Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə şahzadəsi niyə vəhhabiliyə qarşı çıxır? – Elşad Miri

Elşad Miri: “Səudiyyədə elə qaydalar var idi, adam dəhşətə gəlirdi”.

Səudiyyə Ərəbistanında vəhhabilik deyilən din anlayışı yoxdur. Oradakı rəsmi din anlayışı sələfilik də deyil. Düzdür, biz onlara sələfi deyirik, lakin orada rəsmi məzhəb həmbəli məzhəbidir. Bu məzhəbə uyğun olaraq onlar öz şəriət və ehkamlarını qurublar.

Din.az bildirir ki, bu fikirləri Teleqraf.com-a ilahiyyatçi Elşad Miri Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın ABŞ səfəri çərçivəsində mətbuata açıqlaması zamanı “soyuq müharibə” dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıq” fikrini edərkən deyib.

Müsahibimiz deyib ki, onun özü də şahzadə Məhəmmədin bu fikirləri ilə tanış olub:

“Ancaq onun ABŞ-da verdiyi müsahibəni ilk mənbədən əldə edib oxuya bilmədim. Tərcümədə bəzi ifadələrdə təhrif ola bilər. Çünki bu məsələ 1800-ci illərdə ortaya çıxıb. Həmin dövrdə nə kommunizmdən, nə də “soyuq müharibə”dən söhbət gedirdi. Əksinə, həmin dövrdə Səudiyyənin əsas müttəfiqi İngiltərə idi. Üstəlik İngiltərənin oyunu kommunizmi vurmaq deyil, Osmanlıya qarşı ərəbləri toplayaraq ərəb üsyanını başlatmaq idi.

Müasir dövrdə isə ən radikal din anlayışına diqqət etdikdə bunun Səudiyyə Ərəbistanı olduğunu görürdük. Səudiyyədə elə qaydalar var idi, adam dəhşətə gəlirdi. Məsələn, Səudiyyə 1968-ci ildə dünyada ən sonuncu ölkə kimi qul alış-verişini qadağan edib. Bu da BMT və digər beynəlxalq qurumların təkidi ilə edilib. Halbuki qul alış-verişini islam özü rədd edir. Üstəlik bu ölkədə xanımlara avtomobil sürmək qadağan edilmişdi. Hələ fitva verilmişdi ki, qadınların bir gözü də bağlı olsun, çünki başqa kişiləri gözləri ilə cəlb edə bilirlər. Məsələn, bir neçə il əvvəl orada mənim əlimdən kameramı alaraq polis bölməsinə aparmışdılar. Yəni şəkil çəkməyin, kinonun haram olduğuna inanan dövlət idi”.

Elşad Miri deyib ki, indi Səudiyyə də sərt dindən imtina edilir, mülayim islama meyl olunur:

“Hətta Ciddə şəhərində kinoklublar açdılar ki, insanlar gedib filmlərə baxsınlar. Qadınların avtomobil sürməsinə, stadionda oturmasına icazə verdilər. Hazırda mülayim islam adından bu prosesləri həyata keçirirlər”.

Elşad Miri hesab edir ki, vəliəhd Məhəmməd bin Salman ABŞ səfəri zamanı müttəfiqlərinin xoşuna gəlmək üçün hansısa fikirlər səsləndirir, addımlar atır:

“Bu gün Yaxın Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi Səudiyyədir. Ər-Riyad bu müttəfiqliyi davam etdirməkdə qərarlıdır. Hətta Kəbə imamlarından biri də açıqlama verdi ki, Səudiyyə Ərəbistanı Krallığı olaraq ABŞ-la birlikdə dünyanı idarə edirik. Fikrimcə, vəliəhd belə danışıqları ilə yeni eranın əsasını qoyur. Məncə, biz orada fərqli islam anlayışını görəcəyik. Nəzərə alın ki, deyilən sözlərin kökü ancaq bu məsələ ilə bağlı deyil. Səudiyyə Ərəbistanının ABŞ-dan 300 milyard dollarlıq silah alış-verişi var. Barak Obama zamanı gündəmə gətirilən qanun layihəsi var idi. Qanuna görə, 11 sentyabr terrorunu törədənlərin əksəriyyəti səudiyyəli olduğuna görə, Səudiyyənin ABŞ-a qoyduğu 800 milyard dollarlıq sərmayənin taleyi məchul idi. Ola bilsin ki, indi Səudiyyə tərəfi həm pullarını xilas etməyə, həm İsraillə əlaqələri bərpa etməyə, həm də ABŞ-la müttəfiqliyi davam etdirməyə çalışırlar. Bununla paralel olaraq da islamla bağlı islahatlar haqqında fikirlər səsləndirirlər. Halbuki indi mülayim islam adı altında asanlaşdırılan prosedurları zamanında özləri çətinləşdirmişdilər”.

İnsanların vəhhabi dediyi şəxslərin özlərini sələfi adlandırdığını xatırladan Elşad Miriyə görə, əgər Səudiyyə belə reformalara başlayacaqsa, bu, həmin ölkəyə xeyir olacaq:

“Vaxtı ilə Səudiyyədə elə qazi vardı ki, sığortanın haram olduğunu bəyan edirdi. Beləcə, sığortaya icazə verilmirdi. Həmin qazinin ölümündən sonra yeni qazi sığorta fitvası verərək onun həyata keçirilməsinə imkan yaratdı. Bu gün Səudiyyədə əvvəlki hakimiyyət deyil və bir sıra şeylər ciddi mənada dəyişir. Bu dəyişikliyin hansı formada həyata keçiriləcəyini bilmirik. Faktiki olaraq Avropa və digər ölkələrin üzərində durduğu mülayim islam anlayışının ortaya çıxmasıdır. Məsələn, bu, Türkiyədə FETÖ anlayışı ilə ortaya çıxdı, sonradan ABŞ bundan istifadə etdi. Eyni prosesi bu gün Səudiyyə Ərəbistanında dövlətin himayəsi altında həyata keçirilir. Bunlara birtərəfli deyil, çoxtərəfli baxmaq lazımdır. Bu zaman bəzi şeyləri görmək mümkün olar. Bütün hallarda bunun radikallıqla bağlı məsələlərin aradan qalxmasına rəvac verəcəyini görmək mümkündür”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...