Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Siğə əxlaqsızlığa dini don geyindirməkdir – İlahiyyatçıdan sərt sözlər

“İslamda kişi-qadın münasibətlərinin yeganə şərti və qaydası nikah dediyimiz “zaqs”dır.

Siğə dini don geyindirilən əxlaqsızlıqdır.

Din.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında ilahiyyatçı Elşad Miri Demokratik İslam Partiyasının sədri Tahir Abbaslının “Cəmiyyətdə siğəyə qarşı çıxanlar onu əxlaqsızlığa sürükləyən qüvvələrdir” fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İslam dinində siğə anlayışı yoxdur: “İslamda kişi-qadın münasibətlərinin yeganə şərti və qaydası nikah dediyimiz “zaqs”dır. Bundan başqa bir insanın başqası ilə heç bir şəkildə birlikdə olması mümkün deyil. Nikahın adı ər-arvad münasibətləridir. Onun da şərtləri bəllidir, yəni elan edilməsidir, mehrdir, şahidlərdir və sair”.

İlahiyyatçı qeyd edib ki, siğənin İslamın gəlişindən əvvəl ərəb cəmiyyətində mövcud olan əxlaqsızlıqdan heç bir fərqi yoxdur: “Bu gün həmin əxlaqsızlığa dini don geyindirilir. Siğədə nə şahid var, nə də mehr anlayışı. İstifadə müddəti ərzində qadına verilən pul, vəsait nəzərdə tutulur”.

Elşad Miri peyğəmbərin adından müəyyən uydurmaların da səsləndirildiyini bildirib: “Guya peyğəmbər müəyyən dövrlərdə icazə verib, sonra qadağan olunub. Bu, “Qurani-Kərim”də qadağan olunur. Bunu Nisa surəsinin 24-cü ayəsi ilə əlaqələndirməyə çalışırlar. Halbuki həmin ayədə qeyd olunan məsələ qadınlara verilən mülkiyyət haqqı olan mehrdir. Bu, ər-arvad münasibətləri ilə bağlıdır.

Mənim “İslamda yoxdur” adlı kitabımda elmi əsaslarla İslamda siğənin olmadığı vurğulanıb.

Bu gün məzhəbpərəst partiyanın rəhbəri belə iddia ilə çıxış edirsə, bu adam xalqımıza nə ilə fayda verə bilər? Bu məsələ cavabını tapmalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi açıqlama yaymalı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələyə aydınlıq gətirməli, Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə bağlı fətva verməlidir”.

Qeyd edək ki, Tahir Abbaslının iddiasına görə, siğə müsəlmanların günaha batmaması, axirətlərini qazanmalarından ötrüdür. Onun siğəni təbliğ edən fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...