala bilmir. Bunun qarşısını almaq üçün ciddi təbliğata ehtiyac var. Qızlada təhsil və ya peşə təhsilinin – musiqi, dərzi və s. peşələrin öyrədilməsi vacibdir”.

Millət vəkili onu da əlavə etdi ki, qadınları kişilərlə yanaşı, qadınların zorakılığından da azad etmək lazımdır:

“Qadın zorakılığı məhz ata evindən başlayır. İlk olaraq ailədə ana, böyük bacı, nənə, xala, bibinin qızlara təzyiqi, zorakılığı sonradan kişilər tərəfindən başlanan zorakılığın təməlini təşkil edir. Bu kimi halların qarşısını almaq üçün valideynlərlə, orta nəslin nümayəndələri ilə də söhbətlər aparılmalıdır. Uğurlu sonuc əldə etmək üçün mütləqdir ki, kompleks tədbirlər görülsünn. Ümid edirəm ki, bu kimi layihələr uğurlu nəticələr verəcək”.

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli isə azərbaycanlı şairlərdən misal çəkərək sözünə başladı:

“Azərbaycanda bədii yaradıcılıqda qadın təsviri olduqca geniş yer tutur. Şairlərimiz deyirlər ki, qadınla yaşamaq qadınsız yaşamaqdan daha çətindir.

Amerikanın sabiq prezidenti Klinton deyib ki, qadının dəyişməsi bütün bir cəmiyyətin dəyişməsi deməkdir. Bəs biz bu dəyişimi necə anlayırıq? Bəzən düşünürlər ki, kişilər düşüncələrini dəyişməlidir, bəzən isə deyirlər ki, sosial dəyişimlərə ehtiyac var. Amma ümumiləşdirsək, görərik ki, bu kompleks şəkildə baş verməlidir. Bu yanaşmalar dəyişməsə, insan şüuru paslanacaq. Bəşəri dəyərlər gündəmə gətirilməli, geniş müzakirə edilməlidir. Bu istiqamətdə isə KİV-in rolunu xüsusi vurğulamaq istəyirəm. Çünki, bu gün cəmiyyət KİV-in təsiri altına daha çox düşür. İctimai qınaq olduqca güclü silahdır. Yetər ki, bu gücü düzgün istiqamətə yönəldək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...