Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Xristianlıqdan bütpərəstliyə, bütpərəstlikdən İslama…

Quranı bir nəfəsə oxuyacağımı düşünmüşdüm. Lakin gözlədiyim kimi olmadı. Hər sətiri bir neçə dəfə oxumaq ehtiyacı hiss etdim. Çünki sadə kitab deyildi. Məzmunu sanki mənim üçün xüsusi hazırlanmış “tez-tez verilən suallar və cavablar”la dolu idi…

1951-ci ildə Oreqonda dünyaya gəlmişəm. Ailəm 1635-ci ildə İspaniyadan Amerikaya köçmüşdü. Amerika Birləşik Ştatlarında tanınan ən qədim sülalələrdən biriyik. Deyilənə görə, babalarımızın bu yerlərə köçmələrinin səbəbi, onların dindar xristian olmaları idi. Əslən ingilis olan ailəm, kilsənin təzyiqindən xilas olaraq əvvəl İtaliyaya, oradan İspaniyaya, sonda isə Amerikaya gəlib orada yaşayıb. Bu zaman on ikinci nəsil dünyaya gəlib. Köçməyimizin səbəbi olan din anlayışımız, orta hesabla amerikalının din anlayışından çox da fərqlənmirdi. Atam hüquq üzrə professor, anam isə katolik və evdar xanım idi. Ailədə dörd uşağıq; iki bacım, bir qardaşım var. Valideynimizin yeganə arzusu, bizim həkim və ya vəkil peşələrindən birini seçməyimiz idi. Universitetə qədər olan həyatım xristian mühitində keçmişdi. Evdə uşaqlar arasında ən çox mənim oxumağa marağım vardı və düşünməyi sevən biriydim. Daim həyat haqqında düşünürdüm.

Varis olaraq xristian idim. Əsl mənada isə dindar xristian olmamışdım. Əsrlərlə ailəmin dini həyatında davam edən bəzi mənfi hallar mənə də təsir etmişdi. Tibb məktəbinin tələbəsi olaraq Prinstonda oxumağa başladım. Lakin tədris olunan dərslərdə insanın tərifi, xarakterizə edilməsi və insan adlandırılan məxluqlardan biri olmaqla bağlı fikirlər məni razı salmamışdı. İnsan müəyyən mexanizm kimi deyildi. O, yalnız bədəndən ibarət bioloji cihaz ola bilməzdi. Bu düşüncələr məni, tibb tarixini oxumağa istiqamətləndirdi. Bu kitabları dəlicəsinə oxuyurdum. Şərq mənbələrində qeyd edilən insan tərifi mənə çox təsir etmişdi. Bu məlumatlarda insana üç müxtəlif varlıq səviyyəsində nəzər yetirilir, onların qarşılıqlı münasibətlərindən bəhs edilirdi. İnsanda ruh, can və bədən meyarı mövcuddur. Bizim aldığımız təhsil, yalnız bədən meyarına əsaslanan və digər meyarları qəbul etməyən anlayışa malik idi. Buna görə də tibb məktəbindən uzaqlaşdım. Həkim olmağımı gözləyən ailəmin məktəbdən uzaqlaşmağımdan hələ xəbərləri yox idi. Ciddi çətinliklə qarşılaşmışdım. İnsan nə idi? Kim idi? Xristian dininə olan inamımı itirməklə yanaşı, Şərq dinlərilə bağlı əsərlər oxumağa başladım. Evimdə böyük kitabxana hazırladım. Düşüncə tarixi, tibb tarixi, dinlər və insanlarla bağlı olan hər şeyi kitabxanama əlavə edir, daim oxuyurdum. Bu oxuduqlarım məni bütpərəstliyə doğru aparırdı. Bütpərəstliyin insan anlayışı və nümunəsi mənə çox təsir etmişdi. Ən əsası isə sanki qərb insanının üzləşdiyi qarışıqlığı aradan qaldırır, bununla yanaşı, insanlara rahatlıq vəd edirdi. O zaman mənim ən çox ehtiyacım olan şey rahatlıq idi. Bu mövzuda oxuduğum kitabların sayı artırdı. Bütpərəstlərlə tanış oldum.

Bir qədər sonra bütpərəst oldum. Bu mənim üçün fərqli təcrübə idi. Sanki həyatdakı sualların cavabını bu dinlə birlikdə tapmışdım. Beynimdəki qarışıqlığın həll edildiyini hiss etdim. Bütpərəstliyin bütün versiyalarını öyrəndim. Vegetarian oldum. Bədən tərbiyəsi üçün lazım olan bütün idman hərəkətlərilərini öz üzərimdə tətbiq etməyə başladım. Xüsusən tənəffüs hərəkətlərini çox diqqətlə yerinə yetirirdim. Bir ara, bir ay davam edən asta hərəkət etmə, nəfəsi sayma və yeyib-içməyə diqqət etmək kimi hərəkətlərdən ibarət ağır bütpərəst ibadətinə başladım. Belə hallarda inadkar və səbrli olduğuma görə çox çətin olan bu mərhələni uğurla sona çatdırdım. Lakin daxilimdə razı qalmadığım bir cəhətim vardı. Beynimdə yenidən suallar yaranırdı. Müəyyən rahatlıq olsa da hərəkətsizlik idi. Həyatımda nə isə çatışmırdı, razı qala bilmirdim. Axtardığım şeyin bütpərəstlik olmadığı qərarına gəldim və yenidən axtarışa başladım. Yenidən fəal şəkildə kitablar aləminə qayıtdım. Məncə axtardığım cavab orada idi.

O zaman universitet həyatına geri qayıtmışdım. Fəlsəfə tarixi oxumağa başladım.

Universitetdə bir müəllimiz vardı. Müsəlman olmasa da ərəb geyimlərində dərsə gəlirdi. O, Nigeriyada işlədiyi zaman bu geyimi bəyənmiş və məktəbdə də geyinirdi. Bir gün ona çətinliklərimdən bəhs etdim. O, mənə Quran oxumağımı, axtardığım cavabların orada olduğunu bildirdi. Sonra mənə ingilis dilinə tərcümə edilən Quran hədiyyə etdi. Onsuz da kitab oxumağı çox sevən biri üçün Quranı oxumaq nəfəs almaq kimi bir şey idi. Lakin gözlədiyim kimi olmadı. Hər sətrini bir neçə dəfə oxumağa ehtiyac hiss etdim. Çünki sadə kitab deyildi. Məzmunu sanki mənim üçün xüsusi hazırlanmış “tez-tez verilən suallar və cavablar”la dolu idi. İlk dəfə idi ki, bir kitab mənə bu qədər təsir edirdi. İslam sahəsində araşdırmalara başladım. Axtardığım hər şey İslamda vardı. Lakin İslamı qəbul etməyə hələ hazır deyildim.

Müsəlmanlarla tanış olmağa başladım. İlk tanış olduqlarım şimali afrikalı müsəlmanlar idi.

Mədəniyyətləri və inancları ilə çox fərqli insanlar idilər. Müsəlmanların söhbətlərinə qulaq asmağa getdim. Bunlardan biri həyatımda dönüş nöqtəsi oldu. Söhbətdə, Türkiyədən gələn bir müəllimin də iştirak edəcəyini bildirdilər. Söhbəti bəzən ərəb dilində, bəzən isə türk dilində aparırdılar. Mən bu dillərdən heç birini başa düşmürdüm, amma bununla belə yenə də bunlar mənə təsir edirdi. Danışılan dil bizim danışdığımız dil deyildi. Başa düşməyiniz üçün də həmin dili bilməyiniz zəruri deyildi. Yalnız iman gətirməyiniz kifayət idi. Hələ müsəlman olmamışdım. Lakin namazlara qoşulub onlara baxırdım. Onların vəziyyətlərini başa düşməsəm də bu, mənə təsir edirdi. Bütpərəst olarkən tapa bilmədiyim hər şeyi burada tapmışdım. Həm hərəkət vardı, həm məlumat, həm də mənəvi həyat… Lakin daxilimdəki qüvvə hələ də məni müsəlman olmaqdan uzaqlaşdırırdı. Halbuki daxilən bu dinin doğru olduğuna artıq iman gətirmişdim. Bir cümə namazı idi. Namaz qılındı və namazdan sonra söhbət başladı. Həmin anda ayağa qalxıb məsciddə camaatın qarşısında və Allahın hüzurunda müsəlman olmaq istədiyimi bildirdim. İmamın yanına getdim və kəlimeyi-şəhadət gətirdim. Sanki həmin anda başqa varlıq idim. Qəribə hislər keçirirdim.

1980-ci il idi. Mənim iyirmi doqquz yaşım vardı. Bir tərəfdən müsəlman olduğuma sevinir, digər tərəfdən isə boşa gedən həmin illərə görə məyus olurdum. Camaatla birlikdə namazlara getdim. Ramazan ayında oruc tutdum. Eyni zamanda məktəbə gedirdim. Həyat yoldaşımla müsəlman olmamışdan əvvəl tanış oldum. Biz onunla təxminən eyni vaxtda müsəlman olduq, sonra isə evləndik. O da mənim kimi axtarışda olan insan idi. O, suallarının cavabını İslamda tapmışdı. Universitetdən sonra ərəb ölkələrinə, İslamın ana vətənini görməyə getdik. Bir neçə il orada qaldıqdan sonra Türkiyəyə səfər etdik. Türkiyədəki İslam fərqli idi. Daha qlobal və hamıya aid olan anlayış vardı. Belə ki, İslama əməl edənlər arasında mənə ən çox təsir edən türklər olmuşdu.

… İndi Amerikadayıq və həyat davam edir. Doqquz nəfərlik müsəlman bir ailə olduq. Bu günləri bizə göstərdiyinə görə Allaha şükür edirik.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir