Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib

Allahşükür Paşazadə səfərdə Azərbaycanda mövcud olan dini vəziyyət barəsində ətraflı danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Həcc və Ümrə Nazirliyində görüş keçirib.

Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Həcc və Ümrə nazirinin müavini Abdul Fattah Mashat Şeyxülislamı salamlayaraq bu cür ali qonağın ölkələrində səfərdə olduğundan qürur duyduğunu qeyd edib, aparılan danışıq və keçirilən görüşlərin Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaratdığını bildirib.

Nazir müavini Həcc ziyarəti zamanı Məkkədə 5000 hotelin, 350000 hökumət işçisinin zəvvarlara xidmət etməsini deyib, hər 8 zəvvara 1 işçinin düşdüyünü bildirib. Bu da ziyarət zamanı zəvvarların rahatlığına və təhlükəsizliyinə hesablanıb. Hər il olduğu kimi bu il də bütün zəvvarlar rahat formada ölkəyə daxil olub, geri qayıda biliblər.

Şeyxülislam Allahşükür Paşazadə də öz növbəsində Azərbaycanda mövcud olan dini vəziyyət, dini dözümlülük və tolerantlıq, multikulturalizm barəsində ətraflı danışıb. Sovet dövründə Azərbaycanda 17 məscidin olduğunu xatırladan A. Paşazadə hazırda bu rəqəmin 2000-ə çatdığını, bunun ölkə başçısı İlham Əliyevin siyasətinin bariz göstəricisi olduğunu qeyd edib. Sonda Şeyxülislam Abdul Fattah Mashatı 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək Dünya dini liderlərinin sammitinə dəvət edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri səfər çərçivəsində Üləmalar Şurasının üzvü, Kralın dini məsələlər üzrə müşaviri Saleh bin Hümeyd ilə də görüşüb.

A. Paşazadə həmçinin mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Məkkə şəhərində yerləşən İslam Aləmi Liqasının Baş katibinin müavini Dr.Əbdül-Rəhman Əl-Zaid ilə görüşüb. Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud münasibətlərin bütün sahələrdə inkişaf etdiyindən məmnunluğunu ifadə edən Allahşükür Paşazadə SƏK-in MDB ölkələrinə dəstək olan ərəb dövlətlərindən biri olduğunu və bütün islam dünyasına daima köməklik göstərdiyini bildirib.

Şeyxülislam Əbdül-Rəhman Əl-Zaidə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdıraraq, Baş katibi Dünya dini liderlərinin sammitinə dəvət edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...