Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yeni məscid Ağdam şəhərindəki məscidin layihəsi əsasında bərpa edilir – Ağdamdan REPORTAJ

Yaşadan, yaradıb-qurmağa sövq edən ÜMİD!

Hər dəfə hazırda Ağdamın mərkəzi hesab olunan kəndə – Quzanlıya ayaq basanda ilk növbədə ürəyimdən dərin bir sızıltı keçir. Həm təbiəti, həm təbii sərvətləri, həm iqtisadiyyatı, həm inkişafı ilə 6-7 aran rayonuna meydan oxuyan möhtəşəm Ağdamım, ecazkar torpağım! Dünyanın heç bir yerində tayı- bərabəri olmayan Şellinin narını, Qiyaslının gilasını, Mərzilinin tutunu, Gülablının balını, Qasımlının əzgilini, İsmayılbəylinin armudunu, Novruzlunun üzümünü, Bağbanların heyvasını, Qərvəndin almasını hər yerdə gözümüz axtardı. Şəhərimiz kimi, onlar da qeybə çəkilib, tapa bilmədik. Aldılar əlimizdən o gözəl şəhərimizi, bənzərsiz 87 kəndimizi, qoydular bizi cəmi –cümlətanı 10 kəndin ümidinə… Sındırdılar ağdamlıların tikib-quran, xarüqələr yaradan əl-qolunu…

Bəli, ilk növbədə belə düşünürəm… Amma bu neqativ düşüncələrdən qurtarmaq üçün işğal olunmayan, hazırda erməni qəsbikarları ilə göz-gözə dayanan kəndlərimizdəki inkişaf gözümüz qarşısında canlanır. Son 10 ildə tanınmaz dərəcədə dəyişən, yenidən qurulan, abadlıq işləri bu gün də davam edən obalarımızdan anlayıram ki, deyəsən ağdamlıların əl-qolu tikib-qurmaqdan, yaratmaqdan elə də çox soyumayıb. Bu gün də Ağdam rayonunda tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Son 2-3 ayda yeniliklərin sayı daha çox artıb.

Quzanlıda müasir standartlara uyğun mərkəzi rayon xəstəxanası, uşaq xəstəxanası, doğum evi, məktəblər, rayon təhsil şöbəsinin, qaz və yol istismar idarələrinin inzibati binaları, avtovağzal və idman kompleksləri, uşaq bağçaları və digər vacib obyektlər çoxdandır ki, ağdamlıların istifadəsindədir.

Həmsöhbət olduğumuz köçkünlər bildirdilər ki, qəsəbədə indi də qonaq evi inşa edilir.

Ağdamın inkişafını sizə də göstərmək ücün yolumuz təmas xəttindəki kəndlərə – daha dəqiq Seyid Lazım ağanın Cəmənli kəndində yerləşən ziyarətgahınadı.

Yolüstü Xındırıstan kəndində də ayaq saxlayırıq. Xındırıstanda 1907-ci ildə kənd sakini Hacı Cabbar tərəfindən inşa edilən məscid binası və məişət evi əsaslı təmir olunur. Maraqlı odur ki, məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq, məsciddə qoşa minarə, həyətdə yas və ehsan mərasimləri üçün iki zal da inşa olunur. Məscidin ərazisində abadlıq işləri də aparılacaq. Təmir-bərpa və tikinti işlərinin bu il yekunlaşdırılması nəzərdə tutulub.
Hələ üstəlik kənddə istirahət parkı da salınır. Xındıstanın ən böyük ərazi nümayəndəliyi olan Birinci Yüzbaşılı kənd tam orta məktəbi üçün 132 şagird yerlik yeni binanın inşası yekunlaşmaq üzrədir. İkimərtəbəli bina sinif otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, kimya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və digər otaqlardan ibarətdir. Artıq binada dəmir-beton, hörgü və suvaq işləri başa çatıb, məktəbin damı və döşəməsi vurulub, qapı və pəncərələr qoyulub. Həyətdə qazanxana, nasosxana inşa edilib. İndi binanın fasad hissələrinə üzlük vurulur, həyətə tamet daşa döşənir. Tikinti işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında” 2018-ci il 5 noyabr tarixli sərəncamına əsasən aparılır. Bu da gələcək nəsilə, eyni zamanda təhsilə qayğının bir göstəricisidir.

Yollar! Kolqışlaq-Mirəşəlli-Əhmədağalı-Çıraqlı avtomobil yolunun tikintisi başa çatdırılıb, istifadəyə verilib, necə deyərlər, yollar şüşə kimidir. Yolların kənarı ilə meyvə ağacları və bəzək kolları əkilib. Mətbuata verilən məlumata görə, təkcə bu il rayon ərazisində üç mindən çox ağac əkilib.
Bənövşələr qəsəbəsi ərazisində böyük idman meydancası nəzərimizi cəlb edir. Burda tez-tez idman oyunları, yarışlar keçirildiyini sürücümüz Bəhruz Aslanov vurğulayır. O deyir ki, bu yaxınlarda əhalinin maraqla izlədiyi böyük bir idman yarışı keçirildi: “Aprel döyüşlərində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri camaatımıza əsl bayram əhval-ruhiyyəsi bəxş elədi. 20 gün davam edən yarışda rayonun 16 cəbhəyanı kəndindən, məcburi köçkün qəsəbələrdən və bir hərbi hissədən ümummilikdə 8 komanda iştirak etdi. Yarış o qədər maraqlı oldu ki, hətta ətraf rayonların əhalisi də turniri izləməyə gəlmişdilər. Tədbir iştirakcıları turnirin təşkilatcısı Elgün Rəhimovdan xahiş etdilər ki,növbəti dəfə milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş tədbirlərə start versinlər ”.

Marağımı saxlaya bilmədim:

– Birinci yerə kimlər çıxdı?

– 1-ci yeri Bənövşələr qəsəbəsinin, 2-ci yerə Üçoğlan kəndinin, 3-cü yeri isə şəhid R.Orucovun bir vaxtlar komandiri olduğu “N” saylı hərbi hissənin komandası tutdu. Cox maraqlı yarış idi, 20 gün diqqətlə izlədim.

Təmas xəttində yerləşən kəndlərdə evlərin də, məişət obyektlərinin də siması əməlli-başlı dəyişib, yenilənib. Burda erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından atdığı mərmilər xeyli evə ziyan vurub. Zərər dəymiş 121 evin bərpası da Prezidentin sərəncamına əsasən, davam etdirilir. İcra Hakimiyyətinin tikinti briqadası haqqında bir təşəkkürü də oxucularımızın diqqətinə çatdırmaq istərdik.1993-cü ildə Quzanlıda tikilib, köçkünlərin istifadəsinə verilmiş 1-ci Daş evlər qəsəbəsində evləri təmir edilən bir qrup

köçkün: Məleykə Aslanova, Xurşud Rüstəmova, Lalə Hacıyeva, Zabil Məmmədov, Nəbi Əhmədov, Bəxtiyar Məmmədov və başqaları bizim vasitəmizlə həm İcra hakimiyyətinin başcısı Vaqif Həsənova, həm iş icracısı Azər Mirzəyevə, həm də işini kefiyyətlə görən briqada üzvlərinə təşəkkür etməyimizi istədilər.

Yeri gəlmişkən, camaatın bəyəndiyi və alqışladığı xeyirxah bir əməldən də söhbət açmaq istəyrik. Deməli, rayonun Quzanlı və Bənövşələr qəsəbələrində subartezian quyuları qazılıb və Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Asif Məhərrəmov, Muxtar Qasımov, Canpolad Rzayev, Nadir Əliyev, 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş polkovnik-leytenant Raqub Orucov adına bulaq tikilib. Bu səbəbdən də bulağın açılış mərasimində rayon ictimaiyyəti, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, qəsəbə sakinləri sevinclə iştirak edib. Bu işin təşəbbüsçüsü isə “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyidir. Tədbirdə iştirak edən birliyin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqaları sakinləri subartezian quyularının və bulaqların istifadəyə verilməsi münasibətilə təbrik etdilər.

Mahirə xanım vurğuladı ki, bundan əvvəl də Ağdam rayonunun işğal altında olmayan ərazilərində İctimai Birlik tərəfindən iki ədəd subartezian quyusu və iki bulaq istifadəyə verilib.

Gəldik çatdıq!Bu da Seyid Lazım ağanın ziyarətgahı! Ziyarətgahın həyətindən işğalda olan ərazilər, xüsusən, dağlar aydınca görünür. Üzümü qiblə tərəfə deyil, üzü dağlara sarı tuturam. Axı mənim qibləm də, qibləgahım da o dağlardı, işğalda qalan o yurdlardı. Əllərimi göylərə qaldırıb, Qüdrətli Yaradandan ağlaya-ağlaya, israrla bir gün yurdlarımıza dönməyi istəyirəm.

Gəldiyim yollarla geri dönürəm və eyni zamanda aydınlaşdırmağa çalışıram!Ağdamlılar köçkün olsalar da belə, niyə bu qədər yorulmadan-usanmadan tikib-qururlar? Bilirsiniz niyə? Ümid! Ümid yaşadır onları! Səmimi qəlbdən inanırlar ki, bir gün öz doğma ocaqlarına dönəcəklər, düşmənə inad yenidən daha möhtəşəm Ağdamı yaradıb quracaqlar! / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...