Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yediyimiz “Halal”a haram qatılmasının qarşısı alınacaq – Təklif də var

“Nəzarətçilər ilahiyyat üzrə mütəxəssis olmalı, bütün şəriət kəsim qaydalarından dəqiq məlumatı olmalıdır.”

Ekspert: “Mümkündür ki, heyvan kəsimi İslam qaydalarına uyğun həyata keçirilsin, amma onun saxlanması və keyfiyyətində problem olsun”

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlərin formalaşdırılması və tətbiqi nəzərdə tutulur.

Din.az bildirir ki, Sputnik Azərbaycan-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Bu məsələdə əsas icraçı qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Digər icraçılar isə Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyidir. Qafqaz Müsəlmanları İdarəsinin bu mexanizmlərin formalaşdırılmasında iştirakı tövsiyə edilib. Mexanizmlərin formalaşdırılması 2019-2020-ci illəri əhatə edir.

“Halal” sertifikatın verilməsi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, ərzaq məhsullarında beynəlxalq standartlara uyğun bir neçə meyar olmalıdır: “Bu meyarlardan biri məhsulların tərkibində zərərli maddələrin olub-olmaması, onların saxlanma müddətinə uyğunluğu laboratoriyada test edilərək üzə çıxarmalı və bundan sonra sertifikatlaşma aparılmalıdır. Buna hazırlaşmalıyıq ki, bir müddət sonra Azərbaycan şirkətlərinin Avropa məkanına mal ixrac etmək imkanları daha da artacaq. Azərbaycan müsəlman əhalinin əksəriyyət təşkil etdiyi ölkədir və məhz bu səbəbdən dini həssaslıq da önə çəkilərək “Halal” sertifikatın verilməsi təklif olunur”.

Teoloq Hacı Adil Hüseynoğlu isə deyib ki, “Halal” sertifikatın verilməsi ilə bağlı qonşu ölkələrin təcrübəsinə baxmaq olar: “Məsələn, İranda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bununla bağlı qurum fəaliyyət göstərir və bu, “şəriət nəzarətçisi” adlanır. Bu nəzarətçilər ilahiyyat üzrə mütəxəssis olmalı, bütün şəriət kəsim qaydalarından dəqiq məlumatı olmalıdır. Burada heyvanın damarlarının kəsilməsi, qibləyə tərəf qoyulması, elektrik avadanlıqlarından istifadə və digər çoxlu xırdalıqlar var. Ona görə də bu sahədə xüsusi təlim keçmiş ilahiyyatçılar olmalıdır ki, nəzarətçi kimi fəaliyyət göstərə bilsinlər”.

Onun fikrincə, bu işi ilahiyyat fakültəsini bitirmiş şəxsin öhdəsinə buraxmaq düzgün deyil: “Bu, çox ciddi məsələdir və “Halal” sertifikatı verən qurum seçilmiş dini şəxsləri bura dəvət etməlidir ki, səhlənkarlıq, boşluq olmasın. Məsələn, İranda müəssisələrin kəsim sexlərinin hamısında “şəriət nəzarətçisi” olur. Həmin şəxs kəsim prosesinə nəzarət edir. Heyvan kəsim prosesində incəliklər olduğu üçün həmin nəzarətçilərə xüsusi kurslar keçirilir. Bu təcrübəni Azərbaycanda tətbiq etmək olar”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...