Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

XII əsrdə ölkəmizə gələn, Quran ayələrinin yazılmasında istifadə olunan MÖHTƏŞƏM SƏNƏT

Ebru sənətini yaşadanlar …

Din.az bildirir ki, Publika.az-ın müsahibi ebruzən Sevinc Əliyevadır.

Ebruya qısa tərif verin…

– Ebru su üzərində rəsm çəkmə sənətidir. Çağatay dilində “dalğavari”, farsca “bulud” və ya “suyun üzü” kimi tərcümə olunur.

– Bəs ana vətəni haradır?

– Ən qədim ebru Buxaradan tapılıb, 9 əsrə aid olduğu bildirilir. Buxaradan sonra İpək yolu vasitəsilə İrana, Türkiyəyə yayılıb. Azərbaycana isə 12 əsrdə gəlib. Bəlkə də eşitmisiniz, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində ebrunun adı keçir. İlk ebru ustası da buxaralı olub. Bəlkə də ondan daha qədim nüsxələr var, amma tarixi faktlar sübut edir ki, ebrunun ilk vətəni Buxaradır.

– Amma ebrunu Osmanlı imperiyası yaşadıb…

– Bəli, buxaralı ustalar Osmanlı ərazisinə köç ediblər. Orada da insanlar arasında maraq oyanıb. Artıq doqquz əsrdir ki, ebru türklər tərəfindən yaşadılır.

– Bu sənəti İslam dini ilə doğmalaşdıran səbəb hansıdır?

– Əlaqəsi yoxdur. Doğrudur, Quranın kənarlarının bəzədilməsində, ayələrin yazılmasında ebru naxışlarından istifadə olunub. Amma ebrunun İslamla dərin əlaqəsi yoxdur. Çünki diqqət etsəniz, digər kitabların səhifələrində, üz qabığında da ebru naxışlarından istifadə olunurdu.

– Şəxsən mənim üçün ebru təbiətin yaradıcılığıdır. Çünki bildiyimə görə, onun ərsəyə gəlməsində istifadə olunan bütün məhsullar təbiətdən gəlir…

– Ebru başdan-başa təbiətə təmas deməkdir. Fırçasından tutmuş boyasına qədər hər şey təbii tərkibli olmalıdır. Hətta unutmadan bir faktı bölüşüm: Ebrunun çubuğunun hazırlanmasında Necmeddin hoca adlı ustanın böyük rolu var. Əvvəllər adi çubuğa at quyruğu dolayıb fırça kimi onu istifadə edərmişlər. Necmeddin hoca isə adı çubuğu qızılgül budağına dəyişib. Çünki o özü bağban idi. Bilirdi ki, qızılgül budağı elastikdir, proses zamanı rahat çırpılacaq. Həm də suya çox təmas edəndə kiflənməyəcək. Ebruda istifadə olunan bütün boyalar torpaqdan alınır. Bura həm torpaqdan olan paslar, həm də müxtəlif rəngli gillər aiddir. O torpaqlar süzülür və bu rənglər əldə edilir.

– Yəqin bu rənglərin qiyməti də baha olur…

– Türkiyədən əldə etsəniz, daha ucuz başa gəlir. Qiymətindən də əlavə hazırlanması çox ağır prosesdir. Toz şəklində olan bu boyaları bəzən yeddi saat mərmərin üzərində səkkizvarı hərəkətlərlə əzmək lazım gəlir. Amma əzəndən sonra yaranan boyanın yüksək keyfiyyətini sözlə ifadə etmək mümkün deyil. Hər rəngin özünə görə hazır vəziyyətə gəlmə müddəti var. Məsələn, sarı rəngi əzməyə bəzən bir gününüzü sərf edə bilərsiniz. Amma nə qədər çox əmək sərf etsəniz, bir o qədər də gözəl nəticə alacaqsınız. Rənglər suda daha hamar açılacaq. İstəsəniz, hazır boyalardan da istifadə edə bilərsiniz, lakin keyfiyyət etibarilə nəticə eyni olmayacaq. Və ən əsas atribut öddür. Öd olmadan ebrunu təsəvvür etmək mümkün deyil, rənglər ödlə qarışdırılır, və suyun üzərində açılmasını öd təmin edir.

– Bəs ödü necə əldə edirsiniz?

– Bu adi dana ödüdür. Sadəcə qəssaba yaxınlaşıb, öd alıram (gülürük). Bir şərt var ki, öd təzə olmalıdır. Mayesini çıxardıram, sterlizə prosesindən sonra istifadə edirəm.

– Amma ödün də ömrü uzun olmur…

– Soyuducuda saxlamaq lazımdır. Kəskin qoxu gələndə, bilin ki, istifadəyə yararsızlaşıb. Həmçinin boyaların qoxusu kəskinləşirsə bu, o deməkdir ki, öd köhnəlib, yeniləmək lazımdır.

– Bəs əsas məsələ, ebrunun üzərindəki su nədən hazırlanır?

– Gəvən otu bitkisindən, heyvanın çəyirdəyindən hazırlanır. Yəni maye kifayət qədər selikli olmalıdır. Əvvəllər ebrunun suyu tərkibini tez itirərdi. İndi isə dəniz yosununun tozu qatılır ki, daha dayanıqlı olsun.

– Ebru haqda bir sıra əfsanələr gəzir, elə deyil?

– Deyirlər su əlin enerjisini götürür. Tutaq ki, bir gün öncədən rəngləri, suyu hazır vəziyyətə gətirirəm. Bu gün də əhvalım çox pisdir. Gəlirəm, həmişəki texnika ilə ebru hazırlayıram. Ya rənglər suyun üzərində açılmır, ya dibinə batır. Bilirsiniz, su da canlıdır. Rənglər də təbiətdən alınır. Yəni ebru canlı sənətdir. Odur ki sahibinin aurasını hiss edir. Onun əhvalına görə dəyişir. Ona görə ebrunu dinlə də bağlayanlar var. Tarix boyu spirtli içki qəbul edən rəssamlar çox olub. Onlar sərxoş halları ilə bir çox gözəl əsərlər yaradıblar. Amma ebruzən sərxoş halda ebru hazırlamağa cəhd etsə, heç nə alınmayacaq. Bəlkə də onu dindarlara yaxın edən səbəblərdən biri də budur. Ebru elə sənətdir ki, özünə maksimal diqqət cəlb edir.

– Bəs ebrunu üzərinə həkk etdiyiniz kağızların materialı nədən hazırlanır?

– Adi kağızlardır. Sadəcə üzərinə yumurta ağı çəkilir ki, əsrlərlə yaşasın, qurd basmasın. Ebrunun suyu da təmiz olmalıdır. Xlorlu suda rənglər açılmır.

– Türkiyənin ən tanınmış ebruzənlərindən olan Bəkir Özsudan dərs alımısənız. Tanışlığnız necə baş verdi?

– Ustamdan internet vasitəsilə dərs alırdım. Sonra məni Türkiyəyə dəvət etdi ki, yaşamasan, toxunmasan, hiss etməsən dərindən anlaya bilməyəcəksən. Çünki ən sadə ebru növü olan get-gəl ebrunun belə öz texnikası, xüsusi aləti, bizi var. Bu gün azərbaycanlı ebruzənlər ən sadə texnikalardan da xəbərsizdirlər. Bütün ustaları dəstəkləyirəm. Çox istəyirəm ki, ebru bizdə də inkişaf etsin, axı tarix boyu ebruzən ustalarımız da olub. Həm də biz çox istedadlı xalqıq. Nəyisə öyrənəndə mütləq dərinliyinə varırıq. Gəlin ebrunu da dərindən öyrənək. Mən Türkiyədə olanda, görüşdüyüm ebruzənlər deyirdilər ki, sizdə ustalar ebruya hobbi kimi yanaşır, ciddi sənət kimi yox. Bu məni çox üzürdü. Məsələn, Azərbaycanda uzun illərdir bu sənətlə məşğul olan ebruzənlər var. Amma texnikanı dərindən mənimsəmək istəmirlər.

– Sevinc xanım, ebru öncədən planlaşdırlmağı sevmir, doğrudur?

– Bəli, hətta eyni rənglərdən, bizdən, texnikadan istifadə etsəniz belə, nəticə fərqli olacaq. Bir nüsxə digərinə bənzəməyəcək. Ustam həmişə deyir ki, ebrunun taleyini cizgi, işıq və rəng həll edir. Bu üçünün vəhdətindən ebru yaranır.

– Ebruya gəlir mənbəyi kimi baxa bilərik?

– Ebru zövq sənətidir. Ona pul qazanmaq niyyətilə yanaşmaq yanlışdır. Tələbələrimə də bu fikri aşılayıram. Ebru mənim üçün ibadətdir. Ən böyük arzum ustamın emalatxanasında onunla birgə çalışmaq idi. Oradakı qızlara qibtə ilə baxırdım. Çox xoşbəxtəm ki, o emalatxanada ebru hazırlamaq mənə də nəsib oldu. Bir dindar üçün Məkkə, Mədinə necə müqəddəsdirsə, mənim üçün də ustamın emalatxanası o qədər dəyərlidir. Müsəlman üçün peyğəmbəri nə qədər əzizdirsə, mənim üçün də Bəkir hoca bir o qədər qiymətlidir.

– Həm də art terapiyadır…

– Bəli ebru həm də terapiyadır. Hətta autizmli uşaqlar üçün ideal müalicə də saya bilərik. Çünki bizi suyun üzərində sabit saxlamaq, fikri cəm etmək onlarda yeni bacarıqlar formalaşdırır. Ümumiyyətlə bu sənəti çox sadə sadə qəbul etməyin. Ebruda kimya, riyaziyyat, fizika var. İstənilən yöndən baxsaq, ebru faydalı sənətdir. Çünki təxəyyül və məntiqin vəhdətindən yaranır. Onu unikal edən əsas cəhət də budur.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...