Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

XİN: Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil

“Keşikçidağ” məsələsi rəsmi səviyyədə müzakirə olunacaq.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” tarixi-mədəniyyət abidəsi ilə bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir.

Din.az Oxu.Az-a istinadən bildirir ki, bunu Xarici işlər nazirin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur:

“Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Məsələ dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.

“Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Sovet vaxtında da, SSRİ dağılandan da sonra da bu sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək.

Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur”, – deyə nazir müavini qeyd edib.

X.Xələfov qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir:

“Hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik. Səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına uyğun deyil. Hər iki xalqın marağına ziddir. Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz.

Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək. Azərbaycan və Gürcüstanın Xarici işlər nazir müavinləri səviyyəsində gələn həftə görüş keçiriləcək. Aparılan məsləhətləşmələr nəticəsində komissiyanın növbəti iclasının vaxtı müəyyən olunacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...