Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Tərkibində spirt olmasa belə, spirtliyə öyrəşdirə biləcək bir mahiyyət var!

Dindarlar “spirtsiz araq”dan uzaq durmağa çağırır

“Kimsə dindar birini kənardan pivə və ya araq içən görsə, ona yaxınlaşıb, sıfır faizdirmi deyə soruşmayacaq”

“Din.az” “şərq.az”a istinadən xəbər verir ki, Rusiyada müsəlman əhalisi üçün “spirtsiz araq” istehsal olunacaq. Məlumata görə, “Hacı arağı” adlandırılan içki şüşəsinin üzərində spirtin miqdarı “0” olaraq göstərilir. Bu içki müsəlman müştərilərə təklif olunur. Rusiyanın bu addımı Ukraynada da həyata keçirilir. Artıq Ukraynada da “spirtsiz araq” istehsalına başlanılıb.

Xatırladaq ki, hazırda bir çox müsəlman ölkələrində “hacı pivəsi” adı ilə içkilərin satışına rəsmi icazə verilir. Bu arada qeyd edək ki, “həci arağına” ilk olaraq Qafqaz Müsəlmanları İdarəsi reaksiya verib. Qurum insanları “spirtsiz arağ”a aldanmamağa çağırıb. QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Rusiyanın məlum addımını məqbul saymayıb: “Əvvəl spirtsiz pivə istehsal etdilər, indi də spirtsiz araq. Özləri bilər, yəni bu Rusiyanın öz işi, öz problemidir. Amma hər halda hesab edirəm ki, bu, məqbul fakt deyil. Onun tərkibində spirt olmayacağı bəlli deyil. Çünki həmin arağın hazırlanması üçün mütləq ora spirt qatılacaq. İnanmıram ki, Rusiya tam spirtsiz araq istehsal etsin. Kim yoxlayacaq, kim buna təminat verəcək ki, tərkibində spirt yoxdur? Əvvəla arağın adı var. Yəni içən bilir ki, araq içirsən. Daha spirtli, ya spirtsiz, bunun nə fərqi olacaq?”.

İlahiyyatçı-alim Elşad Miri də söyləyib ki, Allah insanları spirtli içkidən çəkindirir. Ona yaxınlaşmayın deyir. Amma insanlar başqa adla yaxınlaşmağa çalışırlar: “Əvvəl spirtsiz pivə, çaxır, şampan çıxartdılar, deyəsən, indi də növbə arağa çatıb. Bu nə dərəcədə mümkündür, bu haqda heç nə deyə bilmirəm. Ümumiyyətlə, müsəlmanların belə şeylərdən çəkinməyi daha yaxşıdır. Bu içkiləri içməkdə məqsəd nədir? Hesab edirəm ki, onların tərkibində spirt olmasa belə, spirtliyə öyrəşdirə biləcək bir mahiyyət var. Ona görə də, belə şeylərdən uzaq olmaq yaxşıdır. Yəni konkret olaraq spirtli içki içmək haramdırsa, insanları o yola aparan amilləri də islam dini qadağa eləyib. Düzdü, tərkibində spirt olmayan bir məhsula kimsə haram deyə bilməz. Amma kimsə dindar birini kənardan pivə və ya araq içən görsə, ona yaxınlaşıb, sıfır faizdirmi deyə soruşmayacaq. Ona görə də, belə işlər insanları harama sürükləyən, həvəsləndirən məsələlərdir. Digər yandan spirtliliyi sıfır olan bir şeyə haram demək də doğru deyil. Amma belə məsələlər insanları harama sövq edir. Bu gün Azərbaycana sıfır faizli pivə gətirilirsə, sabah sıfır faizli araq da gətiriləcək. Buna qadağa yoxdur”.

Hacı Atif İsmayılov da “Hacı arağı”nı xoş qarşılamayıb. O vurğulayıb ki, “hacı pivəsi” və “hacı arağı” islami dəyərlərə xələl gətirmək məqsədilə ortaya atılıb: “Sadəcə, spirtli və ya spirtsiz içkilər var. Spirtli içkilər bütün müsəlmanlar üçün qadağandır. İslam spirtli içkiləri hacıya və qeyri-hacıya bölmür. Spirtli içkinin qadağası Allah tərəfindən ümumi hökmdür. Bir daha söyləyirəm ki, bütün bunlar islamı gözdən salmağa yönəlmiş addımlardır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir