Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

SEYİDLƏR KİMDİR: YALANLAR VƏ DOĞRULAR

“Əksəriyyət hesab edir ki, seyidlər Peyğəmbərin nəslindən olanlardır”.

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzu Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar, Masallı və Cəlilabad ərazisindəki nümayəndəsinin Lənkəran sakininə “seiydlik vəsiqəsi”nin verilməsi ilə bağlıdır. Əksəriyyət belə hesab edir ki, seyidlər Peyğəmbərin nəslindən olanlardır. Bir qisim isə bu fikirlə razı deyil. Bəs əslində seyidlər kimdir? Kimlərə bu statusa malikdir? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsində bu suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə “seyid” sözünün lüğəvi mənası müraciət formasıdır: “Azərbaycan dilində bir-birimizə müəllim, bəy hörmət mənasında işlətdiyimiz kimi, bu da ərəblərdə ya “seyidi”, “səidi” deyə istifadə edilən bir ifadədir. Amma dini termonologiyada belə bir anlayış var ki, seyid Məhəmməd peyğəmbərin Əli ilə izdivacından doğulan beş övladından sadəcə İmam Hüseynin nəslindən gələnlərə verilir”. İlahiyyatçı deyib ki, bu gün seyid ata nəslindən götürüldüyü halda, nə üçün bunu Peyğəmbərə istinad edilir: “Peyğəmbərin ki, qızından yayılıbdır. Oğlundan ki, yayılmayıb. O zaman bunun nəsli peyğəmbərin nəslindən yox, faktiki olaraq İmam Əlinin nəslindən yayılmalıdır”.

Elşad Miri hesab edir ki, seyidlik anlayışının islamla əlaqəsi yoxdur: “Bunlar sonradan istifadə olunub. Çünki nə peyğəmbərin dövründə bu anlayış olubdur. Bu sonradan imtiyaz olaraq ortaya çıxıbdır. Məsələn övladı imam, on ikinci imam formalaşır. Formalaşandan sonra haradasa bunlar 3-5-ci əsrlərdə işlənməyə davam edir”.

Jurnalist Rəsul Mirhəşimli bildirib ki, seyidlik insanlara imtiyazlar vermir: “Tarixən seyidliyin araşdırılması ilə bağlı ayrıca qurumlar olub ki, Əhli-beytə gedib çıxan nəsil ağacını araşdırsınlar”.

Yazıçı Mirmehdi Ağaoğlunun sözlərinə görə seyid olan adamlar şəcərəsinin hara gedib bağlandığını, hansı İmama bağlandığını bilirlər: “Bizə uşaq vaxtından öyrədiblər ki, sizin şəcərəniz imamlardan birinə gedib çıxır. Bu sırf nəsillə bağlı ailədaxili məsələdir. İmam Əlinin nəslindən gələnlərə seyid adı verildi və Kərbəla hadisəsi və onların təqib olunması cəmiyyətdə o nəsillərə qarşı empati bir hissi yaratdı. Mənim özüm üçün seyidlik şəcərə məsələsidir”.

Qurani-Kərimdə seyidlik anlayışının olmadığını vurğulayan Elşad Mirinin sözlərinə görə bu termin kimi yeni anlayışdır və Qurandan sonrakı mərhələdir: “Qurani-Kərimdə seyid sözü iki yerdə çıxır. “Alim İmran” surəsində Yəhya peyğəmbərin özünə gedir, Yəhya peyğəmbəri Allah seyid adlandırır. Digəri kimdir? Digəri isə “Yusif” surəsində, Yusif peyğəmbərin Quranda adı çəkilməyən Züleyxanın əri ilə bağlı anlayışdır”.

Şəcərə məsələsinə toxunan Elşad Miri deyib ki, şəcərəni təsdiq etmək mümkün deyil: “Hansısa qazi möhür vurub. İslamda seyidlik deyilən anlayış yoxdur. Qurana ziddir bu. Ali irq, ali imtiyazlı bir qohum anlayışı ola bilərmi?”

Rəsul Mirhəşimli deyib ki, Azərbaycanda və ümumiyyətlə dünyada seyidlik, övliya ocaqlarının üstündən xətt çəkmək mümkün deyil: “İslam tarixi ilə maraqlananlar bilirlər ki, Peyğəmbər əhli-beytinə qarşı mübarizə həmişə olub. İmam Rzanın indiki İran ərazisində yaşaması, öz yaşadığı yerdən çıxıb bu ərazilərə qədər gəlməsi, İmam Rzanın ətrafına toplaşdığı insanların xətti ilə bu ərazidə o daha çox siyasi xətt olub, hakimiyyətlərə qarşı çıxmaqda. Əməvilər və Abbasilər Peyğəmbər əhli-beytinə qarşı həmişə mübarizə aparıb”.

Mirmehdi Ağaoğlu seyidlərin mistik gücə malik olmaları ilə bağlı fikirlərə inanmadığını söyləyib. “Yalançı seyidlər də olub, seyid adından istifadə edənlərdə olub. İslamda ruhani sinfi deyilən anlayış yoxdur. İslamdan sonra ruhani sinfi deyilən bir sinif yarandı və onu dolduranlardan biri də seyidlər oldu” – Mirmehdi Ağaoğlu belə deyib.

Elşad Miri, ərəb dilində “mir” sözünün olmadığı bildirib: “Guya deyirlər ki, ərəbdən gəlib, əmir sözündə ə düşüb, mir qalıb”.

“Bizi birləşdirən Qurandırsa, gəlin Qurandan yapışaq. Allah da Quranda nə deyir, hamılıqla Allahın ipindən yapışın. Bizi birləşdirən dəyər Qurandırsa, gəlin Quranla biləşək” – Elşad Miri belə deyib.

Rəsul Mirhəşimlinin sözlərinə görə müzakirə edilən məsələ Kərbəla hadisələrin sonra, daha çox hakimiyyətin əhli-beytə olan münasibətində ortaya çıxıb.

Mirmehdi Ağaoğlu bir daha seyidliyi dini status kimi deyil, genetik bağ kimi qəbul etdiyini qeyd edib.

 

Din.az “Apa.tv”-yə istinad edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...