Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsi – tarixi faktlar

O vaxt 400 min nəfərlik İran ordusu Amerikanın silah və müşavirliyindən tam asılı idi

1979-cu ilin 27 yanvarında İran İslam Respublikasının banisi və Birləşmiş Ştatları “Böyük İblis” adlandırmış ayətullah Xomeyni Washingtona məxfi məktub göndərmişdi.

İran inqilabının lideri özünün Parisdəki sürgün evindən Carter administrasiyasına sövdələşmə təklif edirdi: İran hərbçiləri siz deyənə qulaq asırlar, İran xalqı mənim əmrlərinə əməl edir.

Bu təklifdə söhbət ondan gedirdi ki, əgər prezident Jimmy Carter özünün İran hərbiyyəsindəki nüfuzundan istifadə edib Xomeyniyə yol açsa, o öz xalqını sakitləşdirə bilərdi. Beləliklə, stabillik bərpa olunar, Amerikanın maraqları və vətəndaşları müdafiə edilərdi.

O vaxtlar İrandakı mənzərə çox xaotik idi. Etirazçılar hərbçilərlə toqquşurdular, dükanlar bağlanmışdı, ictimai xidmətlər dayanmışdı. Əməkçilərin tətilləri neft axınını dayandıraraq Qərbin həyati maraqlarını təhlükəyə atmışdı.

Carter tərəfindən xeyli dilə tutulan İran şahı Məhəmməd Rza nəhayət “tətil” üçün xaricə getdi. O ölkəni qeyri-populyar baş nazirin və vurnuxmada qalan hərbiyyənin ümidinə buraxıb gedirdi. 400 min nəfərlik İran ordusu Amerikanın silah və müşavirliyindən tam asılı idi.

Xomeyni ordunun təmkinini itirəcəyindən qorxurdu. Ordunun şaha sadiq ali komandanlığı ona nifrət edirdi. Bu da məlum idi ki, bu generallar ABŞ Hərbi Hava Qüvvələrinin prezident Carter tərəfindən müəmmalı missiya ilə Tehrana göndərdiyi general Robert E Huyserlə gündəlik qaydada danışıqlarda idilər.

Ayətullah 15 illik sürgündən sonra İrana qayıtmaq və şahın “tətilini” əbədi etmək əzmində idi. Odur ki, o belə bir şəxsi namə yazmışdı.

160603153049_khomeini_624x351_ap_nocredit

Qrammatik mənada birinci şəxsdə yazılmış məktubda Xomeyni Ağ Evi əmin etmək istəyirdi ki, 37 illik strateji müttəfiqini itirməkdən qorxmasın və ayətullahın özü də dost ola bilər.

“Siz özünüz görəcəksiniz ki, bizim amerikalılara xüsusi bir düşmənçiliyimiz yoxdur, – deyirdi Xomeyni. O inandırmağa çalışırdı ki, onun İslam Respublikası “humanitar bir dövlət olacaq, bütün bəşəriyyət üçün sülh və əmin-amanlığa töhfə verəcək.

Xomeyninin bu məktubu, ABŞ hökumətinin, üzərindəki məxfilik yenicə qaldırılmış sənədlərinin arasından çıxıb. Buradakı diplomatik teletayplar, siyasət memorandumları, görüş protokolları Amerika və Xomeyni arasındakı məxfi münasibətlərin tarixini açır.

Bu tarixçədən də görünür ki, Xomeyni özünün İrana qayıdışını yumşaq və dostyana tonla təmin edib.

Əslində Xomeyninin məktubu Parisdə artıq iki həftədir ki, onun de facto işlər müdiri ilə ABŞ hökumət nümayəndələri arasında davam edən danışıqalrın kulminasiya nöqtəsi olub. Bu sakit proses Xomeyninin İrana salamat qayıdışını və hakimiyyətə sürətli yüksəlişini və beləliklə də İran və Amerika arasında sonradan onilliklər ərzində davam edəcək gərgin münasibətləri təmin edib.

İranın rəsmi tarixinə görə Xomeyni Birləşmiş Ştatlara sinə gərən və “Böyük İblisin” şahi taxtında saxlamaq cəhdlərini cəsarətlə məğlub edən şəxsiyyət kimi təqdim olunur.

160604050809_3

Lakin sənədlər göstərir ki, Xomeyni ABŞ hökuməti ilə çox sıx münasibətlərdə olub.

Tam əksinə, sənədlərdən bəlli olur ki, ayətullah nəinki Amerikanı dəf etməyib, hətta onunla dialoq üçün sakit mesajlar göndərib, potensial İslam Respublikasının ABŞ-ın maraqlarına dost ölkə olacağını vəd edib.

Bugünədək keçmiş Carter administrasiyasının rəsmiləri israr edirlər ki, İran məsələsində necə hərəkət etmək barədə fikir ixtilafının olmasına baxmayaraq, Washington sonadək şahı və onun hökumətini möhkəm şəkildə dəstəkləyib.

Lakin sənədlər səhnə arxasında Birləşmiş Ştatların çox nyuanslı davranışını göstərir. Şahın İranı tərk etməsindən ikicə gün sonra ABŞ Xomeyninin elçisinə bildirirdi ki, onlar İran konstitusiyasının dəyişdirilməsinin prinsipcə əleyhinə deyillər, halbuki bu, faktiki olaraq monarixyanın devrilməsi demək idi. Bundan başqa amerikalılar Xomeyniyə daha mühüm bir məlumat vermişdilər: İranın hərbi liderləri öz siyasi gələcəkləri barədə müzakirəyə açıqdırlar.

4 onillik bundan əvvəl Amerika və Xomeyni arasında gedən proseslər heç də təkcə diplomatik tarix deyil. ABŞ-ın İslam Respublikasının içərisində praqmatik hesab etdiyi qüvvələrlə sövdələşmə arzusu bugünədək davam edir.

Kennediyə məktub

160604050809_4

Bu, Xomeyninin Washington-a üz tutduğu ilk dəfə deyildi.

1963-cü ildə ayətullah şahın ən kəskin tənqidçisi kimi hələ təzə-təzə tanınırdı. O iyun ayında şahın Kennedy administrasiyasının təzyiqi altında “Ağ inqilaba” başlamasını parlaq çıxışı ilə kəskin tənqid etmişdi. “Ağ inqilab” torpaq sahibliyi islahatı və qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi addımları nəzərdə tuturdu.

Xomeyni bu çıxışdan sonra həbs edilmiş, bunun dərhal ardınca üç gün davam edən zorakı etirazlar hərbiyyə tərəfindən çevik şəkildə yatırılmışdı.

Mərkəzi Kəşfiyyat İdarəsinin bu yaxınlarda məxfilikdən çıxarılmış bir sənədindən bəlli olur ki, 1963-cü ilin noyabrında Tehranda ev dustağı olduğu günlərdə Xomeyni prezident Kennedy-yə dəstək məktubu yazıbmış.

Bu məktub İran hərbiyyəsi etiraz aksiyalarının iddia edilən iki təşkilatçısını güllələyəndən iki gün sonra və Sovet liderinin İrana səfərinin ərəfəsində yazılmışdı. Məktubdan bu da hiss olunurdu ki, Xomeyni şahın sovetlərə doğru əyiləcəyindən qorxan ABŞ-ın hissiyatı ilə oynayırdı.

Xomeyni bu məktubda da şahın əsas himayədarını əmin etmək istəyirdi ki, onun Birləşmiş Ştatlarla heç bir davası yoxdur.

Qismən 2008-ci ildə açıqlanmış və “İranda İslam” adlanan və 1980-ci ilə aid MKİ təhlilində deyilirdi ki, “Xomeyni İrandakı Amerika maraqlarına qarşı olmadığını izah edirdi”.

Xomeyni ABŞ-a müraciətində deyirdi ki, əksinə Amerikanın mövcudiyyəti Sovet və Britaniya təsirlərinin qarşısını almaq üçün zəruridir.

160604050809_5

Səfirlik teletaypında olan bu məktubun tam mətni hələ də məxfi sayılır.

Prezident Kennedy-nin bu məktubu görüb-görmədiyini demək çətindir. İki həftə sonra prezident Texasda sui-qəsd nəticəsində öldürüləcəkdi.

Bundan bir il sonra Xomeyni İrandan sürgün edilmişdi. O şahın üzərinə yeni tənqid hücumuna keçmişdi. Bu dəfə şahı İrandakı ABŞ hərbçilərinə immunitet verdiyinə görə tənqid edirdi.

“Amerika prezidenti bilməlidir ki, o bizim xalqımız tərəfindən ən çox nifrət edilən şəxsdir” – demişdi Xomeyni sürgünə getməzdən az öncə.

15 ildən sonra Xomeyni Parisdə məskən salmalı olacaqdı. O indi İranı monarxiyadan azad etməyin bir addımlığında olan hərəkatın lideri idi. Lakin hətta qələbəyə bu qədər yaxın olduğu vaxtda da Xomeyninin ABŞ-a ehtiyacı vardı.

Əsas oyunçular

İran

Ayətullah Ruhulla Xomeyni – 1979-cu ilin əvvəllərində Parisdə sürgündə yaşayan şiə müsəlman lideri

Ayətullah Məhəmməd Beheşti – Xomeyninin İrandakı sağ əli, ABŞ-ın praqmatik kimi gördüyü şiə ruhanisi

İbrahim Yəzdi – Texasın Hyuston şəhərində yaşayan iranlı-amerikalı həkim. O Xomeyninin sözçüsünə və müşavirinə çevrilmişdi

Məhəmməd Rza şah Pəhləvi – İranın əvvəllər ABŞ tərəfindən dəstəklənən son şahı

Şapur Bəxtiyar – Şahın sonuncu baş naziri

Carter administrasiyası

William Sullivan – ABŞ-ın İrandakı səfiri

Cyrus Vance – ABŞ dövlət katibi

Warren Zimmermann – ABŞ-ın Fransadakı səfrilyinin siyasi müşaviri. Ondan ABŞ və Xomeyni arasında elçi kimi istifadə edilirdi

Robert E Huyser – ABŞ Hərbi Hava Qüvvələrinin generalı. Prezident Carter onu 1979-cu ilin yanvarında gizli missiya ilə Tehrana göndərmişdi.

Həlledici məqam

160604050810_6

1979-cu ilin yanvarında Xomeyni məqamı yetişmişdi, lakin o, ABŞ-ın son anda edə biləcəyi müdaxilədən, 1953-cü il çevrilişinin təkrar olunacağından çəkinirdi. 1953-cü ildə MKİ şahın taxt-taca qayıtmasına kömək etmişdi.

Şahın yeni baş naziri Şapur Bəxtiyar Xomeyninin yanvarın sonlarına planlaşdırılan gəlişinin qarşısını almaq məqsədilə hava limanına qoşun və tank birləşmələrini yeridəndən sonra vəziyyət partlayış həddinə çatmışdı.

Belə görünürdü ki, İran vətəndaş müharibəsinin bir addımlığındadır: Elit imperiya qvardiyası öz şahı uğrunda son damla qanınadək döyüşməyə hazır idi; İmam Xomeyninin fanatik tərəfdarları isə silahlı mübarizəyə və şəhidliyə hazır idilər.

Ağ Ev İranda vətəndaş müharibəsinin ABŞ-ın strateji maraqlarına problemlər yaradacağından narahat idi. Minlərlə ABŞ hərbi müşavirinin, F-14 qırıcıları kimi İrandakı təkmil Amerika silahlarının təhlükəsizliyi, həyatı neft təchizatı, İranda ən mühüm hakimiyyət təsisatı olan hərbiyyənin taleyi tərəzi gözündə idi.

Amerikanı şahın yıxılması, Xomeyninin hakimiyyətə yüksəlişi daha az maraqlandırıdı.

Lakin prezident Carter bundan əvvəl Xomeyni və hərbiyyə arasında sövdələşmə əldə etmək ideyasını rədd etmişdi.

İndi yaxşı tanınan 9 noyabr 1978-ci il tarixli “Ağlasığmaz şeylər haqqında düşüncələr” adlı səfirlik teletaypında ABŞ-ın İrandakı səfiri William Sullivan xəbərdarlıq edirdi ki, şahın taleyi həll olunub. O , israr edirdi ki, Washington şahı və onun yüksək rütbəli generallarını İrandan çıxarmalı, daha kiçik rütbəli komandirlər və Xomeyni arasında sazişə nail olmalıdır.

Sullivan-ın cəsarətli təklifi prezident Carter-i təəccübləndirmiş və onların sonrakı münasibətlərini korlamışdı.

Lakin yanvarın əvvəllərində prezident könülsüz olsa da, razılaşmışdı ki, müxalifətin sakitləşdirilməsi üçün şahın getməsi zəruridir.

Baş verəcək hərbi çevriliş barədə xəbərlərin gəldiyi bir vaxtda, yanvarın 3-də prezident özünün baş müşavirlərini toplamışdı. Qısa müzakirədən sonra qərara gəlinmişdi ki, şahı, guya California-da istirahətə getməsi bəhanəsi ilə İrandan çıxmağa razı salmaq lazımdır.

“Sözün həqiqi mənasında neytral ölkə olan İran ABŞ-ın uğursuzluğu kimi görünməməlidir” – demişdi prezident həmin iclasda.

Elə həmin gün Carter ABŞ silahlı qüvvələrinin Avropa komandanı general Robert E Huyser-i Tehrana göndərmişdi. O şahın generallarını “farağat oturmağı” tapşırmalı və onları baş nazir Bəxtiyara qarşı hərbi çevrilişdən çəkindirməliydi.

Lakin Bəxtiyar onu “şahın agenti” adlandıran müxalifət tərəfindən dəstəklənmirdi.

Sullivan Bəxtiyarın cəsarətini onun üzünə tərifləmiş, lakin arxasınca Washington-a demişdi ki, bu adam “göylə gedən Don-Kixotdur və ABŞ-ın heç bir məsləhətinə qulaq asan deyil”.

Dövlət Departamenti də Bəxtiyarın hökumətindən bir şey çıxmayacağını düşünürdü. Ağ Ev onu üzdə güclü şəkildə dəstəkləyir, lakin səhnə arxasında ona qarşı çevriliş barədə düşünürdü.

Milli təhlükəsizlik müşavirinin müavini David Aaron 1979-cu ilin 9 yanvarında öz rəisi Zbigniew Brzezinski-yə yazırdı ki, onun nəzərində ən düzgün yol Bəxtiyarı devirib hərbiyyə və Xomeyni arasında saziş əldə etmək və şahın hakimiyyətinə son qoymaqdır”.

“Ola bilsin ki, bu sazişi hərbiyyə Bəxtiyara qarşı hərəkət etmədən də əldə etmək olar” – yazırdı Aaron.

İki gün sonra, nəhayət prezident Carter sarsılmış və xərçəngin əldən saldığı şaha “dərhal çıxmağı” məsləhət gördü.

O vaxtlar ABŞ milli təhlükəsizlik bürokratiyası arasında belə bir fikir hakim idi ki, əvvəl-axır ayətullah və onun yaxın çevrəsi ilə iş görmək olar.

Xomeyni isə Washington-a öz mesajlarını göndərməkdəydi.

“Burada neftdən heç bir narahatlıq olmamalıdır. Bunu yalan deyirlər ki, İran ABŞ-a neft satmayacaq” – demişdi Xomeyni ona yanvarın 5-də Fransada baş çəkən amerikalı qonağa. Həmin qonaq öz məlumatlarını ABŞ səfirliyi ilə paylaşmışdı.

Yanvarın 11-də Ağ Evin Situasiya Otağında keçirilən həlledici görüşdə MKİ proqnoz vermişdi ki, Xomeyni özü geri çəkiləcək və mötədil, Qərb təhsilli tərəfdarlarının və sağ əli sayılan ayətullah Məhəmməd Beheştinin hökumət yaratmasına imkan verəcək.

ABŞ rəsmiləri Beheştini “nadir quş” hesab edirdilər: praqmatik idi, ingiliscə danışan bu universitet təhsilli ruhani Qərbdə yaşamışdı və Xomeyniyə yaxınlığı ilə seçilirdi. Qısası bu elə bir adam idi ki, amerikalılar onunla dil tapa bilərdilər.

“Biz Xomeynini təkcə təhsili cinsiyyət prinsipi ilə bölən və qadın haqlarına qarşı olan birisi kimi təqdim etməklə ədalətsizliyə yol vermis olarıq” – demişdi Dövlət Departamenti Kəşfiyyat Bürosunun o vaxtkı rəhbəri Philip Stoddard.

Prezident Carter isə indi arcxayın idi ki, general Huyser artıq Tehrandadır. Huyser əmrlərə tabe bir adam idi və İranın hərbi liderləri ona inanırdılar.

Orada ikən Huyser hərbiyyənin başında duranların temperaturunu müəyyən etməli və onları qürurlarının üstündən keçərək Beheşti ilə görüşə getməyə sövq etməli idi. ABŞ inanırdı ki, bu, Xomeyni ilə hərbi razılığa gəlinməsi ilə nəticələnəcəkdi.

Düyünün açılması üçün elə prezident Carter də öz qürururunun üstündən adlamalı olacaqdı. Yanvarın 14-də axşam ABŞ dövlət katibi Cyrus Vance Paris və Tehrandakı səfirliklərə telefonoqram göndərmişdi: “Biz qərara gəlmişik ki, Xomeyninin düşərgəsi ilə Amerika arasında birbaşa kanalın qurulması arzuolunandır”.

Məxfi görüşlər

160603152528_carter_sullivan_624x351_nationalarchives_nocredit

Yabnvarın 15-də, günorta ABŞ-ın Fransadakı səfirliyinin siyasi müşaviri Warren Zimmermann Paris yaxınlığındakı kiçik Neauphle-le-Château şəhərindəki sakit bir otelə gəlmişdi. Burada Xomeyni yaşayırdı. Zimmermann izlənməmək üçün bura öz rəisinin şəxsi Peugeot avtomobilində gəlmişdi. Maşının nömrələri diplomatik deyildi.

“Mən böyük bir yemək otağına daxil oldum və burada tək bir adam oturmuşdu. Bu Yəzdi idi” – deyə sonralar Zimmerman xatırlayırdı.

İranlı-amerikalı həklim İbrahim Yəzdi faktiki olaraq Xomeyni administrasiyasının rəhbəri idi.

Texas ştatındakı Hyuston şəhərinin sakini olan Yəzdi artıq Washigntondakı rəsmilər vasitəsilə MKİ əməliyyatçısına çıxış tapmışdı. Sonralar bu adamın liberal, antişah alim Richard Cottam olduğu bilinəcəkdi.

Xomeyni ilə birbaşa əlaqənin yaradılması son dərəcə həssas məsələ idi. Üstü açılsaydı, bu hadisə ABŞ siyasətindəki dəyişiklik kimi yozulacaqdı. Bütün dünyaya bəlli olacaqdı ki, Washington köhnə dostu şahdan əlini üzür.

Vaxt axarı

1953: Məhəmməd Rza şah Pəhləvi, İranın baş naziri ABŞ və Britaniya tərəfindən dəstəklənən çevrilişlə devrildikdən sonra hakimiyyətini bərpa edir

1963: Ayətullah Ruhulla Xomeyni şahı lənətləməklə məşhurlaşır

1964: Xomeyni həbs edilir və İrandan qovulur. O növbəti 15 ili Türkiyə və İraqda şah əleyhinə moizələr oxumağa həsr edəcək

15 yanvar, 1979: Xomeyni sürgündə olduğu Fransadan Carter administrasiyası ilə iki həftəlik dialoqa başlayır

16 yanvar, 1979: Ölkənin vətəndaş müharibəsinə sürükləndiiyi bir vaxtda şah İranı tərk edir

1 fevral, 1979: Xomeyni Tehrana qayıdır və burada küçələr boyu düzülmüş milyonlarla insan tərəfindən İran inqilabının lideri kimi alqışlanır

Elə həmin gün, bir qədər əvvəl dövlət katibi Vance Fransa hökumətini xəbərdar etmişdi ki, Washington təcili şəkildə Xomeyni qrupu ilə birbaşa kontakta daxil olmalıdır. Səbəb Tehranda Beheşti ilə İran hərbiyyəsi və təhlükəsizliyinin rəhbərləri arasında danışıqlara Xomeyninin dəstəyini almaq idi.

Beheşti Sullivan-la görüşümüşdü, amma təhlükəszilik mülahizələri ilə İran generalları ilə görüşməkdən imtina edirdi. Odur ki, Washington Xomeyninin öz müavini ilə əlaqəyə girib ona belə bir görüş üçün icazə verməsini istəyirdi.

160604050810_9

İkinci görüş üçün tez bir zamanda razılıq əldə edilmiş və Zimmermana tapşırılmışdı ki, İran generallarının şahın ölkədən çıxmasının ardınca hərbi çevriliş etmək planlarının ciddi olduğu, lakin Huyserin onları bu fikirdən daşındırdığını çatdırsın. ABŞ-ın İrandakı səfirliyindən Washington-a göndərilən məlumatda deyilirdi ki, ordu həmin müddətdə sakit dayanacqdı, bir şərtlə ki, onu təxribata çəkməsinlər.

Yanvarın 17-də prezident Carter öz gündəliyində yazırdı ki, Xomeyninin İrandan uzaqda qalması üçün əlindən gələni edir. Lakin elə ertəsi gün onun administrasiyası Xomeyniyə bildirmişdi ki, onun “əmin-amanlıq içində” vətəninə qayıtmasına heç bir problem yoxdur.

Carter administrasiyasının Xomeyni ilə danışıqlarının əsas məqsədi ayətullahla hərbiyyə arasında kövrək sazişə nail olmaqdı. Ola da bilərdi ki, Washington-da Xomeyninin yüksəlişini yavaşıtmaq, ya da onun niyyətlərini oxumaq istəyirdilər. Lakin sonunda onlar bu iki məqsəddən heç birinə çatmamaışdılar.

Xomeyniyə saziş yox, qəti qələbə lazım idi. Lakin Washington-la taktiki əlaqə Xomeyninin planlarına uyğun idi. Xomeyni əslində Carter administrasiyasının şaha və İran hərbiyyəsinə həqiqi sədaqətinin dərəcəsini müəyyən etmək məqsədilə açar suallar qoymuşdu.

Əslində bunu müəyyən etmək ayətullah üçün çox da çətin olmayacaqdı. ABŞ əlindəki kartları artıq göstərirdi.

“Nə, konstitusiyanın müdafiəsi?”

160604050810_10

“Biz konstitusiyanın dəyişdirilə bilməyəcyini demirik, lakin biz inanırıq ki, bu dəyişiklik əsaslandırılmış və qaydalı şəkildə ola bilər…” ABŞ-ın cavabında deyilirdi.

Zimmerman və Yəzdi üçüncü dəfə görüşəndə, onların bir-biri üçün şad xəbərləri vardı. 1979-cu ilin 18 yanvarı idi. Görüş elə həmin məkanda keçirdi. Paris ətrafında Xomeyninin yaşadığı yerə yaxın sakit karvansarada.

Yəzdi bildirirdi ki, Xomeyni Beheştinin generallarla görüşməsinə icazə verib. Elə Zimmermanın da ayətullah üçün müjdəsi vardı.

Bu iki nəfərin ikinci görüşü zamanı Washington Xomeyniyə xəbərdarlıq etmişdi ki, onun “qəfil dönüşü” fəlakətə səbəb ola bilər, beləki İran hərbiyyəsi konstitusiyanın müdafiəsinə qalxa bilər. Konstitusiyada isə yazılıb ki, monarxiya əbədiyyətədək dəyişdirilə bilməz”.

Amma konstitusiyanın müdafiəsi nə demək idi? Yəni monarxiyanın qorunub saxlanması? Yoxsa bu ordunun birliyini qopruyub saxlamaq üçün lazım idi? Xomeyni bu suallara açıq cavab istəmişdi.

Düzünə qalsa o vaxt bu sualların cavabını heç ABŞ-ın özü də bilmirdi. Yəni bilmirdi ki, İran hərbiyyəsi Pəhləvi rejimindən əl çəkib “yeni demokratik respublika çərçivəsində işləməyə” hazırdır, yoxsa yox?

Washington-a buna aydınlıq gətirmək üçün daha iki gün lazım olacaqdı. Amerikanın Xomeyniyə verdiyi cavab indiyədək, yəni 35 il məxfi saxlanmışdı. Bu cavab ondan ibarət idi ki, ABŞ İranın siyasi sistemi barədə narahatlığa malik deyil.

160604050810_8

Bütün rəsmi bəyanatlar kimi bu bəyanat da ümumi söz yığını ilə başlayırdı və məsələnin məğzi lap axırda idi.

“Biz konstitusiyanın dəyişdirilə bilməyəcyini demirik, lakin biz inanırıq ki, bu dəyişiklik əsaslandırılmış və qaydalı şəkildə ola bilər. Əgər ordunun birliyi qorunub saxlanarsa, biz inanırıq ki, İranın gələcəkdə hansı siyasi sistemi seçməsi bizim rəhbərlik üçün məqbuldur”.

Başqa sözlərlə, Washington prinsipcə monarxiyanın ləğvinə razı idi və prosesin tədrici və nəzarətli şəkildə olması şərtilə general Huyser-lə hər gün görüşən ali İran hərbiyyəsinin də bunu qəbul edəcəyini söyləyirdi.

Xomeyninin ən çox qorxduğu bu idi ki, Amerika, şahı xilas etmək üçün son anda çevrilişə əl ata bilər. Amma indicə aldığı işarədən bəlli olurdu ki, ABŞ şahın işini bitmiş hesab edir və onun istədiyi yeganə şey rüsvayçı vəziyyətə düşməmək üçün hərbiyyəni qorumaq və kommunistlərin hakimiyyətə gəlməsinə yol verməmək idi.

Hər dəfə olduğu kimi Xomeyninin administrasiya rəhbəri ayətullaha hesabat vermək üçün dəftəçəsində farsca “çoxsaylı” qeydlər edirdi.

Amerika diplomatı istəyirdi ki, İran elçisi mesajda nəyin deyildiyini dəqiq başa düşsün.

“Zimmermann konstitusiyaya aid hissələri oxusa da, Yəzdinin diqqətini ilk növbədə son iki cümləyə yönəldirdi. O, Yəzdiyə ABŞ-ın konstitusiya məsələsində sərt mövqe tutmadığını təlqin etmək istəyirdi” – deyilirdi Fransadakı Amerika səfirinin Washington göndərdiyi ayrıca teletaypda.

ABŞ Xomeyniyə bildirirdi ki, ordu təmkinini itirməkdədir. “Bu zabitlər qeyri-müəyyənlikdən qorxurlar, onlar planlanmamış gələcəkdən qorxurlar” – demişdi Zimmerman həmin görüşdə Yəzdiyə.

Washington ayətullahın orduya toxunulmayacağı ilə bağlı vədindən rahatlıq tapmışdı. Xomeyninin emissarı ABŞ-ı özünün təkmil silahlarını İrandan çıxarmamağa çağırırdı.

Yəzdi həmçinin aydınlıq gətirmişdi ki, İslam Respublikası İsraillə özünün yəhudi sakinləri arasında dəqiq fərq qoyacaq. Yəhudilər artıq İrandan dəstə-dəstə qaçmağa başlamışdılar.

“Siz Amerika yəhudilərinə deyə bilərsiniz ki, İrandakı yəhudilərin gələcəyindən narahat olmasınlar” – deyirdi Yəzdi.

160604050848_11

Həm Xomeyni, həm də Carter hərbiyyə və müxalifət arasında toqquşma olmasını istəmirdilər. Lakin onların bundan məqsədləri daban-dabana zidd idi.

Carter bir dəfə Sullivan-ın “yaralı heyvan” adlandırdığı ordunun qorunub saxlanmasını istəyidi. Onun məqsədi bu ordu ilə ABŞ-ın gələcəkdə İrandakı təsir gücünü saxlamaq idi.

Amma Xomeyni bu “yaralı heyvanı” sakitcə tələyə salıb bitirmək istəyirdi. Ordu rejimə uzunmüddətli hədə təşkil edə bilərdi. Odur ki, ordunun başdan məhrum edilməsi və demontajı Xomeyninin əsas məqsədi idi.

Beləliklə, Washington monarxiyanın gələcəyi və ordunun mövqeyi barədə Xomeyninin bütün suallarını cavablandırmış oldu. İndi növbə ayətullahın idi. Carter administrasiyası ABŞ-ın İrandakı əsas maraqlarının gələcəyinin necə olacağını bilmək istəyirdi. Bunlara investisiyalar, neft təchizatı, hərbi-siyasi münasibətlər və Sovet İttifaqına münasibət daxil idi.

Ertəsi gün Xomeyni bu sualların cavablarını yazılı şəkildə Yəzdiyə vermişdi.

Bu İslam Respublikasının sənətkatrlıqla yaradılmış portreti idi və Carterin bir ay əvvəl Qvadelupada keçirilən dünya liderləri konfransında dilə gətirdiyi baxışı güzgü kimi əks etdirirdi: Sovet hegemonluğundan azad, neytral, Amerikaya dost olmasa belə, inqilabı ixrac etməyəcək və Qərbə neft nəqlini dayandırmayacaq İran.

“Biz öz neftimizi ədalətli qiymətlə kim almaq istəsə, ona da satacağıq” – yazmışdı Xomeyni.

Onun cavabında deyilirdi ki, neft təchizatı, iki ölkəni – İsraili və Cənubi Afrikanı istisna etməklə tam şəkildə davam etdiriləcək.

Xomeyni yazmışdı ki, ölkənin inkişafı üçün İranın başqalarına, “xüsusilə də amerikalılara” ehtiyacı var.

Xarici investisiyalara gəlincə, Amerikanın bu işdə çox güman rolu olmalı idi. Ayətullah yazırdı ki, İran tank yox traktor almaqda maraqlı olacaq. Başqa sözlərlə bu həm də ona işarə idi ki, İran silah məsələsində ruslara da üz tutmayacaq.

“Rusiya hökuməti ateist və antidin hökumətdir. Əlbəttə ki, bizim ruslarla qarşılıqlı anlaşmaya gəlməyimiz daha çətin olacaq” – demişdi Yəzdi Zimmermana, – Siz xristiansınız və Allaha inanırsınız, amma onlar yox. Odur ki, biz ruslardan daha çox sizinlə yaxınlıq duyuruq”.

Xomeyni həmçinin regionu qarışdırmayacağını vəd edirdi.

160604050848_12

O yazırdı ki, “başqa xalqların işinə qarışmamaq” gələcək İran hökumətinin siyasəti olacaq.

Bu da deyilirdi ki, şah rejimindən fərqli olaraq, İslam Respublikası Fars körfəzində polislik etməyəcək və inqilabı ixrac etməyə cəhd göstərməyəcək.

“Biz Səudiyyə, Küveyt və ya İraqı xariciləri ölkələrindən qovmağa çağırmayacağıq” – yazmışdı Xomeyni.

İrandakı xaos onun ərəb qonşularını bərk qorxudurdu. Onlar narahat idilər ki, şah rejiminin süqutu ilə silahlı marksist qüvvələr hakimiyyətə gələ bilər. Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına daxil edilmiş ərəb qiymətləndirmələrinə görə Xomeyni və ya onun ideyalarına söykənən hökumətin uzun sürəcəyinə inam az idi.

Lakin ayətullah çox tezliklə onun hərəkatını dəstəkləmiş marksist qruplaşmaları məhv edəcəkdi. Solları sıradan çıxarmazdan əvvəl, Xomeyni və onun radilkalları Yəzdi kimi mötədilləri neytrallaşdırcaqdılar. Onları əsl inqilabçı yox, amerikapərəst olmaqda ittiham etmək o qədər də çətin olmayacaqdı.

<span >Yanvarın 24-də İslami İnqilab Şurasının əsas üzvləri ABŞ səfiri William Sullivan-la görüşmüşdülər. Onların arasında İslam Respublikası ədliyyəsinin gələcək rəhbəri ayətullah Musəvi Ərdəbili də vardı. Məhz bu şəxs yeni respublikada minlərlə siyasi opponentin kütləvi edamlarında əsas rolu oynayacaqdı.

Amerikalılar hətta onu da ağlabatan adam hesab edirdilər. O daha qətiyyətli idi, lakin “fanatik deyildi”, yazırdı Washington-a Sullivan.

Üç gündən sonra Xomeyninin özü birbaşa Ağ Evə müraciət etmişdi.

Özünün ilk birbaşa mesajında Xomeyni yazırdı: “Yaxşısı budur, siz orduya tövsiyə edəsiniz ki, Bəxtiyara tabe olmasın”.

Xomeyninin ricası üç məsələ üzərində qurulmuşdu: özünün rahat qayıdışı, konstitusiyalı hökumətin istefaya məcbur edilməsi və ordunun kapitulyasiyası.

Ayətullah bunu da ehtiyatla bildirmişdi ki, ordu divantutma əməliyyatlarına əl atsa, onun tərəfdarlarının zorakılığı İrandakı ABŞ vətəndaşlarına qarşı çevriləcək.

Bununla belə, o mesajı müsbət tonda bitirməyə çalışırdı və yazırdı ki, böhranın dinc yolla çözümünə böyük ehtiyac var.

Yəzdi bu mesajı Parisdəki ABŞ səfirliyinə gətirmiş və məktub buradan Ağ Evə teletayp edimişdi.

Yanvarın 27-də müdafiə naziri Harold Brown telefonla general Huyserə Xomeyninin məxfi mesajı və bu barədə Carter-lə müzakirə haqqında məlumat vermişdi. Bununla Brown Huyserə aydın şəkildə demişdi ki, Xomeyninin qayıdışı “taktiki” məsələdir və İran hakimiyyət orqanlarının ixtiyarına buraxılmalıdır.

Administrasiya Xomeyninin birbaşa kommunikasiyaya razılıq verməsindən məmnun idi və Washington-un Xomeyniyə cavabının bu yaxınlarda məxfilikdən çıxarılmış layihəsindən göründüyü kimi danışıqların davam etdirilməsini istəyirdi.

Layihə məktubunda Xomeyniyə öz hökumətini qurmaması tövsiyə edilir və bildirilirdi ki, siyasi böhran İran hökuməti ilə dialoq şəraitində çözülməlidir.

Məktubun mətni rəy üçün Tehrandakı ABŞ səfirliyinə göndərilmiş və orada heç vaxt Xomeyniyə çatmamaq üçün qovluğa qoyulacaqdı.

Lakin bunun məsələyə artıq elə bir dəxli yox idi. Ayətullah tezliklə İrana yollanacaqdı.

C varinatı

160608130014_ayatollah_khomeini_640x360_getty_nocredit

Washington artıq Xomeyninin əsas ricasına sakitcə razılıq vermiş, orduya hərəkət etməmək tapşırılmışdı. General Huyser İran hərbiyyəsini arxayın salmışdı ki, Xomeyninin qayıdışı özlüyündə “C variantının” tətbiqinə əsas vermirdi. C variantı hərbi çevrilişin kod adı idi.

Yanvarın 29-da baş nazir Bəxtiyar nəhəng daxili təzyiqin altında İranın hava məkanını Xomeyni üçün açıq elan etdi. Beləliklə, o özünün ikinci – B planına keçirdi: “Xomeyni öz mollalarını Tehran yaxınlığındakı dini mərkəz – Qum şəhərinə çəkməlidir”.

“Bu onu daha üzüyola edər və ən azı siyasi məsələlərə az müdaxilə etməsinə imkan yaradar” – demişdi Xomeyni dalğası onu süpürüb atmazdan iki həftə əvvəl Bəxtiyar Amerika səfirinə.

Ayətullahın gəlişindən iki gün əvvəl şahın baş komandanı Xomeyninin nümayəndələrinə zəmanət vermişdi ki, ordu artıq prinsipcə, “kabinet” də daxil siyasi dəyişikliyə qarşı deyil.

Amerika səfiri məmnun qalmışdı. “Belə görünürdü ki, hərbiyyə Xomeyninin gəlişi ilə barışıb və konstitusiya normalarının gözlənilməsi şərti ilə yeni islami hərəkatla əməkdaşlıq etmək niyyətindədir” – yazırdı Sullivan Washington-a.

Xomeyni Tehran aeroportuna fevralın 1-də səhər endi. Onu minlərlə tərəfdarı dövrələmişdi. Bir neçə gündən sonra o “öz baş nazirini” təyin etdi.

O vaxtadək hərbiyyənin hökumət formasının dəyişməsi ilə bağlı heç bir problemi yox idi, çünki dəyişiklik “legal və tədrici” qaydada edilmişdi, deyilirdi MKİ-nin yalnız 2016-cı ildə məxfilikdən çıxarılmış 5 fevral, 1979-cu il tarixli hesabatında.

Bu məqamda artıq ordunun bütövlüyü əhəmiyyətli dərəcədə aşılanmışdı. Bir çox kiçik zabitlər və müddətli xidmətdə olanlar Xomeyninin tərəfinə keçmişdilər.

Tezliklə hərbi-hava qüvvələrində də qiyam oldu. Müxalifət silahlanmışdı və marksist qrupların rəhbərliyi ilə paytaxt boyunca ordu qışlalarına basqınlar edirdi.

Hərbiyyə rəhbərliyi tammiqyaslı vətəndaş müharibəsi edəcək qədər cəsarətli deyildi. Onlar Bəxtiyardan xəbərsiz məşvərət keçirmiş və öz neytrallıqlarını bəyan etmişdilər. Şahın baş nazirinin həyatını xilas etmək üçün qaçmaqdan başqa çarəsi qalmamaışdı.

Xomeyninin ilk inqilabı qalib gələndə prezident Carter Washington-da deyildi. O həftəsonu xizək sürmək üçün Camp Davidin təpələrinə qalxmışdı. Bazar günü səhər, fevralın 11-də cənab Carter və onun dövləti katibi kilsədə idilər və onlarla rabitə yox idi.

Belə bir vəziyyətində prezidentin milli təhlükəszlik müşaviri Ağ Evin Situasiya Otağında təcili iclas toplamışdı.

Bir vaxtıar qüdrətli İran ordusu dağılmışdı, lakin Carter administrasiyasında ən şahpərəst adamlardan biri olan Brzezinski C variantı barədə düşünürdü. Lakin ona bildirdilər ki, ordunun indiki vəziyyəti ilə bu, mümkün deyil.

160603152627_zbignew_brzezinski_624x351_nationalarchives_nocredit

                      Karter administrasiyasında ən şahpərəst adamlardan biri Zbiqnev Bzejinski idi

Tezliklə general Huyser qapalı telefon xətti ilə Avropadan Situasiya Otağına bağlana bilmişdi. General az sonra Tehrana getdiyinə və şah hərbiyyəsini neytrallaşdıraraq Xomeyninin qələbəsinə yol açdığına görə şıdırğı tənqid atəşinə düşəcəkdi. Onun özü bu ittihamları qəti şəkildə rədd edirdi. Onun Washington-a yazdığı hesabatların əksəriyyəti bu gün də məxfi saxlanır.

Lakin fevralın 11-də onun tonu başqa idi. O hərbiyyənin bir tərəfə çəkilməsindən qətiyyən təəccüblənməmişdi.

“Biz daim hərbiyyəni razılaşmalara getməyə sövq edirdik – deyilir Huyserin telefon danışıqlarının mətnində, – Onlar birbaşa Bazarqanın yanına getməli idilər.

Mötədil islamçı Mehdi Bazarqan Xomeyninin yeni baş naziri idi.

Lakin hərbiyyənin etdiyi bütün güzəştlər Xomeynini qane etmirdi. Fevralın 15-də hərbiyyənin dörd yüksək rütbəli generalı ali məktəblərdən birinin damında tələm-tələsik edam edilmişdi. Bu, edamlar karuselinin yalnız başlanğıcı idi.

Bir çoxları bu qənaətə gəlmişdilər ki, kəşfiyyat uğursuzluqlarının və daxili ixtilafların girdabında olan Carter administrasiyası şahın sürətli süqutunun passiv müşahidəçisinə çevrilmişdi.

Lakin indi bəlli olur ki, ABŞ böhranın son mərhələlərində ayaqlarını hər iki düşərgədə bərkidərək şah rejimi süqutunun yumşaq enişlə baş verəcəyini gözləyirmiş.

Lakin Carter-in qambiti böyük yanılma ilə nəticələnmişdi. Əsas təhlükə diqqətdən yayınmış, Xomeyninin ambisiyaları lazımınca qiymətləndirilməmiş və onun hərəkətləri yanlış yozulmuşdu.

Carter-dən fərqli olaraq Xomeyni davamlı strategiya yürütmüş və öz partiyasını ustalıqla oynamışdı. İslam Respublikasının qurulmasına dair aydın məqsədlə hərəkət edən Xomeyni Amerikanın başını boş vədlərlə qatmış, onun niyyətlərini duymuş və qələbəyə doğru yürüş etmişdi.

Bir ildən də az müddət sonra ABŞ-ın işlər müvəkkilini və onlarca amerikalını girov götürən Xomeyni bəyan etmişdi: “Amerika heçcə nə edə bilməz”.

Bundan sonra o öz qələbəsinin birinci ildönümündə əsas manifestini elan etmişdi: İran Amerika imperializmi ilə bütün dünya boyunca vuruşacaq.

“Biz öz inqilabımızı bütün dünyaya ixrac edəcəyik, – deyirdi o, – Bu İslam inqilabıdır”.

Britaniya dəyərləndirməsi

Britaniyanın İrandakı səfiri Anthony Parsons 1979-cu il yanvarın 20-də yazırdı ki, “biz insan kütləsinin Xomeyninin İslam Respublikası ideyasını dəstəklədiyini bilirdik”.

Problem bunda idi ki, yazırdı Parsons, ordu Xomeyninin planlarını önləməyə psixoloji baxımdan hazır deyildi.

“Generallar şahın getməsinə və Bəxtiyara dəstək verilməsinə bir şərtlə razılaşmışdılar ki, monarxiya da daxil 1906-cı il konstitusiyası saxlansın” – demişdi Parsons yalnız 2013-cü ildə açıqlanmış teletaypda.

Səfir hesab edirdi ki, ordu Xomeyninin hegemonluq etdiyi respublikaya keçid mərhələsində nüfuzunu sınaya bilərdi.

Britaniya elçisi bu qənaətdə idi ki, hərbiyyə çevik bir şəkildə Xomeyni ilə bir araya gəlib sədaqətini ifadə etsəydi, ölkənin xilası üçün daha böyük şans yarana bilərdi.

Parsons-un səmimi qiymətləndirməsi də Carter administrasiyası ilə paylaşılmışdı.

ABŞ sənədlərindən görünür ki, bu teletayp hələ 1979-cu ilin 27 yanvarında vise-prezident Walter Mondale-in masası üstündə idi. Bu həmin gün idi ki, Xomeyninin Ağ Evlə ilk birbaşa kontaktı baş tutmuşdu.

Azadlıq.info

MÜZAKİRƏ

1 şərh Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsi – tarixi faktlar üçün

  1. Emin dedi:

    Ola bilər hər hasınsısa sövdələşmə olsun ancaq günümüzdə onun tam əksinin şahidi oluruq. İslam dünyasında Nüfuz sahibi olan iki dövlət İranla Ərəbistan hər ikisi eyni zamanda müsəlman dünyasına düşmən kəsilən satqınlardır.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...