Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Vasim Məmmədəliyevin “Qurani-Kərim”i adamları ateist edir”

“Elə hesab oluna bilər ki, qəsdən Vasim müəllimin üzərinə gedirəm, əsla, tərcümədəki ciddi xətalar məni çox təəssüfləndirir”

Tanınmış ilahiyyatçı Elşad Mirinin “AzNews.az”a müsahibə verib. “Din.az” həmin müsahibəni sizə təqdim edir:
– Elşad bəy, “AzNews.az”da Vasim Məmmədəliyevin müsahibəsini oxudunuzmu? 
– Əlbəttə, oxumuşam.

– Müsahibə birmənalı qarşılanmadı, kimisi mənim suallarımı tənqid edir, kimisi hörmətli akademikin cavablarını… 
–Vasim müəllimə verdiyiniz suallar həqiqətən günümüzün aktual məsələləridir. Doğrudan da o suallara aydınlıq gətirilməlidir. İstədiyim sualları gördüm, amma əfsuslar olsun ki, istədiyim cavabları görmədim. Vasim Məmmədəliyev mənim müəllimim olub, ona böyük hörmətim var. Çox istərdim ki, o, sizin suallarınıza konkret olaraq Quranla cavab verəydi. Ancaq müsahibə insanlarda daha çox suallar yaratdı. Buna görə müsahibəni oxuyub həm sevindim, həm də təəssüfləndim.

– Vasim müəllimdən nə gözləyirdiniz ki?
– Onun bir Quran tərcüməçisi kimi konkret ayələrə istinad etməsini gözləyirdim. Hətta Tövratdan, İncildən misallar gətirə bilərdi. Dünyəvi elmlərlə sintez şəklində danışardı. Bu, daha məntiqli və daha ağlabatan olardı. Vasim müəllim müsahibədə Quranı sanki VII əsrin arxaik kitabı kimi təqdim edir. Belə şeylər insanı üzür, kədərləndirir…

– Vasim müəllimə sual verdim ki, islam dininin qayda-qanunları və bizə təqdim etdiyi həyat tərzi ilə rahat yaşamaq mümkündürmü? Cavab: “Əlbəttə, mümkündür… İslam nə deyir ki? Deyir, namuslu ol, şərəfli ol, düzgün ol, öz əməyinlə dolan, başqasının qazancına göz dikmə, oğruluq etmə, əyrilik etmə, cəmiyyətə xeyirli bir insan ol…”. Təzədən sual verdim: “Bəs Azərbaycanın dini dövlət olmasını istərdinizmi?” Cavab: “Yox, istəməzdim. Azərbaycanı elə bu cür görmək istəyərdim. Dünyəvi dövlət olsun, din də dövlətdən ayrı olsun”. 
Təbii, mən də Azərbaycanın dini dövlət olmasını istəmirəm, ancaq akademik niyə belə təzadlı danışsın ki? 
– Vasim müəllimin həmin müsahibədə dövlət məmuru kimi çıxışını müşahidə etdim. Ancaq mən də o fikirdəyəm ki, dini dövlət anlayışı yanlış ifadədir. Dövlətin dini olmaz, insanların dini olar. İslam gəlmədi ki, dövlət qursun. Bu din gəldi ki, insanların həyatını mənfidən müsbətə doğru dəyişsin. Allah Quranda insanları zülmətlərdən nura tərəf dəvət edir. Bu nur Allahın buyurduğu yoldur.

Tərcümə ilə bağlı nöqsanları həmişə dilə gətirirsiniz. Sizcə, “Qurani-Kərim” tamamilə yenidən tərcümə olunmalıdır, yoxsa müəyyən düzəlişlər kifayətdir?
– Vasim müəllim deyir ki, mən Quranın tərcüməsi haqqında ön söz yazmışam. Bu, yəqin ki, sualdan yayınmanın bir metodudur. Gözləyirdim ki, o, ön sözü oxumağı tövsiyə etməkdənsə, ön sözdə yazdığı məsələləri aydınlaşdırsın, açıqlasın. Bu, daha gözəl olardı.

12735847_1079789078730426_1146908261_nlkl
Siz soruşursunuz ki, yenidən tərcüməyə ehtiyac varmı? Akademik deyir, yenidən tərcüməyə yox, amma düzəlişlərə ehtiyac var. İnanın, bu sözün deyilməsi belə çox gözəl irəliləyişdir. Hətta inkişafdır.
Baxın, əlimdə “Qurani-Kərim” var. İkinci surə səkkizinci şərhdə nə deyir? Macar islamşünasi Qoltzyerin mülahizəsinə görə burada Darvinizimin əlamətləri var. Axı Darvinizim hara, Quran hara? 1850-ci illərin ortalarında meydana gələn nəzəriyyə hara, VII əsrin Quranı hara?
İnsan tanıyıram ki, Vasim Məmmədəliyevlə Ziya Bünyadovun tərcümə etdiyi Quranı üç dəfə oxuyandan sonra ateist olub.

Vasim müəllim dil məsələsində həqiqətən bir avtoritetdir, amma din məsələsində təəssüf ki, eyni şeyi söyləmək mümkün deyil.

Sizin müsahibədə toxunduğunuz məsələ çox maraqlı idi. Deyirsiniz ki, biz bacı-qardaşdanmı törəmişik? Quranda bir dənə söz tapa bilməzsən ki, bəşəriyyətin bacı-qardaşdan törəyib çoxaldığını desin.
Bəli, konkret olaraq ilk insan prototipi Adəm və Həvva olub. Amma başqa insanlar da olub. Allah Adəmi seçib. Bunu da «Ali-İmran» surəsinin 33-cü ayəsində Allah bildirir.

Ondan sonra Vasim müəllim müsahibəsində dediyi kimi, əkizlər doğuldu. Sonra bunlar çarpaz evləndirildi. Qardaş, lap çarpaz olsun, nə fərqi var, yenə bacı-qardaşla evləndirilmir?
Tutalım, bir fransız, yaxud ingilis açıb Quranı oxuyur. Yazılıb ki, Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Adam fikirləşməz ki, Əbu Ləhəb kimdir, onun əlləri niyə qurumalıdır, bunun mənə nə dəxili var, həqiqətənmi bu adamın əlləri quruyub? Əlləri qurusun deyən kimdir? Allah. Qurudan kimdir? Allah. Bəs niyə Allah özü-özünə belə bir şey deyir?
Ona görə deyirəm ki, Quran günümüzlə əlaqələndirilmədikdə VII əsrin arxaik və keçmişdən qalma bir kitabı olur.

Mənim üçün maraqlıdır, Əbu Ləhəb haqqında surə gələndən sonra o, yaşadı ya yaşamadı?
– Bununla bağlı iki mənbə var. İbn Abbas deyir, bu surədən sonra Əbu Ləhəb 10 il yaşadı. Amma bəzi alimlər də qeyd edirlər ki, bu iddianı ortaya atan İbn Abbas həmin surənin gəlişindən 7 il sonra doğulub.

– Konkret olaraq onun əlləri qurudu, yoxsa qurumadı?
– Yox, heç bir zaman qurumadı.

– Axı Vasim müəllim deyir, qurudu…
– Bunu deyən adam dəlil, sübut gətirməlidir.

– Deyir, tualetdə oturanda əlləri quruyub yerə düşdü.
– O vaxt heç tualet anlayışı günümüzdəki kimi olmayıb ki, üzr istəyirəm, girib oturasan. Hədislərdə deyilir ki, peyğəmbər öz təbii ehtiyacını bir kənara qoyurmuş, bəziləri də deyir, hətta peyğəmbərin ifrazatını içirdilər. Bu, zəhərli şeydir, bunu niyə insana içizdirirsən, sonra niyə bunu bərəkətləndirirsən? Peyğəmbərimiz özü heç zaman belə bir söz deyə bilməz.

İkincisi, Əbu Ləhəbin əlləri qurusun deyəndə konkret əldən söhbət getmir. Əlləri qurumaq ərəb dilində bir deyimdir. Necə ki, bizdə deyirlər ki, filankəsin əli bəhmənkəsin üstündədir.

Vasim müəllim bu şeyləri niyə bilməsin ki?
– Bir insan niyə hər şeyi bilsin ki?

Bizim təsəvvürümüzdə Vasim Məmmədəliyev obrazı var…
– Allah Ziya Bünyadova rəhmət eləsin, Vasim müəllimə də can sağlığı versin. Onlar həqiqətən də böyük bir iş görüb ilk olaraq Quranı tərcümə etdilər. Amma hörmətli akademikin özünün də qeyd etdiyi kimi, artıq düzəlişlər, dəyişikliklər zamanıdır. Adicə Nuh peyğəmbərin nəslində, ailəsində yetişən oğlu Kənan kafir olub. Hər şey niyə müəkəmməl olsun ki?

Elşad bəy, mələklərin funksiyası nədir?
– Mələklərin hər birinin ayrı-ayrı özəllikləri var. Məsələn, Cəbrayıl adlı mələk Allahdan vəhy alıb peyğəmbərinə çatdırıb. Mikayıl təbiət hadisələri ilə bağlı mələkdir. İsrafil üfürməklə bağlıdır.

Əzrayıl adlı mələk varmı?
– Bu adda Quranda mələk yoxdur, heç hədislərdə də işlənmir. Bu, Tövratdan, yəhudilikdən keçmə bir ifadədir. Quranda ölüm mələyi deyə keçir. Mələklərin heç biri Allahın iradəsindən kənara çıxacaq bir məxluq deyil. Amma insana iradə, azadlıq, ruh, idrak, şüur, ağıl verib ki, pisi və yaxud yaxşını özü seçsin və buna görə məsul dursun. Ona görə insan hər hansı cinayət əməlinə görə həbs olunur.

Həmişə Quranın daş-qalaq məsələsindən möhkəm yapışırlar…
– Vallah, düzgün də edib yapışırlar.

– Niyə?
– Kəramət bəy, “Qurani-Kərim” 6236 ayədən ibarətdir. Quranda daş-qalaqla bağlı bircə ayə də yoxdur.

Bəs Quran niyə həmişə daş-qalaqla qarşılanır?
– Çünki daş-qalaqla bağlı iddia hədislərdə gətirilir. Hədislərdə deyilir ki, guya, belə bir ayə olub. Sonra bir dənə “müqəddəs keçi” gedib Ayşənin yatağının altında dəri üzərinə yazılan ayəni yeyir. Sonrakı alimlər isə deyiblər ki, bu ayənin oxunuşu nəsx olunub, amma hökmü həmişə mövcuddur. Sizcə, belə bir uydurma ola bilərmi?

Başqa bir rəvayətdəsə deyilir ki, meymunlar yığışıb başqa bir meymunu rəcm, yəni daş-qalaq edirlər. İnsan qoşulub onlara, bir daş atıb. Adamdan soruşmazlar ki, heyvanlar niyə bir-birini daş-qalaq etsin? Heyvanlar da məhkəmə qururmu, heyvanlarda da ər-arvad məsələsi insanlardakı kimidirmi?
Hətta Quranda bircə dənə də ayə yoxdur ki, Allah dinindən dönənin ölümünü əmr etsin.

Zinakar kişi və zinakar qadınlar haqqında Nur surəsinin ikinci ayəsində nə deyilir? 
– Deyir ki, zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Burada daş-qalaq varmı?

Yəni Quran heç bir halda insan ölümünə bəraət qazandırmır?
– Xeyr. Əksinə, Maidə surəsində Allah buyurur ki, bir insanı haqsız yerə öldürmək bütün bəşəri öldürmək kimidir.

Bəs bir insanı haqsız yerə öldürənin cəzası nədir?
– Bunun cəzası Amerikanın 36 ştatında olduğu kimi, ölüm hökmüdür. Biri mənim atamı öldürübsə, mənim onu öldürməyə ixtiyarım yoxdu. Məhkəmə var. Sübutlar yığılır, şahidlər olur, müəyyən müddətdən sonra onun cinayəti sübut olunandan sonra mənə o ixtiyar verilir ki, atamı öldürəni ya bağışlayım, ya da öldürülməsinə razılıq verim. Mən bağışlaya da bilərəm, bağışlamaya da. Bağışlamasam, dövlət öz təyin etdiyi üsullarla onu öldürür. Mən öldürmürəm, mən öldürsəm, xaos olar, qan davası düşər… İslam insanı öldürmək üçün deyil, yaşatmaq üçün gəlir.

Elşad bəy, cahil insanlara nə deyirsən, deyir, Quranda var. Sizə isə nə deyirəm, deyirsiniz ki, Quranda belə şey yoxdur. Bəs həqiqi Quran nə vaxt Azərbaycan xalqına gəlib çatacaq? 
– Əslində, çox ağrılı sualdır. Mən hazırda Quranın düzgün şəkildə tərcüməsinin, insanlarımıza düzgün şəkildə çatdırılmasının üzərində işləyirəm. Çalışıram ki, buna nail olum. Bu yaxınlarda Türkiyədə oldum. Orda çoxlu ilahiyyatçılarla görüşdüm. Hər görüşdüyüm ilahiyyatçı mənə özü tərcümə etdiyi Quranı verirdi. Türkiyədə 200-ə yaxın Quran tərcüməsi var. Amma Azərbaycanda barmaqla sayılacaq qədərdir, hamısı bir-birinin eynisidir.

Gəlin Nisa surəsinin 34-cü ayəsini açaq. Deyir ki, kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. İslam bir din kimi kişilərin dini oldumu, kişilərə üstünlük verdimi?

– Aha…
– Yaxud deyir ki, ey kişilər, özbaşınaqlıq etməyindən qorxduğunuz qadınlara nəsihət edin, yola gəlməzlərsə onlardan yatağınızı ayırın və döyün. Kəramət bəy, özbaşınalığı qadın edir, yoxsa kişi?

– Hər ikisi edə bilər: kişi də, qadın da. 
– Bəs kişini özbaşınalıq edəndə kim döyəcək? Doğru bir məntiq deyilmi? Amma araşdırırsan ki, sən demə, burada döyməkdən söhbət getmirmiş, heç bu qadına aid bir məsələ də deyilmiş, bunların hamısı tərcümənin yanlışlarıdır.

– Bəs orijinalda necədir?
– Heç bir mənbədə, hətta heç bir rəvayətdə yoxdur ki, peyğəmbər bir arvadına əl qaldırsın.

Bəs arvaddan küsəndə peyğəmbər nə edirmiş?
– Onlardan bir aya yaxın ayrı qalıb, vəssalam.

– Quranı müasirləşdirməkdən danışırsınız. Necə ola bilər bu? Məsələn, “ayə” sözünə “SMS” deməkləmi?
– Əlbəttə, niyə olmasın? Qurani-Kərim Allahın 6236 SMS-idir. SMS insanın bir-birinə yazdığı məktubdur. Yaxud Əbu Ləhəb kimi prototiplər deməyin nə problemi var ki? Bu gün bizim həyatımızda Əbu Ləhəblər yoxdurmu? Yəni dinin dilini dəyişib insanlara təqdim etmək daha məqsədəuyğundur. Məsələn, faiz, sələm sözlərini bank kreditləri ilə də əvəzləməyin nəyi pisdir ki? 12736465_1079789135397087_649641195_nlk
Vasim müəllim bir rəvayət danışdı. Deyir, Kəbə yerdə olduğu kimi göydə də var. 
– Göydə niyə Kəbə olsun ki?

– Guya mələklər orda Allaha ibadət edir…
– Kəbə bir istiqamətdir, yöndür… Namaz qılarkən, ibadət edərkən insanların eyni istiqamətə dönməsinə aid olan bir məsələdir. Hökmənmi mələklərin Allaha ibadət etməsi üçün göydə bir Kəbə olmalıdır?
Kim belə şeylərə iddia edirsə, mütləq Qurandan ayə gətirməlidir. Sübutun yoxdursa, ayə gətirmirsənsə, deməli, özündən deyirsən.

– Vasim müəllimlə heyvanların cənnətə, yaxud cəhənnəmə düşməsi ilə bağlı da danışmışdıq… 
– Vallah, heyvanların, yaxud kimin, nəyin cənnətə düşüb-düşməməsinin mənə dəxili yoxdur. Orada heç kəs mənim yerimi dar etmir. Arzu edirəm ki, mən cənnətə düşənlərdən olum, orada heyvanlar da olacaqsa, nə gözəl, olmayacaqsa, mən neyləyim?

– Quranda konkret bu məsələ ilə bağlı nəsə varmı?
– Xeyr, yoxdur.

– Deməli, əsas məsələ tərcümədəki nöqsanlardır. 
– Əlbəttə, elədir. Vasim müəllimin tərcüməsində deyir ki, Nəbə surəsinin 33-cü ayəsində cənnətdə sinələri yenicə dolmuş həmyaşıd qızlar var.

Bu ayənin qadınla, qızla, kişiylə əlaqəsi yoxdur. Bu, yanlış tərcümənin nəticəsidir. Cənnətdə kişilər üçün sinəsi yenicə dolmuş həmyaşıd qız varsa, bəs qadınlar üçün nə var? Bunu niyə yazmır?
Bu cür səhvlər tərcümələrdə çoxdur. Çox dərinə getmək istəmirəm. Elə hesab oluna bilər ki, qəsdən Vasim müəllimin üzərinə gedirəm. Amma tərcümədə ciddi xətalar məni çox təəssüfləndirir.

– Qamət Süleymanov atesitləri heyvanlarla müqayisə etmişdi…
– Təbii, bu, bir insanın dindar yox, dini darlığının nəticəsidir. Bir insana heç kəs haqq vermir ki, ateisti heyvanla müqayisə etsin.

– Elşad bəy, nəyə görə həyat insan doğulanda başlayır? Axı ana bətnində uşağın ürəyi döyünür, hiss edə bilir, qidalanır və s. Buna yaşamaq demək olmazmı?
– İnsana ruhun üfürülməsi məsələsi var, ona görədir. Yəni insana iradənin verilməsindən söhbət gedir.

– Ölənlərin arxasınca göz yaşı tökürük. Əgər onlar ölmürsə, sadəcə bu dünyadan o dünyaya yerdəyişmə edirsə və bir gün biz də onların yanına gedəcəyiksə, yəni sevdiklərimizlə görüşəcəyiksə, bəs niyə ağlayırıq? Ağlamaq Allaha qarşı getməkdirmi?
– Peyğəmbərin İbrahim adlı oğlu uşaq yaşında vəfat edəndə o da ağlayır. Yanındakılar deyir, ey Allahın rəsulu, bəs sən bizə ağlamağı qadağan etmişdin, özün niyə ağlayırsan? Peyğəmbər deyir ki, mən sizə özünüzü döyərək səsli ağlamağı qadağan etmişəm, amma bu göz yaşı insanın içindən gəlir… Allah sənə bu hissi verib, necə ağlamaya bilərsən? Quranda ağlamaqla bağlı heç bir qadağa yoxdur.

Quranda deyir ki, kim nə edirsə bir gün qarşılığını alacaq, eləmi?
– Bəli…

– Bəs atesit olmaq şər iş hesab olunurmu? 
– Yox, şər iş deyil. Atesitlik sadəcə, insanın fərqli düşüncəsidir. Bayaq dediyim kimi, Quranı Vasim müəllimin tərcüməsində oxuyub o qədər atesit olanlar var ki…

– Konkret Quran atesitlərlə bağlı nə deyir?
– Deyir, kim Allaha şərik çıxırsa, onun varlığını danırsa, yeri cəhənnəmlikdir. Amma ayədə yazılır ki, insana yol açıqdır. Atesitlər özləri bu yolu tutursa, mütləq bir gün bunun cavabını Allah verəcək.

– Maraqlıdır, cinlə şeytanın fərqi nədir?
– Şeytan cinlərdəndir. Ərəb dilində «cim» və «nun» hərfləri birgə istifadə ediləndə, ümumiyyətlə, görünməyən məxluqlar üçün istifadə edilir. Məsələn, məcnun, cinnət keçirmək, cənnət, cin…

Ümumiyyətlə, cin varmı? Cinlər nə üçün mövcuddur, onların missiyaları nədir?
– Allah Quranda buyurur ki, cinləri və insanları özünə qulluq etmək üçün yaradıb (Zariyat surəsində). Biz digər məxluqlara görə deyil, öz əməl və davranışlarımıza görə cavabdehlik daşıyırıq. Amma onu da qeyd edək ki, cinlər də əbəs yerə yaradılmayıb. Çünki Allah boş işlərlə məşğul olmadığını Quranda buyurur.

Vasim Məmmədəliyev müsahibəsində deyir ki, insanlar cinlərlə evlənərək çoxalıblar… 
– Absurd bir şeydir. Təsəvvür et, sabah bir qadın gəlib deyir ki, mənim uşağım cindəndir… (gülür)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir