Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Taxtadan hazırlanmış ən böyük Quran bu ölkədədir

Taxta Quranın hündürlüyü 1,77 metr, eni 1,40 metrdir.

Dünyada Müqəddəs Qurani-Kərimin müxtəlif materiallardan hazırlanmış, gözəl bəzədilmiş və yetərincə sadə tərtib edilmiş çoxlu sayda böyüklü-kiçikli nüsxəsi var.

Din.az Milli.Az-a istinadən bildirir ki, taxtadan hazırlanmış ən böyük Quran İndoneziyanın Sumatra əyalətindəki Palembanq şəhərindədir.

Taxta Quranın hündürlüyü 1,77 metr, eni 1,40 metrdir. Müqəddəs kitabın bu nüsxəsinin yaradılması üzərində 43 yaşlı xəttat Şofvatilla Mohzaib çalışıb. Kitabı şəxsi ianələr, o cümlədən tanınmış mesenatların maddi yardımı sayəsində ərsəyə gətirən xəttat 30 cüzün (hissə) hamısını hazırlamaq üçün 9 il vaxt sərf edib. Kitab embusu [Fagraea Fragrans) ağacından hazırlanıb. Şofvatilla möhkəmliyinə görə məhz bu ağacı seçib. Sumatranın cənubunda embusudan ağac üzərində oyma işlərində və mebel hazırlanmasında istifadə olunur.

Xəttatın sözlərinə görə, taxta Quran yaratmaq ideyası Palembanq “Əl-Əkbər” məscidində xəttatlığı öyrənəndə yaranıb. Bu işə bir il sonra “Əl-Fatihə” surəsindən başlayıb. Əvvəlcə mətni karton üzərinə köçürüb. Mətnin dürüstlüyünü mütəxəssislərin yanında təsdiq etdirəndən sonra kalka vasitəsilə taxta üzərinə köçürüb. Müqəddəs kitabın bir səhifəsinə bir ay vaxt sərf edib. Taxta Quranın rəsmi təqdimatı 2011-ci ildə olub. İndoneziyanın o vaxtkı prezidenti Susilo Bambanq Yudoyono mərasimdə iştirak edib. Quranın bu nüsxəsi “Əl-Əkbər” ( Böyük) adlandırılıb.

Quran o qədər böyükdür ki, kitabı rahat nümayiş etdirmək üçün beşsəviyyəli konstruksiya quraşdırmaq lazım gəlib. Hazırda taxta Quran Palembanqdakı “Əl-İhsaniyyə Qandum” internat məktəbinin muzeyindədir.

Şofvatillanın sözlərinə görə, 2012-ci ildən bu muzey təqribən bir milyon qonaq qəbul edib. Taxta Quran indoneziyalılarla bərabər, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Malayziya, Sinqapur, ABŞ və Kanadadan gəlmiş turistləri cəlb edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...