Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şeyxin yubileyi Lənkərandan başladı – QMİ sədri indiyədək heç yerdə eşidilməyən faktları açıqladı

Heydər Əliyev: “İslamın ölkəmizdə və Qafqazda möhkəmlənməsində Şeyxin xüsusi xidmətləri vardır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin 70 illik və Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə bağlı Lənkəranda “Allahşükür Paşazadə 70: Mənəviyyata həsr olunmuş ömür” adlı regional konfrans keçirilib.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədri Mübariz Qurbanlının, Milli Məclisin deputatlarının, QMİ nümayəndələrinin, bölgənin din xadimlərinin və ictimaiyyət nümayəndlərinin iştirak etdiyi konfrans ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlandı. Abidəni ziyarət edib mərhum prezidentin ruhuna dua oxuyan Şeyxülislam onun qarşısına tər qızılgüllər qoyub.

Daha sonra dəniz sahilindəki “Xəzər Palaza”da konfrans işinə davam edib.

Tədbiri açan Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident Ilham Əliyevin sərəncamına uyğun olaraq Şeyxülislamın yubiley tədbirlərinə ilk olaraq QMİ sədrinin doğulduğu Lənkərandan strat verildiyini bildirib.

Lənkəranın həmişə özünü tanınmış şəxsiyyətləri ilə seçildiyini vurğulayan T. Qaraşov deyib ki, Allahşükür Paşazadə də bu qədim şəhərin adını ucaldan şəxsiyyətlərinin sırasındadır.

QMİ sədrinin fəaliyyəti barədə danışan icra başçısı qeyd edib ki, A.Paşazadə hələ ateizmin tuğyan etdiyi SSRİ zamanından bəri öz fəaliyyəti ilə hər zaman xalqın maraqlarını müdafiə edib.

T.Qaraşov Şeyxülislamın hələ sovet dövründən başlanan karyerasında mərhum prezident Heydər Əliyevin xeyir-duasının mühüm rolu olduğunu bildirib.

Daha sonra QMİ sədrinin 20 yanvar 1990-cı ildəki fəaliyyətini xatırladan T.Qaraşov vurğulayıb ki, Şeyxülislamın SSRİ rəhbəri Mixail Qorbaçovu ittiham edən cəsarətli bəyanatı onu millətin önünə çıxardı: “Moskvada Heydər Əliyevin, Azərbyacanda isə Allahşükür Paşazadənin etiraz səsi eşidildi”.

T. Qaraşovun sözlərinə görə, qanlı yanvar hadisələrində rus xalqı ilə azərbaycanlılar arasında fitnə salmaq cəhdi Şeyxülislamın sayəsində baş tutmadı. Şəhidlərin dəfnində rus pravoslav din rəhbərləri müsəlman ruhanilərlə birgə addımlayırdı: “Bu qüvvələrin iki xalq arasında nifaq salmaq planı pozuldu”.

Prezident İlham Əliyevin Ramazanla bağlı iftar mərasimində çıxışı zamanı ulu öndər Heydər Əliyevlə Şeyxülislam Allahşükür Paşazadənin şəxsi dostluğu barədə dediyi fikirlərin önəmini xatırladan icra başçısı bildirdi ki, bu dostluq münasibətləri dövlət-din münasibətləri üçün çox mühüm əhəmiyyət daşıyıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezidentin sərəncamı ilə QMİ sədrinin yubiley tədbirlərinin keçirilməsi üçün plan hazırlandığını xatırladıb: “İlk olaraq Lənkəranda bu tədbirlərə start verdik. Ölkənin bir sıra yerlərində, o cümlədən Naxçıvanda yubiley tədbirləri keçiriləcək, noyabrda dünya dini liderlərini Bakıda sammiti baş tutacaq”.

M.Qurbanlının sözlərinə görə, Şeyxülislamın həm ictimai-siyasi, həm də dini fəaliyyəti mühüm məqamlar daşıyır.

O, A.Paşazadənin hələ sovet zamanından SSRİ xalq deputatı kimi göstərdiyi ictimai-siyasi fəaliyyətinə diqqəti çəkib: “Şeyxülislam həm sovet zamanında, həm də müstəqil Azərbaycanda hər zaman millətin maraqlarının müdafiəsi ilə fərqlənib”.
M.Qurbanlının sözlərinə görə, QMİ sədri Azərbaycanın azadlığı uğrunda gedən milli-azadlıq mübarizəsində mühüm rol oynayıb.

Ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin Şeyxülislam barədə dedikləri sözlərini xatırladan M. Qurbanlı bu münasibətləri “mühüm” adlandırıb: “Heydər Əliyev deyib ki, “islamın ölkəmizdə və Qafqazda möhkəmlənməsində Şeyxin xüsusi xidmətləri vardır””.

QMİ sədrinin Azərbaycanda ilk dini kadrların hazırlanmasında rolunu xatırladan M. Qurbanlı sovet vaxtı açlmış mədrəsənin mühüm faktor olduğunu vurğulayıb.

“Dini sahədə sabitliyin qorunmasında Şeyxin rolu əvəzsizdir” deyən Komitə sədrinin sözlərinə görə, dinlərarası dialoqun təmin olunmasında QMİ sədrinin böyük rolu vardır.

BDU-nun professoru Anar İsgəndərov çıxışında deyib ki, Azərbaycanın ən qədim məscidi Cil kəndindədir. Bu kəndin qəbristanlığında islama qədərki dövrə aid qəbirlər vardır. Museyi-Kazımın üç nəvəsi Cildə dəfn edilib. Belə mövqedə olan kənd 20-ci əsrdə də dünyaya böyük bir şəxsiyyəti bəxş edib.

Professor qeyd edib ki, məhz QMİ sədri vaxtilə Qarabağ münaqişəsinə dini don geyindirməsinə imkan verməyib. “2011-ci ildə Yerevanda Ermənistan prezidentinin üzünə kəskin etiraz edən Şeyxülislam onun “heç bir müsəlman məscidinə toxunulmayıb” sözlərinə “təyyarəyə otur, mənimlə gedək. Ağdamda mənə namaz qılmaq üçün bir məscid göstərə bilərsənmi?” sözləri erməni prezidentini çıxılmaz duruma salmışdı”.
A. İsgəndərov qeyd edib ki, QMİ sədri əsirlikdə olan 200 Azərbaycan əsgərini geri qaytara bilmişdi.

“Şeyx həzrətləri Aşura mərasimində qanvermə aksiyasını ilk olaraq həyata keçirməklə mövhumat adəti olan başyarma kimi adəti imam Hüseyn məqamı üçün xəstələrə qan verilməsi aksiyasına çevirə bildi”.

Milli Məclisin deputatları Hadi Rəcəbli, Fəzail İbrahimli, Cavanşir Paşazadə, Fəzail Ağamalı, Hüseynbala Mirələmov, QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional nümayəndəsi Qağayı Məmmədov, QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi hacı Sədi Axundzadə, Lənkəran Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov çıxışlarında QMİ sədrinin fəaliyyəti barədə danışaraq, onun dövlət-din münasibətləri sahəsində töhfələrini diqqətə çatdırıblar.

“Şeyxülislam öz fəaliyyəti ilə bir icmanın deyil, bütöv xalqın dini rəhbəri olduğunu subut etdi”- deyə deputat Hüseynbala Mirələmov bildirib. Onun sözlərinə görə, Şeyxin fəaliyyəti təkcə ölkə ilə məhdudlaşmır: “Fevral ayında Moskvada baş vermiş çeçen-azərbaycanlı münaqişəsinin çox qısa bir müddətdə yoluna qoyulması Şeyxülislamın apardığı məqsədəyönlü işinin nəticəsi idi”.

Millət vəkilinin sözlərinə görə, QMİ sədrinin islam aləminin beş məşhur dini xadimi mükafatını alması bu hörmət və etimadın nümayişdir.

QMİ sədrini “böyük vətəndaş” adlandıran deputat Fəzail Ağamalı bildirib ki, Allahşükür Paşazadə vətənpərvərliyi ilə nümunə olan tarixi şəxsiyyətdir. Müstəqil Azərbyacanın yaradılmasında rolunu vurğulayan deputat qeyd edib ki, Şeyxülislam daim öz cəsarətli mövqeyi ilə seçilib.

“Şəhidləri göz yaşı ilə dəfn edən Şeyx qorxamadan SSRİ rəhbəri Qorbaçovu “cani” adlandırdı. Primakovun fitnəkar təklifini rədd edərək, onu rusvay edən Allahşükür Paşazadə tarixi şəxsiyyət kimi özünü təsdiqlədi”.

Deputat QMİ sədrini maarifçi fəaliyyətinə də toxunub: “Siz maarifçi kimi cəhalətə və mövhumata qarşı mübarizənin cahangiri oldunuz” –deyən F.Ağamalı bu gün dini və etnik qarşıdurmalara qərq olan dünyada dinlərarası dialoqun yaradılmasında QMİ sədrinin mühüm rol oynadığını vurğulayıb.

Konfransın sonunda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə xoş sözlərə və tədbrin təşkilinə görə minnətdarlığını bildirib:

“Sərəncama və tədbirlərə görə Prezident İlham Əliyev həzrətlərinə minnətdarlığımı bildirirəm. Bütün iştirakçılara təşəkkür edirəm. Mən Lənkəranda doğulmuşam. Desəm ki, zəhmətimi tək Lənkəran çəkib, bir az düz olmaz. Mənimlə zəhmət çəkən müəllimlərimin hamısına –Lənkərandan Lerikə, Biləsuvara qədər – hamıya təşəkkür edirəm”.

QMİ sədri qeyd edib ki, fəaliyyətinin zirvəyə çatmasında dövlət rəhbərinin – başda ulu öndər Heydər Əliyev, sonrakı dövrlədə İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük zəhmətləri var:

“Mənə bu imkanı yaradan prezident İlham Əliyev cənablarıdır. Sizə deyim ki, Orta Asiyada, Tatarıstanda, keçmiş SSRİ məkanında fəaliyyət göstərən din xadumləri, muftilər də var. İçlərində tələbə yoldaşlarım da var. Amma onların Heydər Əliyevi, İlham Əliyevi çatmır. Məni bu gün o qədər təriflədilər ki… Mən bilirəm bunu mənbəyi hardandır. Əgər dövlət, onun rəhbəri mənə bu şəraiti yaratmasaydı, yetişə bilməzdim. Burada Allah məhəbbəti, iman olmalıdır”.

QMİ sədri konfransda mərhum Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb:

“Kəbəyə gedərkən təyyarədə namaz qılmağın qaydalarını Heydər Əliyevə də öyrətmək istədim. Gördüm ki, namazı özü qılır. Soruşdum ki, namaz qılmağı harda öyrənmisiniz?”. Dedi ki, “mən hələ uşaq olarkən əmim əlimdən tutub məscidə aparırdı. Minbərin dibində otururdum. O vaxtdan baxıb öyrənirdim”.
Kəbədə yadımda qalan bir xatirəm də var. Kəbədə pilləkən var. Həmişə dönmə mərasimi zamanı orada otururam. On minlərlə insan başına dönür. İnsan həmin anda duyduğu o hissi ömür boyu unuda bilmir.

Kəbə ziyarəti zamanı ulu öndərdən bu pilləkənda oturmağı xahiş etdim. Dedim ki, bu unudlmaz hiss yadınızda qalacaq. Sözümü eşidib oturdu. Baxdı, baxdı, çox kövrəldi. Səhnə ona çox təsir elədi. Oğlunu yanında çağırdı. Dedi ki, “bax oğlum, mən ömür boyu bu ziyarətə gəlməyi istəmişəm. Arzusunda olmuşam. Kaş ki, anan da yanımızda olaydı”. İnanın, elə yerlərdə siyasət olmaz ki… Bura bir insanın qəlbinin içində olan məhəbbətin, imanın təzahür elədiyi məkandır. Onun hissləri orada bu cür təzahür elədi. Bu günlər bəzi insanlar Heydər Əliyev, İlham Əliyev haqqında düşünmədən, başa düşmədən, dövlətçilik nə olduğunu bilmədən bəzi söhbətlər edirlər. Amma bu insanda iman vardı. Baxmayaraq ki, sovetin sərt ateist zamanında işləmişdi, cibində partbilet gəzdirmişdi, ammaAllahı heç vaxt unutmurdu”.

Şeyxülislam mərhum Heydər Əliyevlə bağlı daha bir xatirəsini danışıb:

“SSRİ Nazirlər Soveti yanında Dini Şurada Nurullayev adlı şəxs vardı. Oxuduğum dövrdə həmişə bizi yoxlayardı, köməklik edirdi. Məni şəxsən tanımırdı. Azərbaycanlı uşaqlara daim kömək edirdi. Deyirdi ki, “Heydər Əliyev mənə tapşırıb ki, sizin oxumanıza kömək edim. Bu da imandan doğan məslə idi”.

QMİ sədri çıxışında vurğulayıb ki, mərhum Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında və qorunmasında misilsiz xidmətləri var:

“Mən çoxlu dövlət rəhbərləri görmüşəm. Biz xoşbəxt adamlarıq ki, İlham Əliyev kimi prezidentlimiz var. Onun xanımı Mehriban xanımdır. Bu şəraiti bizə yaradan ilk növbədə Allahdır. Amma dünyanın hər dövründə Allah bir səbəb yaradır. Allah bir şeyi yetişdirmək üçün səbəbkar göndərir. O dövrlərdə baş verənləri yaxşı xatırlayırıq. Lənkərandan tutmuş Gəncəyə qədər baş verənləri… Azərbaycanı parçalamaq istəyirdilər. Heydər Əliyev gələndən sonra biz bu bəladan qurtulduq. Bu, Allahın bir inayəti idi. Allah Heydər Əliyevə rəhmət eləsin”.

Şeyxülislam həmçinin Heydər Əliyevin xanımı Zərifə Əliyeva ilə bağlı maraqlı faktı açıqlayıb. QMİ sədri bildirib ki, sovet zamanında Gəncə İmamzadəsinin dağıdılması haqqında qərar qəbul olunubmuş: “ Zərifə xanımın bir addımı barədə danışmaq istəyirəm. Bu, Gəncədəki İmamzadə barədədir. Bildiyimiz kimi, ora müqəddəs yerdir, dördüncü imamın oğlu orada dəfn olunub. Sovet vaxtı İmamzadəni dağıtmaq istəyirdilər. Elə Gəncədən bəzi kommunistər Siyasi Büroya məktub yazmışdılar ki, İmamzadə kommunistlərə ateizmi təbliğ etməyə imkan vermir. İmamzadə dağıdılmalıdır ki, təbliğat effekt versin. Moskvada da İmamzadənin dağıdılması üçün qərar çıxarılmışdı. Onun qarşısını Zərifə xanım aldı. Heydər Əliyevin bu qərardan xəbəri olmamışdı. Zərifə xanım ona deyəndən sonra İmamzadənin dağıdılmasının qarşısını aldı”.

QMİ sədri qeyd edib ki, Prezident İlham Əliyev bir fərmanı din-dövlət münasibətlərində yüksək səviyyədə əməkdaşlığın bariz nümünəsi oldu.

Şeyxülislam tədbirin təşkili üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya minnətdarlığını bildirib.

Tədbirdə QMİ sədrinə Lənkəran xalça fabrikində toxunmuş xalça hədiyyə edildi. Konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul ediblər. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...