Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TERROR TƏŞKİLATLARI DÖVLƏT YARATMAQ İSTƏYİRLƏR…

“Bəşəriyyət dini radikalizm və fanatizm kimi yeni bir qlobal təhlükə ilə üzləşib”.

Uğurlu sosial-iqtisadi islahatlar, təkmil humanitar-maarifçilik siyasəti, xalqımızın multikultural tolerantlıq ənənələri dini radikalizmin və fanatizmin bütün dayaqlarını iflasa uğradıb

Hər əsrin, hər dövrün özünəməxsus sosial-təbii problemləri və çağırışları olur. Məsələn, soyuq müharibə fonunda nüvə silahından istifadə təhlükəsi, kütləvi silahlanma, antropogen amillər səbəbindən ətraf mühitin çirklənməsi, Yer üzündə əhalinin sürətlə artması, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uçurumun get-gedə böyüməsi, istiləşmə və s. ötən əsrin qlobal problemləri idi. Soyuq müharibə istisna olmaqla, bu qlobal problemlər hələ də aktuallığını qoruyur.

XX əsrin sonlarından etibarən bəşəriyyət dini radikalizm və fanatizm kimi yeni bir qlobal təhlükə ilə üzləşdi. Bu təhlükənin miqyası, əhatə dairəsi, gətirdiyi qorxunc fəsadlar heç də digər qlobal təhlükələrin acı nəticələrindən geri qalmır. Müasir dünyanın elə bir regionu yoxdur ki, orada dini fanatiklər tərəfindən terror aktları törədilməsin. Artıq hər gün dini ekstremist qruplaşmalar tərəfindən tükürpərdici terror aktlarının törədilməsi barədə xəbərin eşidilməsi adi hala çevrilib. Və təəssüflər olsun ki, adətən, bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən edilir. Günümüzdə dini radikalizm o dərəcədə dəhşətli miqyasa çatıb ki, artıq dini şüarlarla çıxış edən terror təşkilatları özlərində dövlət yaratmaq gücünü və cəsarətini görürlər. İraq və Suriya ərazisində İŞİD kimi terror təşkilatlarının fəaliyyəti bunun əyani sübutudur.

Bəs bu ekstremist dini təşkilatlar, radikal dini təmayüllərin yaranma səbəbləri nələrdir? Yaxud dünyanı qaynayan qazana çevirən dini ekstremist qruplaşmaların yayılma arealı niyə getdikcə böyüyür?
Qloballaşma prosesinin sürətlə getdiyi müasir dünyamızda dini radikalizm kimi mənfi düşüncə xarici və daxili faktorlara görə intişar tapır. Xarici faktora misal kimi fövqəldövlətlərin siyasi-iqtisadi maraqlarını təmin etmək üçün dünyanın müxtəlif regionlarında, xüsusən İslam aləmində mövcud siyasi rejimlərin, siyasi sistemlərin dəyişdirilməsinə yönəldilmiş “ərəb baharı” kimi geosiyasi “eksperiment”lər aparmasını göstərmək olar. Bu planlara dini ekstremist təşkilatların yaradılması, onların logistik dəstək, maliyyə yardımı və silahla təmin olunması daxildir.

Dini fanatizm və ekstremizmin “çiçəklənməsində” xarici amillərin təsiri olsa da, dünyanın qaynar nöqtələrində baş verənləri təkcə fövqəldövlətlərin geosiyasi oyunları ilə izah etmək doğru olmaz. Çünki hər hansı ölkədə və ya bölgədə radikal dini təmayüllərin tərəfdar qazanması üçün “əlverişli şərait” olmalıdır. “Əlverişli şərait” dedikdə nə nəzərdə tutulur? Radikalizm və fanatizmin geniş yayılması üçün hansı şərait və neqativ sosial şərtlər mövcud olmalıdır? Bu sualların ən dolğun və hərtərəfli izahını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərin məzmunlu nitqində vermişdir.

Dövlət başçısı 2017-ci il iyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən Ramazan ayı münasibətilə verilən iftar mərasimində çıxış edərkən Azərbaycanda radikalizm və fundamentalizmin rəvac tapmadığını, ölkəmizdə hər hansı təhlükə mənbəyinin olmadığını bildirmiş, radikalizm və terrorizm kimi mənfi sosial halların hansı regionlarda canlandığını dəqiq göstərmişdir: “Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır? O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur”.

Çoxsaylı sosioloji tədqiqatlar göstərir ki, radikal və ekstremist meyillər, dini-etnik münaqişələr, terror aktları xurafatın, mövhumatın geniş yayıldığı, savadsızlığın və sosial bərabərsizliyin hökm sürdüyü regionlarda daha çox intişar tapır. Çünki savadsız insanlara dardüşüncəlilik xasdır, hər yeni fikir, müxtəliflik, yad mədəniyyət onların qəlbində xof yaradır, onlar özgələrin dünyagörüşünə düşmən kəsilir. Biliksiz fərdin beynini yuyub “zombiləşdirmək” və məkrli niyyətlərlə ölümə göndərmək asandır. Təhsilə əhəmiyyət verilməyən cəmiyyətlər etnik-dini münaqişələrin ağuşuna yuvarlanmağa, ideoloji işbazların oyuncağına çevrilməyə, bir sözlə, geriləməyə və məğlubiyyətə məhkumdur.

Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, ədalətsizlik, səfalət və buna bənzər sosial fenomenlər də dini fundamentalizmin oyanmasına gətirib çıxarır. Tarixi faktlar göstərir ki, radikal dini və siyasi ideyalar keçid dövrlərində, böhranlı anlarda, kəskin sosial təzadların mövcud olduğu toplumlarda rəğbət görür, çünki radikal təfəkkürə maksimalizm, nihilizm, ifrata qaçma, hər şeyə bədbin baxma, inkarçılıq, emosional tərəddüd xasdır. Radikalizm hər zaman mövcud sosial-siyasi vəziyyətə mənfi münasibət bəsləyir, müxalif mövqedə durur, sosial problemin tez və qısa həllinə çalışaraq “xoşbəxt gələcək”, “mütləq ədalət və bərabərliyin hakim olduğu yeni dünya”, “ilahi ənamlar”, “cənnət meyvələri” vəd edir. Qısa müddətdə sosial vəziyyətini dəyişmək istəyən, başqa çıxış yolu görməyən və ədalətsizliklə üzləşən narazı kütlə asanlıqla belə ifrat ideyaların təsiri altına düşür, başqa yerlərdən əlləri üzüldüyündən radikallığa ümid və pənah yeri kimi baxırlar.

Dini fanatizm və radikalizmin törəmə səbəblərini nəzərdən keçirdikən sonra əminliklə deyə bilərik ki, Azərbaycanda dini fanatizm və radikalizmin dayağı yoxdur. Buna səbəb həm ölkəmizdə tarixən mövcud olan tolerant və multikultural dəyərlərin güclü olması, həm toplumumuzda dünyəvi ənənələrin möhkəm dayaqlara malik olması, həm də dini dözümlülük və sekulyar ənənələrə söykənən Azərbaycan hökumətinin apardığı düzgün və mütərəqqi siyasətdir. Sosioloji sorğular onu göstərir ki, digər müsəlman ölkələrdən fərqli olaraq, Azərbaycanda dünyəvi ənənələr güclüdür, dini təməlçilik cəmiyyətimiz üçün yaddır.

O da bir həqiqətdir ki, xalqımız milli-mənəvi dəyərlərinə, İslam ənənələrinə hər zaman hörmətlə, sədaqətlə yanaşmışdır. Azərbaycan xalqı ən çətin və ağır tarixi dövrlərdə dini ənənələrini qoruyaraq günümüzədək gətirib çıxarmışdır. Eyni zamanda, insanlarımız şəriət dövlətinin qurulmasına və şəri hökmlərin tətbiqinə çağıran, başqa inanc sahiblərinə dözümsüz yanaşan ideologiyaları qəbul etməmişlər. Bu gün də kənardan ölkəmizə idxal olunmasına çalışılan belə ideologiyalar qətiyyətlə rədd olunur. Əlbəttə, fanatik ideyaların təsiri altına düşən vətəndaşlarımız var. Lakin ölkə səviyyəsində onların sayı olduqca azdır və cəmiyyətimiz belələrinin ardınca getməkdə deyil, onların islah olunmasında maraqlıdır.

Cəmiyyətimizdə dünyəvi dəyərlərin, liberal təfəkkürün formalaşmasında xalqımızın maarifpərvər mütəfəkkirləri böyük rol oynamışlar. XIX əsrin sonları – XX əsrin əvvəllərində yaşamış maarifçilərimiz – Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov və xalqımızın digər görkəmli şəxsiyyətləri dövrün nadanlığını, cahilliyi, mövhumatı, xurafatı, ifrat və kor-koranə dindarlığı qamçılayaraq tərəqqiyə, elmə, müasirliyə çağırmışlar. O vaxtlar işıq üzü görən “Əkinçi”, “Molla Nəsrəddin” kimi mətbu orqanların toplumumuzda dünyəvi və liberal dəyərlərin güclənməsində oynadıqları böyük rol da danılmazdır.

Onu da xüsusi vurğulamaq lazımdır ki, respublikamızda hər hansı dini fanatik təmayüllərin və ideologiyaların yayılmasına imkan verməyən əsas səbəblərdən biri də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, müdrik, praqmatik və qətiyyətli siyasətdir. Belə ki, dini radikalizmin oyanmasına səbəb olan savadsızlıq, səfalət və ədalətsizlik kimi mənfi sosial təzahürlərin qarşısının alınması üçün Azərbaycan hakimiyyəti tərəfindən uzaqgörən və mütərəqqi addımlar atılır: təhsilin, səhiyyənin, elmin inkişafı və əhalinin sosial təminatının yüksəldilməsi sahəsində çoxsaylı işlər görülür, yüz minlərlə məcburi köçkün evlə təmin olunur, yüzlərlə uşaq bağçası və məktəb tikilir, yeni səhiyyə ocaqları açılır və s. Bir sözlə, Azərbaycan hökumətinin əhalinin sosial rifah və inkişaf səviyyəsinin artırılması istiqamətində icra etdiyi uzaqgörən layihələr cəmiyyətimizdə fundamentalist təzahürlərin, fanatik ideologiyaların tərəfdar kütləsi toplamasına imkan vermir.

Müasir Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı göz qabağındadır. Ölkə iqtisadiyyatı son 14 ildə böyük inkişaf yolu keçib. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb. Əməkhaqları 3 dəfədən çox artırılıb, şəhər və qəsəbələrdə böyük abadlıq işləri görülüb. Bu dövr ərzində Azərbaycanda 1 milyon 600 min iş yeri açılıb, iqtisadiyyatda 3,5 dəfə artım olub. Azərbaycanın xarici borcunun aşağı olması da ölkəmizin iqtisadi göstəricilərinin yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ilin mayında Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu məsələyə diqqət çəkərək demişdir: “Xarici borcumuz olduqca aşağı səviyyədədir və ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə xarici borcumuzdan 5 dəfə artıqdır. Yəni, iqtisadi göstəricilərimiz həqiqətən də yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Həmin təşkilatın qiymətləndirməsinə əsasən, inkişafda olan ölkələrin inkişaf templərinə görə Azərbaycan siyahıda digər bir ölkə ilə birinci və ikinci yerləri paylaşır”.

Eyni zamanda, demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsi, bürokratik əngəllərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə, nəzarət və qiymətləndirmənin aparılmasına, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasına, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsinə və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə rəvac vermişdir. Prezident İlham Əliyevin 2012-ci il 13 iyul və 5 sentyabr tarixli fərmanları ilə yaradılan “ASAN” modellər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq kimi altı prinsip əsasında fəaliyyət göstərərək əhaliyə xidmət edir. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış yeni, səmərəli, müasir xidmət modeli olan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunur və bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya Parlamenti, digər təsisat və ölkələrdə yüksək qiymətləndirilir. Həmçinin bir sıra beynəlxalq qurumlar və tanınmış ekspertlər bu unikal qurumu “Azərbaycan modeli” adlandıraraq, mütərəqqi nümunə kimi qeyd edirlər.
Respublikamızda insanların firavan yaşayışı üçün həyata keçirilən layihə və planlardan, dövlət tərəfindən görülən əməli işlərdən çox danışmaq olar. Məhz dövlətimizin təhsilə verdiyi böyük önəm nəticəsində ölkə əhalisinin savadlılıq, ibtidai təhsil səviyyəsi, demək olar, yüz faizə çatmışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda on beş və yuxarı yaş aralığında olan əhalinin savadlılıq dərəcəsi 99,8 faizdir. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb istifadəyə verilmişdir.

Bununla yanaşı, ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin əsas siyasi prioritetlərindəndir. Tolerantlıq və multikulturalizmin təbliğinə bu qədər önəm verilməsi təsadüfi deyildir. Əslində, qarşıya daha qlobal, ölkə miqyasını aşan məqsədlər qoyulmuşdur. Dövlət başçısı 2016-cı ili “Multikulturalizm ili” və 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə həm multikulturalizmi dəyərsizləşdirən Qərb dünyasına, həm də nifaq və ixtilaf yaşayan İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və fanatizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verir. Nümunə isə var: Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modeli, xalqımızın yaşayış tərzi, respublikamızda yaşayan fərqli dinlərin və xalqların nümayəndələri arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri, həmçinin Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasət.
Bəs bu fenomenal modelin özəlliyi nədir? Respublikamızda tolerant mühitin qorunmasında, multikultural ənənələrin inkişafında Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasətin mahiyyəti və istiqamətləri nədən ibarətdir?

Bu gün ölkədə həyata keçirilən dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas və fərqləndirici xüsusiyyəti odur ki, dindarlara və onların dini hisslərinə hörmət, tolerant və multikultural dəyərlərin qorunması, inkişafı sözdə deyil, əməldədir. Məsələn, ölkə rəhbəri İlham Əliyev milli-mənəvi dəyərlərin dirçəldilməsinə, həmçinin məscidlərin, ziyarətgahların, kilsələrin, sinaqoqların inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır, eyni zamanda, hər il müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır, ölkədəki ibadətgahlara illik limitlə pulsuz təbii qaz verilir və s. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə ölkəmizdə 17 məscid vardısa, bu gün onların sayı 2200-ə çatmışdır, eyni zamanda, ölkə ərazisində 7 sinaqoq, 14 kilsə fəaliyyət göstərir. Xalqımızın gen yaddaşından gələn tolerant və multikultural ənənələrin yaşadılması, gələcək nəsillərə ötürülməsi düşüncəsinin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsinin nəticəsidir ki, bu gün ölkədə məscidlərlə yanaşı, digər dinlərin ibadət evləri təmir və yenidən bərpa olunur, yaxud yeniləri tikilir.
Bu mənada ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Məhz fondun maliyyə dəstəyi ilə Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsindəki Pirhəsən ziyarətgahı və Heydər məscidində, Buzovna qəsəbəsindəki Cümə məscidində, Gəncə şəhərindəki Şah Abbas və Həzrət Zeynəb məscidlərində yenidənqurma və əsaslı təmir-bərpa işləri aparılmışdır. Fondun gördüyü işlər təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Heydər Əliyev Fondunun hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət göstərir. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi bu istiqamətdə görülmüş mütərəqqi işlərdəndir. Layihə çərçivəsində ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransada bir sıra kilsənin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirin abidəsinin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Bütün bunlarla yanaşı, Azərbaycan dövləti vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün də hüquqi bazanı möhkəmləndirmişdir. Bu isə insanlar arasında tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə, bugünkü və gələcək nəslin öz tarixi keçmişindən uzaqlaşmamasına və vətəndaşların öz əqidəsini sərbəst şəkildə yaşamasına xidmət göstərir. Bunun ən gözəl örnəyi insanların mənsub olduğu dinə birgə ibadət etmək və digər dini tələbatlarını ödəmək məqsədilə təsis etdikləri dini icmanın dövlət tərəfindən qeydiyyata alınması prosesidir ki, bu baxımdan ölkəmizdə heç bir problem yaşanmır. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 767 dini icma qeydiyyatdan keçmişdir ki, konfessional baxımdan onlardan 739-u İslam, 17-si xristian, 8-i yəhudi, 1-i krişna, 2-si isə bəhai təmayüllüdür.

Ölkədə dini durum tam sabit olsa da, bəzən kənardan edilən müdaxilələr hesabına dini fanatizm və radikalizmin yayılmasına cəhdlər edilir. Lakin bu istiqamətdə dövlət tərəfindən ideoloji, hüquqi və iqtisadi müstəvidə mübarizənin aparılması bu uğursuz cəhdlərin qarşısının alınmasında böyük rol oynamaqdadır. İdeoloji müstəvidə aparılan mübarizəyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər dövlət qurumları və qeyri-hökumət təşkilatları, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə keçirdiyi tədbirlər ən yaxşı nümunə hesab oluna bilər. Dövlət komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq ölkəmizin bütün regionlarında silsilə tədbirlər həyata keçirir. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və elektron nəşrlər vasitəsilə də baş tutur. Bu məqsədlə müxtəlif ədəbiyyatlar çap olunur, dini icmalara paylanılır. Dövlət komitəsinin mətbu orqanları – “Dövlət və Din” jurnalı, “Cəmiyyət və Din” qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramımız olan “Din və Cəmiyyət” verilişi, “Space TV”dəki “İnam” verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini davam etdirir. Eyni zamanda, dövlət komitəsinin sifarişi ilə hazırlanmış, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” sənədli filmi də insanların maariflənməsində mühüm rol oynayır. Ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirilən film ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Beləliklə, bütün sadalanan faktlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti ədalətli, əhalinin rifah və təhsil səviyyəsinin artırılmasına yönəldilmiş siyasəti, o cümlədən dini maarifləndirmə istiqamətində görülən işlər uğurla həyata keçirdiyi üçün ölkəmizdə dini fanatizm və radikalizmin vüsət almasına baza yoxdur, çünki Azərbaycan kimi təhsil səviyyəsi yüksək, kasıblıq göstəricisi aşağı və ədalətlə idarə olunan dövlətlərdə vətəndaşlar dünyəvi, demokratik, liberal dəyərlərə, mötədil dini əqidələrə üstünlük verir, fundamentalist, ifratçı, dözümsüz ideologiyalara ikrahla yanaşırlar.

Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
“Azərbaycan” qəzeti

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...