Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Tatuaj: Əxlaqsızlıq, haram, günah, yoxsa… – Məsələyə hərtərəfli BAXIŞ

“Tatuaj haramdır, günahdır demək doğru yanaşma deyil”

Kimisi ona döymə, kimisi tatu, kimisi isə tatuaj deyir. Amma mahiyyət etibarilə çox da fərqli deyillər. Tarixi ilə maraqlansaq, ibtidai tatuaj nümunələrinin sonuncu peyğəmbər Məhəmməd əleyhissəlamın da istifadə etdiyi xınaya bağlı olduğunu görərik. Xınadan həm qadınlar, həm də kişilər istifadə edirdilər. Sonradan artıq dəb dəyişdikcə xına ələ də qoyuldu, artıq bəzi el adətlərində, xeyir işlərdə də xınayaxmadan istifadə edildi. Artıq ibtidai tatuaj formaları formalaşdı. Zamanla müasirləşərək bu günümüzə mürəkkəblə dəri altına yeridilərək tatuaj formasına qədəm qoydu.

Lakin bu gün tatuajın dəb forması aldığı, hətta xanımların da tatuajdan istifadə etdiyi bir zamanda heç də cəmiyyətin bəzi qismi tərəfindən normal qəbul edilmir. Hətta tatuajdan istifadə edən xanımlar cəmiyyətin bəzi mühafizəkar düşüncəli qismi tərəfindən əxlaqsız kimi də qiymətləndirilir.

photo_5584“Din.az” xəbər verir ki, “cəbhə.info” saytı tatuajla bağlı araşdırma aparmaq qərarına gəlib. Öncə məsələ ilə bağlı fikir bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi”nin sədri Mehriban Zeynalova istər geyimin, istərsə də tatuajın əxlaqı xarakterizə etmədiyini bildirdi: “Biz adətən tatuajı, döyməni ən çox həbsdən çıxan adamlarda görürdük. İlkin mərhələdə döymə görəndə bir şeyi düşünürdük: bu adam türmədən yeni çıxıb.  Həmən an da münasibət birmənalı olmurdu təbii ki. Cinayətkara qarşı hər kəsdə fikir eyni ola bilməz, bu da normaldır. Cəmiyyətin qəbul etdiyi bir fikir var, qadın bədəni toxunulmazdır, ümumiyyətlə, insan bədəni toxunulmazdır. Qadının bədənini yalnız ailə qurduqdan sonra onun həyat yoldaşı görə bilər, başqasının görməsi naməhrəmdir və s. Gəlin nəzərə alaq ki, bu gün dünyada bu döymə bir dəbdir. Bədənə döymənin vurulması heç də əxlaq normalarından xəbər vermir, necə ki, geyim əxlaq normaları sayılmır. Rusiya mətbuatında bir məsələ öz əksini tapmışdı. Bədənə döydürülən o tatuajlar bəzən insan taleyinə neqativ təsir göstərir. Həmin döymələrdən sonra onların həyatında müəyyən mənfi yüklü hadisələr cərəyan etməyə başlayır. Bu mistikadır, yoxsa nədir? İnsanlar mənasını bilmədikləri simvolikanı döymə etdirirlər, bu da onların həyatına mənfi təsir göstərir. Yekun olaraq onu qeyd etmək istərdim ki, insanlar bir-birilərini əxlaqsızlıqda ittiham etməsinlər. Stereotiplərdən azad olsunlar və insana insan faktoru kimi yanaşsınlar”.

Daha çox döymələrin silinməsi üzrə ixtisaslaşmış “Dermalife Beauty Center”dən isə döymə ilə bağlı sualımıza cavab belə oldu: “Döymənin, tatuajın insan orqanizminə, dərisinə heç bir mənfi təsiri yoxdur. Yəni dəridə heç bir mənfi iz buraxmır. Sadəcə, onun silinməsi zamanı müəyyən problem ola bilər. Silindikdən sonra dərinin həssaslığına görə təxminən bir ay müddətinə yaralar əmələ gəlir. Biz onu da aradan qaldırmaq üçün xüsusi kremlər tövsiyə edirik ki, yaralar mənfi xarakter almasın. O kremlər vasitəsilə qısa müddət ərzində dərini təmiz və yarasız saxlayır, qısa müddətdən sonra dəri tər-təmiz vəziyyətinə qayıdır”.

Yuxarıda qeyd etdiyimiz kimi, döymənin ibtidai forması məhz xına olub. Peyğəmbərimiz də saqqalına xına qoymuş və xınadan istifadə etmişdir. Bəs bu gün xınanın formalaşaraq tatuaj formasına qədəm qoyması və döymə edən gənclərə əxlaqsızlıq kimi yanaşılması doğrudurmu, din bu haqda nə deyir?

DSC_0113İlahiyyatçı Elşad Miri əxlaqın davranışla bağlı olduğunu və hansısa bir rəsmin bədənə tatu edilməsinin əxlaqla ölçülmədiyini bildirdi: “Xınadan təkcə xanımlar istifadə etmir. Bəzi ərəb ölkələrində kişilər də saqqalına xına qoyur, bunun peyğəmbərin bir sünnəsi olduğunu bildirir, buna görə savab qazandıqlarını iddia edirlər. Tatuaj, döymə məsələsinə gəlincə isə belə bir anlayış var ki, dəstəmaz alan zaman su dəri ilə, bədənlə təmas edə bilmədiyinə görə haram hesab edilir, dəstəmaz qəbul edilmir və s. Amma bu gün elm, texnologiya bunu sübut edir ki, əslində tatuaj heç də suyun dəriyə təmas etməsinin qarşısını almır və bu yanaşma doğru deyil.

Müsəlman alimlər qeyd edirlər ki, insan öz cisminə, orqanizminə əziyyət edərək o rəsmləri, tatuajları döydürürlər və bu da doğru hesab edilmir. Qurandan da belə bir ayəni sitat gətirirlər ki, insanlar şeytanın əmri ilə öz bədənlərində dəyişiklik edəcəklər. Qısa və konkret olaraq “İslamda döymə, tatuaj haramdır, günahdır” demək doğru yanaşma deyil. Peyğəmbərin elə bir səlahiyyəti yoxdur ki, nəyisə halal və yaxud haram buyursun. Haram, halal buyuran bir tək varlıq Alllahdır və onun səmavi kitabı olan “Qurani-Kərim”də də bununla bağlı heç bir ayə yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin dini məsələlər üzrə müşaviri Tural İrfanın tatuajla bağlı fikirləri fərqlidir: “Əgər tatuaj suyun dəriyə təmas etməsinin qarşısını alırsa, birmənalı olaraq haramdır. Dəstəmaz alarkən su dəriyə təmas edə bilmirsə, bu, dəstəmazı batil edir. Amma bir məsələ var ki, bu döyməni silmək mümkünsüzdür, bu baxımdan şəriət çıxılmaz vəziyyətdə qaldığı üçün tatuajlı şəxsin dəstəmaz almasına icazə verir. O zaman gərək insan döyməyə görə insan ömür boyu namaz qılmasın.1462476501_tural-irfan-950x632

Əgər kim bunları bilərəkdən gedib tatuaj, döymə etdirirsə o zaman şəriət bunu bağışlamır, günahdır, namazı batil sayılır. Bilirsiniz ki, şəriətdə bilmədən edilən şeylər günah sayılmır. Eynən də döymə.

Digər bir məsələyə toxunmaq istərdim. Əgər hər hansısa bir şey, hətta şəriət tərəfindən savab sayıla biləcək bir şey hansısa bir cəmiyyətdə əxlaqsızlıq sayılırsa o, şəriətdə, “Qurani Kərim”də savab, halal buyurulursa belə günah sayılır, haram sayılır. Cəmiyyətin öz hökmü var. Məsələn, elə bir yer ola bilər ki, orada əyilib, qalxıb namaz qılmağa düzgün baxılmaz, cəmiyyət tərəfindən pis qarşılanar. Bəli, bu zaman hətta namaz da günah, haram sayılır.

Eynən də döymə məsələsi. Döymənin insan bədənində icazə verilən yerlərində olması günah sayılmır. Məsələn, kişilərdə göbəkdən, dizə qədər xaric digər yerlərə, qadınlarda isə biləkdən ələ qədər, sinəsi, topuqdan ayağa qədər yerlərə, əgər dəriyə suyun keçməsinə mane olmursa döymə etdirilə bilər. Amma bir məsələ də var ki, əgər qadınlar o döymələrlə naməhrəmləri özünə cəlb etmək niyyəti daşıyırsa, eyni qaydada kişilər hansısa reklam məqsədilə edirsə bu haram sayılır. Bəzi homoseksuallar belə tatuajla digər kişiləri özünə cəlb etmək istəyir. Təbii ki, bu da günahdır. Şəriətdə buyurulur, hətta peyğəmbərin hədisində də qeyd edilir ki, kişinin qadın paltarı geyinməsi, qadın aksessuarı taxması, eynən də qadının kişi paltarı geyinməsini sizə qadağan edirəm. Ola bilər bu hansısa cəmiyyətdə məqbul hesab edilsin, amma bəzi cəmiyyətdə bu məqbul hesab edilmirsə, demək ki, haram sayılır. Bir zamanlar İmadəddin Nəsimi də sırğa taxırdı, Fironlar da sırğa taxıb, amma bu gün hansısa bir gəncin sırğa taxaraq bir rayona gedib, bir ağsaqqala salam verməsi, sırğa taxıb bir mötəbər məclisə getməsi, televiziyaya çıxması, bir məmurun qarşısına çıxması normal sayıla bilər? Hər zəmanənin öz hökmü var.

Məsələn, Quranda buyurulur ki, müşrikləri harda görsəniz öldürün, indi biz gün ilin-günün bu vaxtı durub müşrikləri öldürə bilərikmi? Quranda buyurulur ki, qadını daşqalaq edin. Hərçənd ki, sonradan bu çıxarılıb, amma buna baxmayaraq İranda hələ də buna əməl edirlər. Necə ola bilər, şeytana biz dırnaq boyda daş atırıq, amma götürüb qadının başına qaya parçası, mişar daşı vururuq, daşqalaq edirik. Bu gün biz qadını daşqalaq edə bilərikmi? Xeyr. Bu, zamana görə dəyişir, cəmiyyətə görə dəyişir. Bəli, o vaxtlar Ərəbistanda, elə bir cəmiyyətdə bu tələb edilirdi, amma bu gün buna ehtiyac yoxdur. Yekun olaraq qeyd edim ki, əgər cəmiyyət tərəfindən bu normal qarşılanırsa, mühit tərəfindən normal qarşılanırsa, zəmanə buna imkan verirsə, suyun dəriyə təmas etməsinə mane olmursa bəli, o zaman döymədən istifadə etmək olar, günah və haram sayılmr. Yox, əgər, qeyd etdiklərimə uyğun gəlmirsə o zaman buna icazə verilmir və haram sayılır”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...